YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir

Müsahibimiz Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov

- Eldar müəllim, bildiyimiz kimi müstəqil Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf edir. 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Bu dövrü necə səciyyələndirərdiniz?

- Bugünkü reallıqlar və faktlar sübut edir ki, aparılan düzgün və məqsədyönlü siyasətin bəhrəsi olaraq Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilməklə, dünyanın davamlı olaraq inkişafda olan dövlətidir. Söz yox ki, əldə olunan böyük nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Daha açıq və aydın şəkildə desək, Ulu Öndər Heydər Əliyevin ideyalarının, müəyyənləşdirdiyi strategiyanın reallığa çevrilməsində müasir dövrün müdrik LİDERİ, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik, praqmatik siyasəti mühüm rol oynayıb. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ulu Öndər Heydər Əliyev canından artıq sevdiyi xalqına tarixi müraciətində demişdir: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Azərbaycan xalqı böyük səs çoxluğu ilə 2003-cü oktyabrın 16-da keçirilən prezident seçkilərində cənab İlham Əliyevi Prezident seçərək Ulu Öndər Heydər Əliyevin ideyalarının və siyasətinin davam etdirilməsinə səs vermiş oldu. 2003-cü ildə dünyanın ən gənc prezidentlərindən biri kimi fəaliyyətə başlayan İlham Əliyev xalqın etimadını və inamını doğrultmaqla dünya xalqlarının həsədlə baxdıqları böyük uğurlara, nailiyyətlərə imza atdı. Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada yeri və rolu möhkəmlənməklə yanaşı, ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, hüquq və azadlığın ən yüksək səviyyədə təmin olunmasına nail olundi. Son 16 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin əldə edə bilmədikləri uğurları qazana bilmişdir. Belə ki, ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırılmışdır. Ümumilikdə, bu illər ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Bu isə müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxmışdır. 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək, 2018-ci ildə dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə qalxmış, dünyanın bir çox ölkələrini geridə qoyaraq Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqe tutmuşdur. Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yeri tutmuşdur. Bu forumun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə dünya ölkələri içərisində 30-cu yeri tutur.

- Bu gün Azərbaycan öz inkişafının yeni mərhələsindədir. Bu mərhələdə əldə olunan nəticələri necə dəyərləndirirsiniz?

- Birmənalı şəkildə demək olar ki, cənab İlham Əliyev 2003-cü ilə qədər artıq dünyada tanınan və qəbul olunan dövlət xadimi idi. O, milli və dövlətçilik maraqları naminə hər zaman fəallığı ilə seçilmiş, Ulu Öndər Heydər Əliyevin neft strategiyasının hazırlanması və həyata keçirilməsində önəmli rol oynamış, Milli Olimpiya Komitəsinə başçılıq etmiş, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi çox məsul vəzifələrdə çalışmışdır. Eyni zamanda cənab İlham Əliyev iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi, siyasi və mədəni əlaqələrinin daha da genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə danışıqlar aparılmasında, bu sahədə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında böyük xidmətləri olmuşdur. Məhz cənab İlham Əliyevin ölkəmizin neft strategiyasının həyata keçirilməsində fədakarlıq və mübarizlik nümayiş etdirməsi nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır. Qətiyyətlə demək olar ki, hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan mühüm rola malikdir. Belə ki, Azərbaycanın yaxından iştirak etdiyi nəhəng transmilli layihələrin reallaşması Avrasiyanın enerji və nəqliyyat xəritəsində ciddi dəyişikliklər yaratmışdır. 2018-ci il mayın 29-da “Cənub Qaz Dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olmuşdur. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətinin artmasında, Qərb ölkələri ilə münasibətlərin daha yüksək pilləyə qalxmasında vacib əhəmiyyət daşıyır. Əgər 1994-cü il sentyabrın 20-də Ulu Öndərimiz Heydər Əliyev əfsanə kimi görünən “Əsrin müqaviləsi”ni reallığa çevirmişdirsə, 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev “Yeni əsrin müqaviləsi”ni gercəkləşdirdi. Həmin tarixi gün Azərbaycan 6 ölkənin 11 şirkəti ilə 2050-ci ilə qədər "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən işlənmiş saziş imzaladı. Bununla Azərbaycan hökuməti dünyanın böyük enerji şirkətləri arasında uzunmüddətli əməkdaşlığın təməlini qoydu.

- Ölkəmizdə uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir. Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır...

- 2019-cu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşündə torpaq uğrunda canlarını qurban vermiş şəhidlərimizə böyük ehtiram bəsləndiyi və şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərildiyi bildirildi. Prezident İlham Əliyev şəhid ailələri ilə görüşündə torpaq, Vətən uğrunda həlak olan, şəhidlik zirvəsinə yüksələn şəhidlərimizə bir daha ehtiramını bildirməklə 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın işğal edilməsini, 1 milyondan çox soydaşımızın qaçqın, məcburi köçkün vəziyyətinə düşməsini xatırladaraq demişdir: “Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, - mən bunu dəfələrlə demişəm, - əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi”.

2018-ci ilin prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk imzaladığı fərman “Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” fərman olmuşdur. Sənəddə bu qəbildən olan insanların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Prezidenti 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında bu məsələyə yenidən qayıdaraq demişdir: “Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, – o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar, – mənim sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur. Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür. Burada, əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq”. Bu göstərişdən sonra şəhid ailələrinin vərəsələrinə 11 min manat ödəniş yerinə yetirilmişdir.

Ümumiyyətlə demək olar ki, 2019-cu il bir sıra sosial-iqtisadi islahatlarla yadda qalmaqdadır. Azərbaycan Prezidentinin 2019-cu ilin fevral ayında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanları, eləcə də bu ilin senytabr ayının 1-dən büdcədən maliyələşən təşkilatlarda çalışan işçilərin orta aylıq əmək haqqının 20-50 faiz artırılması, oktyabr ayının 1-dən isə minimum pensiyanın 200 manata çatdırılmasına dair müvafiq sənədlərin imzalanması əhalinin sosial maraqlarının müdafiəsinə və rifah halının yaxşılaşmasına göstərilən diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə orta aylıq əmək haqqının minimum məbləğinin bu il ərzində 130 manatdan 250 manata, minimum pensiyanın isə 200 manata çatdırılması yüz minlərlə əhalinin rifah halının yaxşılaşmasına təsir edəcəkdir. Həm peşə, həm də ümumtəhsil məktəblərində diaqnostikadan keçən müəllimlərin maaşlarında isə 20 faiz artım olacaq və son iki ildə bu kateqoriyadan olan şəxslərin maaşları 40 faizə qədər artmışdır.

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında, yaşadığı cəmiyyətdə görməkdədir. Bu isə bir dah təsdiq edir ki, Azərbaycan düzgün və işıqlı yoldadır. Məhz bu baxımdan Azərbaycan xalqı Prezident İlham Əliyevin daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir, Ona inanır və etibar edir. Bu belədir və təbii ki, bundan sonrada belə davam edəcəkdir.