YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

«Əkinçi»dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir

   YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə

- Vüqar müəllim, milli mətbuatımızın yaranmasının  143-cü ildönümü ərəfəsindəyik. Arxada qalan hər il bu  zənginliyə yeni əlavələr edir.  Bir əsr yarıma yaxın olan   bu dövrü necə xarakterizə edərdiniz?

- Öncə  milli mətbuatımızın 143-cü ildönümü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları, dövlətçiliyimizin möhkəmləndirilməsinə davamlı töhfələr verməyi arzulayıram.

Milli mətbuatımızın «Əkinçi»dən bu günə qədər  keçdiyi yol keşməkeşli və şərəflidir. 143 illik tarixi 4 mərhələyə bölmək olar:  "Əkinçi" qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər  olan dövr,  Cümhuriyyət dövrü,  sovet dövrü və   müstəqillik dövrü.

2018-ci ilin  dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan olunması Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı dövrlərinin təhlilini bir zərurət kimi ortaya qoyduğundan mətbuatımızın da məhz  bu mərhələsinə  diqqət yönəltmək istərdim. Bütün dövrlərdə mətbuat  həqiqət carçısı kimi çıxış etmiş, dövrün reallıqlarının ictimaiyyətə dolğun şəkildə çatdırılmasına səy göstərmişdir.

Möhtərəm Prezidentimiz  İlham Əliyevin məlum Sərəncamında da qeyd olunduğu kimi, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

1918-ci il may ayının 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq,   üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Bu dövrün reallıqları mətbuat səhifələrində işıqlandırıldı, cəmiyyətin informasiya tələbatının ödənilməsi üçün mühüm addımlar atıldı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsindən sonrakı dövrdə, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi,  Azərbaycan mətbuatının inkişafında da  keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən etibarən azad, müstəqil mətbuatın inkişafı istiqamətində davamlı addımlar atıldı, inkişafa mane olan  süni maneələr aradan qaldırıldı, qanunvericilik bazası formalaşdırıldı,  KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması yönümündə  mühüm tədbirlər həyata keçirildi.

- 1993-2003-cü illəri əhatə edən  dövrün ən mühüm  addımı mətbuatın üzərindən senzuranın götürülməsi idi. Bu addım  azad mətbuatın inkişafının dövlətin həyata keçirdiyi humanizm siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirdi…

- Yarandığı gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan müasir müstəqil Azərbaycan Respublikasının  bu istiqamətdə  qazandığı uğurların  miqyası genişdir.  Ümummilli lider Heydər Əliyev demokratik cəmiyyətin  varlığını təsdiqləyən bütün atributların  ölkəmizdə bərqərar olmasını  fəaliyyətinin əsası kimi qəbul edərək, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin informasiya tələbatının ödənilməsi kimi  məsələləri öndə saxlayırdı.  1995-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan  Komissiya tərəfindən işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan Milli Konstitusiyamızda  demokratik cəmiyyətin varlığını şərtləndirən bütün sahərin inkişafına  xidmət edən müddəalar öz əksini tapıb. Eyni zamanda hər sahənin, ümumilikdə isə ölkənin hərtərəfli inkişafına xidmət edən   qanunların qəbulu və zamanın tələbinə uyğün olaraq təkmilləşdirilməsi də  daim diqqətdə saxlanılmışdır.

Əvvəldə də qeyd etdiyim kimi,  dahi şəxsiyyət Heydər Əliyevin  müstəqil mətbuatın inkişafında xidmətlərindən bəhs edərkən ilk olaraq  Ulu Öndərin 6 avqust 1998-ci il tarixli  «Azərbaycan Respublikasında  söz, fikir və mətbuat azadlığının təmir edilməsi sahəsində tədbirlər haqqında» fərmanı ilə  mətbuatın üzərindən senzuranın götürülməsi qeyd edilir.  Təbii ki, senzuranın mövcudluğu şəraitində mətbuatın  müstəqilliyindən danışmaq qeyri-mümkün idi.   Bu qətiyyətli addım  yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı.  Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın  inkişafına xüsusi önəm verən,  jurnalist əməyini daim  yüksək dəyərləndirən ulu öndər Heydər Əliyevin sonrakı dövrlərdə imzaladığı Fərman və Sərəncamlara, qəbul olunan  qanunlara diqqət yetirsək, hər biri özlüyündə gələcək inkişafa xidmət edən addım idi. Qəzetlərə birdəfəlik maliyyə  yardımları verildi, KİV-lərin  maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı təsdiqləndi,  həmçinin   «Kütləvi İnformasiya Vasitələri haqqında»,  «Məlumat azadlığı haqqında» qanunlar qəbul olundu. Ümummilli  Liderin humanist addımlarından biri də  qəzetlərin «Azərbaycan» nəşriyyatına borclarının dondurulması idi. Dahi şəxsiyyət Heydər Əliyevin hər addımında azad mətbuatın inkişafına verilən önəm diqqəti xüsusilə cəlb edir. Milli mətbuatımızın yubileylərinin keçirilməsi, qəzet redaktorları ilə mütəmadi görüşlərin keçirilməsi,  onları narahat edən məsələlərlə yaxından tanış olub, aidiyyəti  qurumlara göstərişlər verilməsi də həmin dövrün mühüm addımları sırasındadır.  Ümummilli liderimiz  jurnalist əməyini belə dəyərləndirirdi: «Jurnalist  əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə  vurğunluq tələb edən əməkdir.»

Təbii ki, Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazılan 1993-2003-cü illəri əhatə edən  bu mərhələdə atılan addımları və onların uğurlu nəticələrini bir sual çərçivəsində əhatə etmək mümkünsüzdür. Qısa  xronologiya  mətbuatın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Bu dövrün mühüm  uğurlarından biri də  2003-cü ilin martında  mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirmək məqsədilə  Mətbuat Şurasının yaradılması oldu.

Məlumdur ki, hər bir cəmiyyətdə uğurlara  yol açan mühüm amillərdən biri də  mövcud problemləri, qüsurları  görmək və onların həlli üçün ciddi səylər göstərməkdir. Ümummilli lider Heydər Əliyev jurnalistləri obyektiv olmağa çağıraraq bildirirdi:  «Mətbuat azadlığından, söz azadlığından sui-istifadə edib, xüsusən iqtidara qarşı cürbəcür böhtan, yalan yazanlar, uydurmalar yayanlar cinayət edirlər.» Ulu Öndərin  diqqət və qayğısından irəli gələn bu kimi addımlar  məsuliyyət hissinin və peşəkarlığın artırılmasını bir tələbə çevirmişdir. Şübhəsiz ki, cəmiyyətin güzgüsü missiyasını  dolğun şəkildə yerinə yetirmək hər bir media nümayəndəsindən güclü  vətənpərvərlik hissinə sahib olmağı  tələb edir. Ümummilli lider Heydər Əliyevin  2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi  1993-cü ildən başlanan  inkişaf yolumuzda  mətbuata göstərdiyi diqqət və qayğıya verilən dəyərdir.

- Vüqar müəllim,  müstəqillik tariximizin  2003-cü ildən sonrakı dövründə mətbuatımızın keçdiyi yolu  necə dəyərləndirirsiniz?

- Son 15 ildə Ulu Öndər  Heydər Əliyevin siyasətinin möhtərəm  Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi   digər sahələr kimi, müstəqil mətbuatın inkişafında da  aydın görünür. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, KİV-lərə birdəfəlik maddi yardımların verilməsi və s. kimi addımlar fikrimizə əyani sübutdur. Bu baxımdan bu günlərdə cənab İlham Əliyevin  ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncamını xüsusi qeyd etmək istərdim.  Sənədə əsasən, qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin  Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılması mətbuata dövlət qayğısının yeni parlaq təzahürüdür.

Yaranmasından keçən  9 ildən artıq dövrdə  uğurlu fəaliyyəti ilə müstəqil mətbuatın inkişafına öz töhfələrini verən KİVDF möhtərəm Prezidentimiz İlham Əliyevin 2008-ci ildə təsdiqlədiyi «KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası»na uyğun olaraq  fəaliyyət göstərir.  Fondun həyata keçirdiyi layihələr, fərdi yazı müsabiqələri  jurnalistlərin  yaradıcılıq imkanlarının, məsuliyyət hissinin  və peşəkarlığının artmasına dəstəkdir.   Dövlətimizin  başçısı cənab  İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılış mərasimində  qeyd etdiyi kimi,   peşəkarlıq artdıqca, jurnalistikada  reket məsələləri də  aradan qaldırılacaq:  «Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan  başqa məqamlar da aradan  qaldırılacaqdır.  Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır.»  Ölkə Prezidenti,  eyni zamanda, bu məqamı da xüsusi vurğulayır ki, KİV-lərə  dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik  prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai  rəyə təsirinin gücləndiyi müasir dövrdə  mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.

Milli mətbuatın 130, 135 və 140  illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə «Əməkdar jurnalist» fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, təltiflərə layiq görülmələri  və digər mühüm tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirir. Bu əsas məqamı da qeyd edək ki,  Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq 2006-cı ildə qəzetlərin «Azərbaycan» nəşriyyatına  olan 450 min ABŞ dolları məbləgində borcu dövlət büdcəsi hesabına ödənilmişdi.

Məhz bu kimi davamlı  addımlar dövlətimizin başçısı cənab İlham Əliyevin son 15 ildə 3 dəfə «Jurnalistlərin  dostu» mükafatına layiq görülməsini şərtləndirib.   «Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir» söyləyən cənab  İlham Əliyev bu əminliyi də ifadə edir ki,   bundan sonra da  Azərbaycanda bu sahədə daha da böyük addımlar atılacaq. Ölkə Prezidentinin üçüncü dəfə layiq görüldüyü «Jurnalistlərin dostu» mükafatı ötən il  Milli Mətbuat Günündə  jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində təqdim olunmuşdur.

- Son 15 ilin bu sahədə mühüm  uğurlarından biri dünyada analoqu olmayan addım kimi dəyərləndirilən  jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamların imzalanması və bu sənədlərə uyğun olaraq  2 yaşayış binasının istifadəyə verilib, üçüncünün təməlinin qoyulmasıdır…

- Dövlətimizin başçısı İlham Əliyevin 2010-cu ildə  jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının inşasını nəzərdə tutan Sərəncamı  ictimaiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Bu addım  müstəqil mətbuatın inkişafının dövlət siyasətinin əsasında dayandığını, jurnalist əməyinə yüksək dəyər verildiyini bir daha nümayiş etdirdi. Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Jurnalistlər üçün tikilən ilk binada mənzillərin paylanması mərasimi  2013-cü ildə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə keçirildi. Həmin ildə növbəti ikinci binanın tikintisi ilə bağlı Sərəncam imzalandı.  Addımların davamlılığı, eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının  genişliyinə də işıq saldı. Bu baxımdan ki, hər bir inkişafın təməlində iqtisadi tərəqqinin rolunu önə çəkən dövlətimiz mövcud imkanlara söykənərək bütün sahələrdə uğurlu nəticələrə yol açan addımlara önəm verir. Ötən il Milli Mətbuat Günündə ikinci bina istifadəyə verildi və  «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında» üçüncü Sərəncamın imzalanması media nümayəndələrinin bayram sevincini daha da artırdı. Mənzil bölgüsündə diqqəti çəkən əsas məqam siyasi mənsubiyyətindən və  əqidəsindən asılı olmayaraq bütün jurnalistlərə bu sevincdən payın düşməsidir. Möhtərəm Prezidentimiz  jurnalistlərə mənzillərin bölüşdürülməsində ədalət prinsipinin qorunmasının mühüm şərt olduğunu vurğulayaraq bildirmişdir: «Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl, demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib. Bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır.”»  

- Vüqar müəllim, sizcə bu günümüz sabahımız barədə hansı ümumiləşdirməni aparmağa əsas verir? Müasir dövrdə  cəmiyyətin yazılı və elektron KİV-lərdən  gözləntiləri  barədə fikirlərinizi bilmək istərdik…

- Qeyd etdiyimiz kimi, cəmiyyətin güzgüsü olan mətbuat dövrün tələblərinə uyğun olaraq təkmilləşir. Vətənpərvəlik, milli şüur prinsipləri mətbu orqanların fəaliyyətinin əsasında dayanmalıdır.  Söz azadlığı ölkəmizdə  tam təmin edilib. Heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Ölkə əhalisinin  təxminən 80 faizi internet istifadəçisidir. İnternetin azad olduğu ölkədə hansısa məhdudiyyətdən danışmaq qeyri-mümkündür. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi,  bəzi hallarda  bəzi qeyri-hökumət təşkilatları ölkəmizi  tənqid edir, amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə  qərəzli mövqedir.  Ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu da medianın müstəqilliyinin daha bir göstəricisidir. Bir sözlə, qısa təhlil, bu günümüzün reallıqlarına baxış fonunda deyə bilərəm ki, ölkə mətbuatı fəaliyyətini dövrün  çağırışlarına uyğun şəkildə qurmağa səy göstərir. Bunu hansı səviyyədə yerinə yetirir, bu qiymətləndirməni  oxucuların və tamaşaçıların ixtiyarına vermək gərəkdir.

Müharibə şəraitində yaşayan ölkə olduğumuzu nəzərə alsaq, bu günümüzün əsas tələblərindən, çağırışlarından, ən əsası yazılı və elektron KİV-lərdən gözləntilərimiz informasiya təhlükəsizliyini qorumaq,  dövlətin maraqlarını öndə saxlamaq,  vətənpərvərlik, obyektivlik və qərəzsizlik prinsiplərinin vəhdətliyini təmin etməkdir. Ulu öndər Heydər Əliyevin  uğurlu gələcəyimizə hesablanmış düşünülmüş və məqsədyönlü siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən  davam etdirilməsi nəticəsində günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyinə çevrilərək, bu inamı da ifadə etməyə əsas verir ki, cəmiyyətimizin güzgüsü olan mətbuat zamanın tələbinə uyğun daha da təkmilləşəcək, cəmiyyətin informasiya tələbatını dolğun şəkildə təmin etməklə davamlı inkişafa öz töhfəsini verəcək. XXI əsrin informasiya mübarizəsi əsri olduğunu önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyev  internet resurslarından səmərəli istifadənin, Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bildirir:   «Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq.»

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Diplomatik ugurlarımız, iqtisadi imkanlarımızın artması fonunda güclənən, qüdrətlənən Azərbaycan  Ordusunun işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəyi, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. 2016-cı ilin aprel, 2018-ci ilin Naxçıvan qələbələri bu inama əsas verir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda uğurlarımıza söykənərək böyük inam və qətiyyətlə bildirmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı  Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Qələbə sevincimizin müjdəçisi olmaq arzusu ilə bir daha  bütün həmkarlarımı  Milli Mətbuat Günü münasibətilə  təbrik edir, yeni-yeni uğurlar arzulayıram!