YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Tolerantlıq başqaları üçün hüquqi norma, bizim üçünsə həyat tərzidir

   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov

- Gündüz müəllim, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı Sərəncamı olduqca əhəmiyyətli bir hadisədir. Bununla bağlı sizin fikrinizi bilmək maraqlı olardı.

- Dini zəminli münaqişələrin baş verdiyi qlobal dünyada İslam həmrəyliyi anlayışı təkcə müsəlman aləmində deyil, eyni zamanda İslam dini ilə digər dinlər arasında həmrəyliyi nəzərdə tutur və olduqca həssas mətləblərdən xəbər verir. Müasir dövrdə Yaxın və Orta Şərqdə yaşanan neqativ hallara nəzər salsaq, dövlət başçımızın bu qərarının beynəlxalq aləmin diqqətinin mövcud problemlərə yönəltməyə çalışması baxımından çox ciddi addım olduğunu görərik. Çünki Azərbaycan bu addımı ilə dünyaya sülh, dostluq, qardaşlıq mesajı ünvanlamış olur. Üstəlik, ölkəmizin bütün dünyada tolerantlıq, mədəniyyətlərarası dialoq, həmrəylik məkanı kimi tanınması bu mesajın ünvanına doğru şəkildə çatacağına şübhə doğurmur.

Bütün bunlar ölkəmizdə digər sahələrdə olduğu kimi, dövlət-din münasibətləri sahəsində də aparılan uğurlu siyasətin nəticəsidir. Müstəqilliyimizin bərpasından sonra respublikamızda dini fəaliyyət sahəsində dözümlülük mühiti yeni bir dövrə qədəm qoydu, dini etiqad azadlığına geniş imkanlar açıldı, bu sahənin normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Hazırda dövlət-din münasibətlərinin müsbət irəliləyişi göz önündədir. Ölkəmizdəki dini tolerantlıq və multikulturalizm dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir ki, bu da dünya ölkələri, xüsusilə müsəlman respublikaları tərəfindən rəğbətlə qarşılanır.

-  Sizcə, ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” müsəlman dünyasına hansı töhfələri verməkdədir?

- Təəssüf ki, müsəlman ölkələrini bir-birinə qarşı qoymaq, məzhəb və təriqət ayrı-seçkiliyi yaratmaq istəyənlər həmişə olmuşdur. Əminəm ki, 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların önlənməsi və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək. Bu il Azərbaycanda “IV İslam Həmrəyliyi Oyunları” keçirildi. Bu möhtəşəm tədbirə paralel olaraq 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı müsəlman dövlətləri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində atılan əməli addımlar müəyyən nailiyyətlərin əldə edilməsində müsbət rol oynayacaqdır. Bu da o deməkdir ki, “İslam Həmrəyliyi İli” təkcə din amilinə əsaslanmır, həm də müsəlman ölkələrinin digər sahələrdə biri-birini dəstəkləməsinə imkan yaradır.

- Dövlət Komitəsi “İslam Həmrəyliyi İli” çərçivəsində silsilə tədbirlər keçirir. Bu istiqamətdə xarici ölkələrdə keçirilən tədbirlərin əhəmiyyəti nədən ibarətdir? İl ərzində daha hansı ölkələrdə tədbirlərin keçirilməsi nəzərdə tutulub?

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq çoxsaylı tədbirlər həyata keçirib. İstər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda keçirilən konfrans və görüşlər bu məsələnin aktuallığından, İslam aləminin birliyinə olan çağırışından bəhs edir. Dünyanın sülhə, dostluğa ehtiyac duyduğu belə bir dövrdə bu istiqamətdə görülən hər bir iş İslam həmrəyliyinin təbliğinə hesablanmışdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məqsədlə bir çox qurumlarla, xüsusən Qafqaz Müsəlmanları İdarəsi ilə mütəmadi əməkdaşlıq etməkdədir və bu sahədə fəaliyyətini və əlaqələrini daim genişləndirir.

Ölkəmizdən kənarda keçirilən çoxsaylı tədbirlərdə Azərbaycanda mövcud olan tolerant və multikultural mühitin dünyaya çatdırılması üçün mühüm işlər görülüb. Bu məqsədlə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi səviyyəsində xarici ölkələrə səfərlər edilir, dövlət və hökumət rəsmiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər yüksək rəsmi şəxslərlə görüşlər keçirilir, birgə konfranslar təşkil olunur. Məsələn, “İslam Həmrəyliyi İli” çərçivəsində Bakı, Helsinki, Tehran və digər şəhərlərdə keçirilən konfrans və görüşlərdə Azərbaycanın nümunəvi dövlət-din modelinin, tolerant və multikultural ənənələrinin beynəlxalq səviyyədə təbliğatı aparılmış, eyni zamanda dünyada radikalizm və ekstremizmin güclənməsinə qarşı birgə fəaliyyətə dair təkliflər səsləndirilmişdir.

 Qeyd edim ki, Qafqaz Müsəlmanları İdarəsi ilə birgə bu istiqamətdəki fəaliyyətimizin davamı olaraq Türkiyə, Özbəkistan, İspaniya, Mərakeş və Rusiyanın Sankt-Peterburq şəhərində yüksək səviyyəli konfrans və görüşlər nəzərdə tutulub.

- Dövlət Komitəsi respublikamızın bölgələrində də ardıcıl olaraq dini maarifləndirmə istiqamətində tədbirlər keçirir. Bu maarifləndirmə prosesi nə kimi nəticələr verməkdədir?

-  Ölkədə mövcud dini durum, dindarlaşma prosesinin əsas istiqamətləri, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin fəaliyyəti ilə bağlı Dövlət Komitəsində mütəmadi təhlil işi aparılır. Fəaliyyətimizi bu təhlil işinin nəticəsinə əsasən qururuq. Son dövrlərdə aparılmış təhlillərin nəticəsi deməyə əsas verir ki, ölkədə dini durumdakı sabitlik daha da möhkəmlənməkdədir. Bunu müxtəlif səbəblərlə izah etmək olar. Amma, məncə, əsas səbəb həm dini konfessiyalarla, həm hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət, həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm zərərli dini qrupların iqtisadi dayaqlarının məhv edilməsi, həm də intensiv maarifləndirmə işinin aparılmasıdır. Yəqin, razılaşarsız ki, İslam həmrəyliyinin təbliği, fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması baxımından ən effektiv yol bu sahədə maarifləndirmə işinə daha çox yer ayırmaqdır. Bu baxımdan Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb, demək olar ki, ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, “dəyirmi masa”lar təşkil olunur. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan film, eləcə də nəşrlər vasitəsilə də həyata keçirilir. Bütün bunların sayəsində demək olar ki, nəticə ürəkaçandır. Çünki ölkəmizdə istər dini, istərsə də milli və irqi zəmində ayrı-seçkilik yoxdur, bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mühiti mövcuddur. Ölkə əhalisi dini radikalizm, ekstremizm və onların fəsadları, eləcə də milli-mənəvi dəyərlərimiz haqqında kifayət qədər məlumatlıdırlar. Amma təbii ki, zaman keçdikcə bu istiqamətlərdə işlərin daha da gücləndiriməsinə ehtiyac var. Ona görə ki, din həssas sahədir və dövlətin, eləcə də cəmiyyətin milli, ictimai və ideoloji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

- Azərbaycanda dini icmalar arasındakı münasibətlər haqqında da fikirlərinizi bilmək istərdik.

- Ölkəmizin keçdiyi tarixi dövrə nəzər saldıqda hər zaman tolerant mühitin mövcudluğu ilə qarşılaşırıq. Bu, istər yerli icmalararası münasibətlərdə, istərsə də dini konfessiyalara olan diqqətdə özünü büruzə verməkdədir. Azərbaycanda yüzlərlə müsəlman və onlarla qeyri-müsəlman dini icması fəaliyyət göstərməkdədir. “Dini etiqad azadlığı haqqında” Qanuna əsasən, bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din, (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. Bu baxımdan deyə bilərik ki, ölkəmizdəki dini icmalar arasındakı münasibət dünyada az rast gəlinən tolerantlıq nümunəsidir. Dini dözümlülük başqaları üçün hüquqi norma, bizim üçünsə həyat tərzidir. Başqa sözlə, tolerantlıq bizə görə mədəniyyət və mənəviyyat məsələsidir. Ölkəmizdə tarixən bu cür yüksək mənəvi mühitin formalaşmasında dini icmaların xüsusi rolu olub.