YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Keyfiyyət infrastrukturu sahələrinin inkişafına yeni yanaşma Azərbaycan məhsullarının dünya bazarlarına çıxışı üçün etibarlı təminatdır

   Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

- Ramiz müəllim, Azərbaycanın inkişaf strategiyasının hazırkı mərhələdə qarşıda duran əsas vəzifələri iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişafını, ixrac və rəqabət imkanlarını genişləndirməkdir. Rəhbərlik etdiyiniz komitənin fəaliyyət sahələri müasir dövrün çağırışları, hazırkı mərhələ üçün qarşıya qoyulan tələblərin icrası və sahibkarlığın inkişafı üçün əsas alət rolunu oynamaqdadır. Bu mənada keyfiyyət infrastrukturu sahələrinin rolundan necə istifadə olunur?

- Sənayedə qeyri-neft sektorunun payının artırılması, iqtisadi diversifikasiyası və inkişafı hazırda Azərbaycan üçün prioiritet təşkil edir. Qeyri-neft sektorunun davamlı stimullaşdırılması ilə bağlı Hökumət qarşısında dəqiq vəzifələr qoyulmuşdur: cəlb olunan xarici investisiyaların həcminin genişləndirilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, prioritet sənaye sahələrinin müəyyən olunması ilə ölkənin idxaldan asılılığının azaldılması və ixrac imkanlarının gücləndirilməsi. Möhtərəm cənab Prezident İlham Əliyev bildirdiyi kimi, neftdən gələn gəlirlər azalmışdır, ölkəyə valyuta axını üçün yerli məhsulların ixracı tələb olunur. Azərbaycan məhsullarının dünya bazarlarına çıxmasının yeganə yolu məhsulların rəqabətqabiliyətli olmasıdır. Rəqabətqabiliyətlilik isə bir neçə faktorla təyin olunur. Bunlardan biri də keyfiyyət amilidir. Bu baxımdan Azərbaycan keyfiyyət infrastrukturu sisteminin - həyata keçirilən sınaq və kalibrləmə prosedurlarının, metroloji tutuşdurmaların, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanın nəticələrinin beynəlxalq səviyyədə tanınması ixrac siyasətinin tərkib hissəsi hesab olunur.

Hazırda Prezident İlham Əliyev tərəfindən sənaye və ticarət sahələrində çevik islahatlar aparılmaqdadır. Ölkə rəhbəri tərəfindən qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı qoyulmuş vəzifələrin icrası xarici ölkələrlə ticarətdə texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli, yüksək texnologiyalı və innovativ məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyət idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir. Butün bunlar ölkənin keyfiyyət infrastrukturuna birbaşa aid olan məsələlərdir.

- Bildiyimizə görə, bu nəticələrə nail olmaq üçün komitə hələ 2008-ci ildən Avropa İttifaqı ölkələrilə sıx əməkdaşlıq edir...

- Bəli, artıq 8 ildir ki, Avropa İttifaqının “Tvinninq” layihələrini icra edərək müəyyən nəticələr əldə etmişik. “Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sisteminin gücləndirilməsi. (2008-2010-ci illər)” layihəsinin icrası nəticəsində Avropa İttifaqı və Ümumdünya Ticarət Təşkilatının Ticarətdə Texniki Maneələr Sazişinin tələblərinə və qaydalarına uyğun olan keyfiyyət infrastrukturu ilə bağlı qanunvericilik aktları hazırlanmış, etalon laboratoriyaları yaradılmışdır.

Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması, ticarətdə texniki maneələrin aradan qaldırılması, yerli istehsalçıların xaricə ixrac potensialının artırılması  məqsədilə “Texniki tənzimləmə haqqında” Qanun layihəsi hazırlanmışdır.  Qanun layihəsi hazırlanarkən Ümumdünya Ticarət Təşkilatının Ticarətdə Texniki Maneələr haqqında Sazişinin texniki tənzimləməyə və uyğunluğun qiymətləndirilməsi fəaliyyətinə dair tələbləri, Avropa İttifaqının  müvafiq qanunvericilik aktları nəzərə alınmışdır. Qanun layihəsi Avropa İttifaqının “Tvinninq” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə təkmilləşdirilmişdir. Daha sonra Qanun layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim olunmuşdur. Qeyd olunan sənədin qəbul olunması Azərbaycan Respublikasında istehsal olunan məhsulların beynəlxalq bazara və Avropa İttifaqının iqtisadi məkanına sərbəst daxil olması imkanlarını artıracaqdır. Həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq, texniki tənzimləmə və könüllü standartlar sisteminə keçidlə əlaqədar “Standartlaşdırma haqqında” yeni Qanun layihəsi hazırlanaraq, “Tvinninq” layihəsi çərçivəsində beynəlxalq ekspertlərinin iştirakı ilə təkmilləşdirilmiş, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Bundan başqa beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2013-cü il 13 iyun tarixində,  “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu isə 2014-cü il 30 may tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş, cənap Prezidentin Fərmanları ilə təsdiq edilmişdir.

2013-2015-ci illəri əhatə edən “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı növbəti “Tvinninq” layihəsində də keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, texniki komitələrin fəaliyyətinin genişləndirilməsi və onların beynəlxalq təşkilatların işinə daha yaxından cəlb olunması, dövlət standartlar fondu əsasında məlumat bazasının yaradılması və s. komponetlər öz əksini tapmışdır.

Cari ildən Avropa İttifaqının “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı yeni “Tvinninq” layihəsinə başlanılmış və hazırda da həyata keçirilməkdədir. Layihənin ümumi məqsədi bu sahədəki standartlara, normalara və proseslərə dair Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq, ölçmələrin ötürülməsi sisteminin inkişafı vasitəsi ilə yerli sənayeyə, ixrac yönümlü istehsala beynəlxalq tanınmaya malik metroloji xidmətin təmin olunmasıdır.

Bundan başqa Avropa İttifaqının “TAIEX” aləti vasitəsi ilə həyata keçirilən layihələr xüsusilə standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsində Avropa təcrübəsinin öyrənilməsi və ondan faydalanmaq cəhətdən çox uğurlu olmuşdur. Bunlar əsasən komitənin Şərq Tərəfdaşlıq proqramına üzv olan ölkələr ilə texniki tənzimləmə və standartlaşdırma sahəsində islahatlarla bağlı əməkdaşlığı, tikinti konstruksiyalarına dair tənzimləmə və  CE markalanması, ərzaq gigiyenası üzrə ekspert missiyası, kiçik və orta sahibkarların standartlaşdırma prosesində iştirakı və s. məsələləri əhatə etmişdir.

- Keyfiyyət infrastrukturu sahəsində beynəlxalq təşkilatlarda üzvlük məsələləri hansı perspektivlər vəd edir?

- Möhtərəm cənab Prezident dövlət orqanları qarşısında ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunmaq, dünya bazarına çıxmaq və perspektivdə onun fəal subyektinə və iştirakçısına çevrilmək, müasir beynəlxalq iqtisadi münasibətlər sisteminin imkanlarından daha geniş və səmərəli istifadə etmək kimi mühüm vəzifələr qoymuşdur. Dünyada baş verən iqtisadi və siyasi çağırışlara adekvat cavab verilməsi, Azərbaycanın postneft erasına uğurlu addım atması üçün iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin artırılması, yeni və müasir yanaşmalar əsasında ixracyönümlü mal, məhsul və xidmətlərin dünya bazarlarına çıxarılması ilə bağlı struktur islahatlarına başlanılmışdır. Sadalanan məqamlar  sistemli yanaşma tələb edir ki, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının real sektorunun inkişafı üçün müvafiq islahatları zəruri edir. Beynəlxalq təcrübədən yararlanmaq qarşıya qoyulan bütün bu vəzifələrə nail olmaq üçün vasitədir. Bu müstəvidə texniki tənzimləmə və standartlaşdırma sahəsində Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Avropa Standartlaşdırma Komitəsi (CEN), BMT-nin Kənd Təsərrüfatı Təşkilatının Codex Alimentarius Komissiyası, İslam Ölkələrinin Standart və Metrologiya İnstitutu (SMİİC), Regionlararası Standartlaşdırma Birliyi (BASB), Beynəlxalq Elektrotexnika Komissiyası (İEC) və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura çərçivəsində əməkdaşlığı qeyd etmək olar.

BMT-nin ixtisaslaşmış qurumu Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə sıx əməkdaşlıq edilir və 2014-cü ilin 14 may tarixində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Frensis Qarrinin Bakıya səfəri zamanı Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. 2014-2017-ci illər üzrə Fəaliyyət Planı qeyd olunan Anlaşma Memorandumu əsasında hazırlanmışdır.

BMT-nin digər ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edilir, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin İnkişaf Çərçivəsi Yardımı (UNIDAF) təşkilatlarının təlimlərində, görüşlərində və seminarlarında iştirak təmin edilir. Xatırladım ki, Azərbaycan Respublikası və BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında 2014-2018-ci illər üzrə əməkdaşlıq üzrə çərçivə proqramı qəbul olunmuşdur.

Azərbaycan 2003-cü ildən İSO-nun tamhüquqlu üzvüdür və hazırda onun bir sıra Texniki Komitələrində iştirak edilir. Nazirlər Kabinetinin Qərarı ilə komitə 2011-ci ildən Kodeks Alimentarius Komissiyasının milli əlaqələndiricisi təyin olunmuşdur.

Komitə yanında Dövlət Akkreditasiya Xidməti 2012-ci ilin oktyabr ayında Laboratoriya Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (ILAC) müxbir üzv qismində qoşulmuşdur. Komitə yanında Milli Metrologiya Xidməti 2015-ci ilin yanvar ayından Çəkilər və Ölçülər üzrə Beynəlxalq Konfransa (CGPM) assosiativ üzv olmuşdur və Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin (CİPM) Qarşılıqlı Tanınma Razılaşmasını  imzalamışdır. Həmçinin 2015-ci ilin yanvarından Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata müxbir üzv qismində qoşulmuşuq.

2011-ci ildən Avropa Standartlaşdlrma Komitəsində (CEN) assosiativ üzv kimi təmsil olunuruq və bu təşkilat ilə sıx əlaqələr mövcuddur. Biz mütəmadi olaraq CEN-in Baş Assambleyalarında iştirak edir, həmçinin milli standartların Avropa (EN) standartları ilə harmonizə edilməsi üçün müvafiq tədbirlər görürük.

Bundan başqa, Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı ilə (KOOMET), Almaniyanın Milli Metrologiya İnstitutu ilə (PTB), Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA), Avropa İttifaqının İNOGATE Proqramı, Beynəlxalq əlaqələr və İnkişaf üzrə İsveçrə İnstitutu (CABİR), İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Oxfam və digər donor təşkilatlarla ortaq layihələrin icrası inkişaf etmiş ölkələrin bu sahədəki fəaliyyətinə dair praktikası ilə yaxından tanış olmaq və ölkədə müvafiq sahədə tətbiqi baxımından çox əhəmiyyətlidir.

Bütün bunlar Azərbaycan Respublikasının keyfiyyət infrastrukturu sahəsində və elmi-texniki əməkdaşlığın həyata keçirilməsində xarici tərəfdaşlar qarşısında möhkəm etibar qazanması, yerli sahibkarların öz məhsullarını maneəsiz və operativ şəkildə xaricə çıxarması üçün vacibdir. Bir sözlə beynəlxalq təşkilatlarda üzv qismində təmsil olunmaqla dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yaxşı imkan yaranır. Misal olaraq 28 yanvar 2015-ci il tarixində komitə yanında Dövlət Metrologiya Xidməti tərəfindən imzalanmış “Milli etalonların və milli metrologiya müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının  qarşılıqlı tanınması haqqında”  Beynəlxalq Sazişi (CIPM MRA) göstərmək olar. Bu beynəlxalq Sazişin imzalanması metrologiya sahəsində bir sıra nailiyyətlərin əldə edilməsinə imkan verəcəkdir:

- Komitə yanında Dövlət Metrologiya Xidmətində saxlanılan milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsinə;

- Azərbaycan Respublikasının milli etalonlarının beynəlxalq tutuşdurmalarda iştirak etməsi və onların beynəlxalq səviyyədə tanınmasına;

- Komitə yanında Dövlət Metrologiya Xidməti tərəfindən verilən kalibrləmə və ölçmə haqqında sertifikatların beynəlxalq miqyasda tanınmasına;

- Yerli müəssisələrdə məhsul istehsalının keyfiyyət göstəricilərinə nəzarət üçün aparılan ölçmələrin nəticələrinin dəqiqliyini və etibarlılığını təmin etməklə, həmin məhsulların keyfiyyətinin regional və beynəlxalq səviyyədə etimadın yaradılmasına;

- Ümumdünya Ticarət Təşkilatının tələblərinin yerinə yetirilməsinə və ticarətdə  texniki maneələrin aradan qaldırılmasına imkan yaradılmasına və s.

- Elə söz metrologiyadan düşmüşkən, etalon laboratoriyalarının sayını artırmağı düşünürsüzmü?

- Etalon bazasının genişləndirilməsi ölkə iqtisadiyyatının keyfiyyətli və rəqabətə davamlı məhsul istehsalı üçün, ümumilikdə sənayenin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda ölçmələrin vəhdətini və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işlər aparılır. Artıq sizə məlumdur ki, komitə yanında Dövlət Metrologiya Xidmətinin nəzdində müasir avadanlıqlarla təmin edilmiş kalibrləmə laboratoriyaları fəaliyyət göstərməkdədir, Laboratoriyalarda kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya dövlət etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür. Yaxın 2 il ərzində qaz qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm, yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon laboratoriyalarının yaradılması planlaşdırılıb.

- Ramiz müəllim, yüksək xidmət və məhsulların xarici bazarlara çıxışında uyğunluğun qiymətləndirilməsi sahəsinin rolu böyükdür. Yerli sertifikatların, sınaq protokollarının, kalibrləmə attestatlarının xaricdə tanınması üçün daha hansı işlər görülməlidir?

- Bununla bağlı bildirmək istəyirəm ki, uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyasını həyata keçirən Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin Laboratoriya Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlığı təşkilatına (İLAC), Akkreditasiya üzrə Beynəlxalq Foruma (İAF) tam hüquqlu və Akkreditasiya üzrə Avropa Əməkdaşlığı təşkilatına (EA) isə assosiativ üzv olması vacib şərtdir. Bunun üçün tərəfimizdən Milli akkreditasiya qurumunun fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində bir çox işlər aparılmışdir.  Qurumun fəaliyyətnin AZS İSO/OEC 17011 standartının tələblərinə uyğunlaşdırılması məqsədi ilə daxili idarəetmə sisteminin yaradılması və bu sahədə sənədlərin hazırlanması üzrə işlər aparılmış, uyğunluğun qiymətləndirilməsi qurumlarına olan tələbləri müəyyən edən beynəlxalq standartlar milli standart kimi qəbul edilmiş, Akkreditasiya üzrə Məsləhətçi Şura və Appelyasiya Şurası yaradılmış, xidmətin əməkdaşlarının və cəlb edilən ekspertlərin səriştəliliyinin  artırılması üçün yerli və xarici mütəxəssislərin iştirakı ilə müvafiq təlim və seminarlar keçirilmişdir.

Gələn ildən “Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin gücləndirilməsi” adlı yeni 2 illik “Tvininq” layihəsinə start veriləcək. Bu layihə çərçivəsində akkreditasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatların aparılması, beynəlxalq təşkilatlarla kommunikasiyanın gücləndirilməsi, personalın bilik və bacarıqlarının artırılması kimi bir sıra vacib məsələlər həllini tapacaq. Layihənin həyata keçirilməsi üçün elan edilmiş tenderdə bir çox Avropa ölkələrinin akkreditasiya qurumları iştirak etmişlər. Bu işlərin görülməsində məqsəd Avropa tələblərinə cavab verən akkreditasiya sistemi vasitəsilə Azərbaycanın iqtisadi inkişafına və dünya bazarına çıxışına  töhfə verməkdir. Uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya sahəsində ən müasir təcrübənin tətbiqində maraqlıyıq.  Qeyd edilənlərdən əlavə Dövlət Akkreditasiya Xidmətinin dəstəyi ilə Milli sertifikatlaşdırma orqanları ilə beynəlxalq səviyyədə tanınan xarici sertifikatlaşdırma orqanları arasında əməkdaşlıq sazişi imzalanması istiqamətində işlər aparılmaqdadır. Burada əsas məqsəd ixrac ediləcək qeyri-neft məhsullarını, o cümlədən ərzaq məhsulları üçün orada tanınan sertifikatlaşmanın əlçatımlılığını, Avropa Birliyinin tələblərinə uyğunlaşdıraraq maneəsiz xarici bazara çıxışının təmin edilməsidir.

Bundan başqa hələ 2013-cü ildə komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) qida laboratoriyası Almaniya Akkreditasiya Qurumu (DAkkS) tərəfindən akkreditasiya olunmuşdur. DakkS mütəxəssisləri sınaq laboratoriyasında apardıqları auditin nəticəsində qurulmuş infrastruktur, tətbiq edilən müasir sınaq avadanlıqları, səriştəli kadr potensialı və sınaqların düzgün metodlarla aparılması xüsusi qiymətləndirilmiş, bütün növ ərzaq məhsullarının sınağının İSO/İEC 17025:2005 beynəlxalq standartı əsasında həyata keçirildiyi barədə qərar qəbul edilmişdir. Bundan başqa DakkS AzTEST-in laboratoriyasında bütün növ ərzaq məhsullarının mikrobioloji sınağını, o cümlədən meyvə şirələrində ağır metallar və titrlənən turşuların təyini, qablaşdırılmış içməli sularda kimyəvi analizləri yüksək qiymətləndirmiş, adıçəkilən sahələr üzrə də laboratoriyanı akkreditasiya etmişdir. Hazırda laboratoriyanın akkreditasiya sahəsinin genişləndirilməsi ilə bağlı işlər həyata keçiririk. Deyim ki, nüfuzlu Almaniya Akkreditasiya Qurumu tərəfindən Azərbaycan Respublikasında qurulmuş müasir sınaq laboratoriyasının akkreditasiyası ölkə sahibkarlığının inkişafı istiqamətində qazanılmış növbəti müvəffəqiyyət kimi qiymətləndirilməkdədir. Komitənin laboratoriyasının sınaq protokollarının xaricdə tanınması ilə yerli müəssisələrin istehsal etdikləri ərzaq məhsullarının Avropa Birliyi ölkələrinə ixracının genişlənməsi, yerli sahibkarların xarici bazarlarda özlərinə layiqli yer tutmaları üçün əlverişli şəraitin yaranması təmin olunur. Amma təbii ki, məqsəd tək bu deyil. Biz istəyirik ki, ölkədə fəaliyyət göstərən uyğunluğu qiymətləndirən bütün orqanların verdiyi sənədlər xaricdə tanınsın, qəbul edilsin. Bu, yerli sahibkarlar üçün ixracyönümlü məhsul istehsalı baxımından əlverişli fürsət olacaq. Çünki burada sertifikatlaşdırılan məhsulla xaricə çıxdıqda artıq sahibkardan əlavə prosedurlar tələb olunmayacaq. Bu həm vaxt, həm də maliyyə itkisinin qarşısını alacaq. Bunun üçün uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanın beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail olmağa çalışırıq.

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra bu sahəyə maraq daha da artmışdır. Məlumdur ki, komitə 2012-ci ildən sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olmur. "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli Fərmanına əsasən komitənin ərazi sertifikatlaşdırma idarələri ləğv edilmişdir. Sertifikatlaşdırma fəaliyyəti liberallaşmış, bu xidməti göstərə bilən özəl təşkilatlar beynəlxalq təcrübəyə uyğun olaraq akkreditasiyadan keçmiş və fəaliyyətə başlamışlar. Sertifikatlaşdırma, həmçinin sınaq və kalibrləmə xidmətləri göstərən sahibkarların sayının artması da bizi sevindirir. Akkreditasiya olunmuş sınaq laboratoriyalarının sayı əgər 2014-cü ildə 41 idisə, cari ildə 196-ya çatıb, kalibrləmə laboratoriyaları 7-dən 33-ə yüksəlib. Ümumilikdə 2 il ərzində uyğunluğun qiymətləndirilməsi orqanlarının sayı 72-dən 271-ə qədər artmışdır. Bu həm də orqanlar arasında xidmətin keyfiyyətinin yüksəldilməsi baxımından rəqabətdir.

- Bəs standartlaşdırma və texniki tənzimləmə sahəsində əsas hədəfləriniz hansılardır?

- İlk növbədə iqtisadiyyatın vacib sahələrini əhatə edəcək, xüsusilə qeyri-neft məhsulları sahəsində konsensus prinsipi əsasında fəaliyyət göstərən standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin genişləndirilməsi. Müasir standartların Azərbaycanda tətbiqi üçün biz texniki komitələrin işindən geniş istifadə edirik. Burada ən əsası sahibkarlar standartların hazırlanmasında yaxından iştirak edir, rəy və təkliflərini bildirirlər. Məhsullarını xarici bazarlara çıxarmaqda maraqlı olanlar texniki maneə ilə üzləşdikdə normativ sənədlərdə dəyişiklik təkliflərini məhz bu texniki komitələrə edir və burada müzakirə olunaraq əsaslandırılır və standart layihəsi və ya düzəlişlər hazırlanır, komitəyə təqdim edilir. Bunun nəticəsidir ki, hazırda ölkədə qüvvədə olan 941 milli standartdan 41%-i beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Bu proses davam etdirilir.  Bundan başqa  könüllü standartlara keçid və biznesə dəstək məqsədilə beynəlxalq standartların Azərbaycanda işlənilməsinin və tətbiqinin asanlaşdırılması istiqamətində işləyirik. Milli standartlaşdırma qurumunun institusional inkişafının təmin olunması, standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması və  mövcud normativ bazanın təkmilləşdirilməsi məqsədilə bu sahədə olan kadr potensialının gücləndirilməsi təmin olunmaqla standartlaşdırma sahəsində beynəlxalq və regional təşkilatlarda üzvlük statusunun artırılması da hədəflərimizdəndir.

- Cənab Prezidentin islahatlar siyasəti çərçivəsində “Made in Azerbaijan” brendinin yaradılması və təşviqi işləri də başlıca yer tutur. Komitə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini həyata keçirən orqan kimi yerli brendlərin xaricdə mühafizəsi ilə bağlı hansı işləri görür?

- Ölkə başçısı cənab İlham Əliyevin islahatları çərçivəsində çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində bu il əhəmiyyətli qərarlar qəbul olunub. Bu sırada atılan addımlardan biri də qeyri-neft məhsulları ixracını stimullaşdırmaq üçün “Made in Azerbaijan” brendinin yaradılması və təşviqi barədə  bir neçə sərəncam və fərmanların imzalanmasıdır. Bu gün dünya bazarlarında rəqabətə girəcək məhsullara beynəxalq qiymətləndirmə şirkətləri tərəfindən sertifikatların verilməsi və patentlərin alınması vacibdir. Lakin bir çox hallarda Azərbaycan şirkətləri bu sahədə problemlərlə qarşılaşırlar. Elə bu problemləri də nəzərə alan cənab Prezident ixracatçıların xarici ölkələrdə məhsula sertifikat alınmasının, habelə, əmtəə nişanlarının Azərbaycanda və xaricdə qeydiyyatına görə dəstək verilməsinin önəmli olduğunu və müvafiq dövlət orqanlarının da bu müstəvidə ixracatçılara dəstək olmasının mühüm olduğunu bildirmişdir. Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu məsələyə toxunan Prezident dünyada “Made in Azerbaijan” brendinin təbliğ olunmasının vacibliyini qeyd edib. Biz hesab edirik ki, hər hansı bir məhsulun istehsalı ilə məşğul olan sahibkarlar məhsulların ixrac qabiliyyətini nəzərə almalıdırlar. İstehsal olunan məhsul keyfiyyətli, rəqabətədavamlı olmaldır ki, dünya bazarında özünə yer tapa bilsin.

Sahibkarlarla bazara rəqabətqabiliyyətli və keyfiyyətli məhsul çıxarmaları məqsədi ilə mütəmadi olaraq marifləndirici tədbirlər həyata keçirilir, seminarlar təşkil edilir və onlara məsləhətlər verilir.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə, bir çox ölkələrlə ikitərəfli əməkdaşlıq digər sahələrdə olduğu kimi əqli mülkiyyət hüquqlarının qorunması sahəsində də aparılır. ÜƏMT-nin müvafiq saziş və konvensiyalarında iştirak yerli istehsala, sahibkarlara daha effektli xidmət etməyə imkan yaradır. Məsələn, yerli brendlərin maraq kəsb edən xarici ölkələrdə qeydiyyatı üçün “AzPatent”in xidmətlərindən yararlanaraq, beynəlxalq sənədlərin verdiyi imkanlardan səmərəli istifadə etmək mümkündür.

Bu məqamda sənaye mülkiyyəti obyektləri sırasında ixtiraların sənayedə tətbiqi mexanizmlərinin inkişafı zəruriyyətinə diqqət çəkmək istərdim. Dünya iqtisadiyyatının inkişafını şərtləndirən əsas amillər sırasında innovativlik hər zaman aparıcı yer tutmaqdadır. İqtisadi inkişafın səviyyəsi, sənayenin rəqabətqabiliyyətliliyi investisiyaların həcmi ilə bərabər, innovativliyinin səviyyəsi ilə daha da çox qiymətləndirilməkdədir. Cari iqtisadi proseslər Azərbaycan sənayesində innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarında rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlmişdir. 

Sənayenin effektivliyinə təsir edən bir çox iqtisadi və sosial faktorlar sırasında yaradıcı yeniliklər əsas amillər kimi qiymətləndirilir. Intellektual komponentlər qeyri-maddi aktivlər olaraq məhsul və xidmətlərə əlavə istehlak xüsusiyyətləri verməklə istehlak bazarında daha da uğurlu nəticələrə yol açır.

Bu baxımdan ölkəmizdə elmin iqtisadiyyatla, sənaye ilə bağlantısının təmin olunması, yeni həllərin axtarışının təşviq olunması, real iqtisadi səmərəyə yönəlmiş elmi nəticələr üzərində hüquqların qorunması istiqamətində birgə fəaliyyətin vacibliyi artmaqdadır. Buna görə də əqli mülkiyyət obyektləri üzərində hüquqların düzgün müəyyən olunması, qorunması və effektiv idarəolunması mexanizmlərinin davamlı inkişafı zəruridir.