YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq «Azəravtoyol» ASC yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atır

   «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov

- Saleh müəllim, son illər Azərbaycanda böyük quruculuq işləri həyata keçirilir. Bu proses yol-nəqliyyat sektorunda  da özünü əyani şəkildə göstərir.   Avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa töhfə verməklə Azərbaycanda yol infrastrukturunun formalaşmasında nə dərəcədə  rol oynayırlar?

- Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə hər il 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Artıq 9-cu ildir ki, peşə bayramlarını qeyd edən avtomobil yolları işçiləri hazırda ölkəmizdə gedən sosial-iqtisadi inkişafa töhfə verməklə Azərbaycanda yol infrastrukturunun formalaşmasında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun yenidənqurulmasıdır.

28 dekabr 2015-ci il tarixində “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalandı. Sərəncama əsasən, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidənqurulmasına güclü təkan verdi. Qəbul olunmuş proqramlar çərçivəsində Bakıda, habelə ölkənin digər şəhər və rayonlarında yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət aldı.

«Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyəti ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmir edilməsi işlərinin aparılmasını təmin edir.  «Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyətinin balansında ümumi istifadədə olan 17529 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i respublika əhəmiyyətli, 13158 km-i isə yerli əhəmiyyətli avtomobil yollarıdır. Bu yollardan 2670 kilometri hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalmışdır. Cəmiyyətin balansında 1299 ədəd körpü vardır ki, bunlardan 160-ı işğal olunmuş ərazilərdə yerləşir.

- Azərbaycanda yol infrastrukturu sahəsində əldə olunan uğurların əsasında hansı amillər dayanır? Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasında bu sahənin yeri və rolu haqqında fikirlərinizi bilmək istərdik...

- Respublikamızda yol infrastrukturu da daxil olmaqla ölkə həyatının bütün sahələrini əhatə edən yeniləşmə və müasirləşmə prosesi getdikcə dərinləşir, dövlətin gücünün və qüdrətinin artırılmasına, xalqın rifahının durmadan yüksəldilməsinə xidmət edən quruculuq proqramları böyük uğurla icra edilir. Ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində  heç şübhəsiz əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasət dayanır. “Yol - mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir” - Ulu öndərin bu sözləri Onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ölkəmizin bütün regionlarında, eləcə də paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yenilənməsi üçün geniş imkanlar yaradır.

Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində yol infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir.

Hazırda dövlət başçısının diqqət və qayğısı sayəsində bu çərçivədə «Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkə rəhbəri yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişatı ilə şəxsən maraqlanır, açılış və təməlqoyma mərasimlərində iştirak edir. 2015-ci ildə uzunluğu 20 kilometrə yaxın Göyçay-Ucar  avtomobil yolunun yenidənqurulması,  Ağsu-Kürdəmir-İmişli avtomobil yolu layihəsinin uzunluğu  37 km  təşkil edən Ağsu – Kürdəmir, Şəki-Qax-Zaqatala avtomobil yolunun uzunluğu 35 km olan Şəki-Qax hissələrinin yenidənqurulması layihələri də uğurla başa çatmış və bununla əlaqədar olaraq açılış mərasimləri məhz Prezident cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmışdir.

- 2015-ci ildə nə kimi tədbirlər həyata keçirilib? Bu tədbirlərin reallaşmasında daxili imkanlardan nə dərəcədə istifadə edilib?

- 2015-ci il ərzində Dövlət proqramları çərçivəsində «Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilmiş, dünya standartlarına cavab verən yeni yollar çəkilmiş, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilmişdir. Belə ki, 2015-ci il ərzində 524,4  km uzunluğunda ümumi istifadədə olan  yeni avtomobil yolları tikilmiş, yenidənqurulmuş, təmir olunmuş, 12 ədəd yeni avtomobil körpüsü, 3 ədəd yol ötürücüsü,  2 ədəd tunel  və 9 ədəd piyada keçidi tikilərək istismara verilmişdir. 2015-ci il ərzində Bakı şəhərində 112,1 km təşkil edən 42 adda küçə və prospektdə  təqribən 440 min m2 sahədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.

2015-ci ilin iyun ayında I Avropa Oyunlarının  Azərbaycanda keçirilməsi tariximizə qızıl hərflərlə yazılacaq mühüm əhəmiyyətli hadisə idi. Bu oyunların yüksək səviyyədə və uğurla həyata keçirilməsi üçün bütün qurumlar kimi «Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyətinin də üzərinə mühüm vəzifələr düşürdü. I Avropa Oyunlarına hazırlıqla bağlı daxili investisiya hesabına Bakı-Ələt avtomobil yolunun 4-6 km hissəsinin tikintisi işləri çərçivəsində Bakı Su İdmanı Sarayı ərazisində ümumi uzunluğu 6,6 km 4-5 hərəkət zolaqlı bağlantı yolları və Bayıl bulvarına çıxışa imkan verən 226 metr uzunluğunda piyada keçidinin, Olimpiya Stadionu ətrafında ümumi uzunluğu 14,8 km, 4-6 zolaqlı yeni yolların və Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun, uzunluğu 1,4 km, eni 21,5 m olan Stend Atıcılığı İdman Kompleksinə gedən yolun və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yol-körpü kompleksinin  tikintisi işləri də yüksək keyfiyyətlə aparılaraq başa çatdırılmışdır. Həmin vaxt «Azəravtoyol»  ASC-nin tabeliyində olan idarə və müəssisələr tərəfindən ümumi uzunluğu 53,4 km təşkil edən 16 prospekt, küçə və avtomobil yolunda 439,5 min  m2 sahəyə asfalt örtük döşənilmişdir.        

2015-ci il ərzində «Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyət daşıyır. Belə ki, Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində “Ramstore” yol qovşağında, İnşaatçılar prospekti ilə Nəriman Nərimanov və Naxçivani küçələrinin kəsişməsində “Statistika” dairəsində, Həsən bəy Zərdabi küçəsi ilə Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində “Qələbə k/t qarşısındakı dairədə, 20 Yanvar və Sulutəpə dairələrində, həmçinin Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində yerləşən yol qovşağının alt hissəsində aparılan yenidənqurma işləri öz müsbət nəticələrini vermiş və sözügedən ərazilərdə avtonəqliyyat sıxlığının azalmasına imkan yaratmışdır. Bundan başqa 2015-ci il ərzində 1739 ədəd yol nişanları, 11 903 ədəd siqnal dirəkləri, 58 ədəd məlumatverici lövhə,  33 844 p.m  isə əyrixətli tirlər quraşdırılmış və bərpa edilmişdir.

Qeyd edim ki, hazırda regionlar üzrə daxili investisiya hesabına ümumi uzunluğu  381  km təşkil edən avtomobil yolunun  və  14  ədəd körpünün tikintisi işləri tərəfimizdən uğurla davam etdirilir.

- Azərbaycan Böyük İpək Yolunun üzərində yerləşir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi də həyata keçirilməkdədir. Təbii ki, bu amil ölkəmizə iqtisadi dividentlər gətirir. Bu baxımdan, avtomobil yollarının yenidənqurulmasının yükdaşımalara təsiri necədir?

- Şübhəsiz ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Respublikamızda yol infrastrukturunun yenilənməsini zəruri edən mühüm amil Azərbaycanın avtomobil yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsidir. Bu səbəbdən avtomobil yollarının yenidənqurulması birbaşa olaraq yükdaşımalara da müsbət təsir edir. Yükdaşımanın artması bu sahədən gələn gəlirlərin, dövlət büdcəsinə daxil olan vəsaitin həcminin artmasına və nəticədə dövlət büdcəsinin inkişafına səbəb olur.  Qədim İpək Yolunun üzərində yerləşən respublikamızda «Azəravtoyol»   Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılan müasir yol təsərrüfatı infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların  bu sahədə imkanları artır.

Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidənqurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son illər   birinci texniki dərəcəli yolların uzunluğu 426 kilometr artaraq bu gün 541 kilometr təşkil edir. Prezident İlham Əliyev beynəlxalq miqyaslı Böyük İpək Yolunun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası  ilə dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə birinci texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu Şərq-Qərb istiqamətində beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır.

Bakıdan Gürcüstan sərhədinədək 503 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt, Ələt-Hacıqabul, Yevlax-Gəncə hissələrinin birinci texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılmışdır. Magistralın Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrində «Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin müdaxiləsi ilə gecikmələrə səbəb olan problemlərin həll edilməsi, mütəmadi olaraq işlərin gedişi ilə yerindəcə tanış olaraq, müvafiq tapşırıq və tövsiyyələrin verilməsi sayəsində işlər sürətləndirilmişdir.

Nəticədə qısa zaman ərzində tikinti-quraşdırma işləri magistral avtomobil yolunda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkəti dayandırılmadan yerinə yetirildi, bütün işlər beynəlxalq tikinti və normalarının tələblərinə uyğun keyfiyyətlə aparılaraq yol istismara hazır vəziyyətə gətirildi. 30 dekabr 2015-ci ildə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul – Kürdəmir hissəsinin yenidənqurmadan sonra açılışı həyata keçirildi.

Sözügedən magistralın Kürdəmir-Ucar-Yevlax hissəsinin birinci texniki dərəcəyə uyğun təkmilləşdirilməsi layihəsində isə son tamamlanma işləri aparılır. Daha sonra isə Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin də yenidənqurulmasına başlanılması planlaşdırılır.

Qeyd edilən layihənin tam reallaşdırılmasından sonra Şərqdən Qərbə və əks istiqamətdə Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olmaqla, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımalarının inkişafında daha da mühüm yer tutacaqdır.

Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımalarında Bakı-Quba-Rusiya Federasiyası və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolları da mühüm əhəmiyyətə malikdir. Bu avtomobil yolları Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır.

Qeyd edək ki, indiyədək ölkənin yol təsərrüfatı sistemində mühüm yer tutan və Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımalarda mühüm əhəmiyyətə malik Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidənqurulması istiqamətində böyük iş həcmi yerinə yetirilmişdir. Hazırda magistralın Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin tikintisi davam etdirilir.

Şimaldan cənuba doğru və əksinə avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi də hazırda «Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə davam etdirilir. Layihənin icrası sözügedən dəhliz vasitəsi ilə məsafənin dəfələrlə qısaldılması ilə bərabər, daşımaların daha rahat həyata keçirilməsi ilə artımına gətirib çıxaracaqdır.

Bir sözlə Prezident cənab İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən «Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublika əhəmiyyətli yolların yenidənqurulması ilə avtomobillə beynəlxalq yükdaşımaların artımı qeyri-neft sektorunun şaxələnməsinə səbəb olur və yol təsərrüfatı sahəsinin, xarici yükdaşımanın ölkə iqtisadiyyatında inkişafına təkan verir.            

- Saleh müəllim, dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən biri də respublikanın kənd yollarının yenidən qurulmasıdır. «Azəravtoyol»  ASC bu yöndə gördüyü işlər haqqında nə deyə bilərsiniz?

- Kənd yollarının yenidənqurulması da ölkə rəhbərliyinin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Təsadüfi deyil ki, son iki il ərzində Prezidentimiz cənab İlham Əliyev tərəfindən kəndlərarası avtomobil yollarının tikintisi üçün 50-yə yaxın Sərəncam imzalanmışdır. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident cənab İlham Əliyev bu il kənd yollarının tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulamışdır.

Prezident İlham Əliyev tərəfindən kənd yollarının təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi yol təmir-tikintisi üzrə ixtisaslaşmış və 2016-cı ildən müstəqil qurum kimi fəaliyyət göstərən «Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Bu da Cəmiyyətin üzərinə əlavə məsuliyyət qoyur.

«Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”larında avtomobil yollarının tikintisini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədilə iki mindən artıq işsiz vətəndaşı müvafiq işlə təmin edilmişdir.

Onu da əlavə etmək yerinə düşər ki, ölkə başçısının yerli istehsalın daha da gücləndirilməsi istiqamətində verdiyi tövsiyyə və tapşırıqlarına əsasən «Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyəti yolların tikintisi, yenidənqurlması və təmiri zamanı ancaq yerli tikinti materiallarından istifadə edir.

- «Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyəti respublikamızda ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nə kimi töhfələr verir?

- «Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa və meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqramların, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planının icrasının təmin edilməsi ilə əlaqədar avtomobil yollarının mühafizə zolağında 2015-ci il ərzində 254 894 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilmişdir. Hazırda avtomobil yollarının mühafizə zolağında 1 092 300 ədəd ağac və kol bitkisi mövcuddur.

Beləliklə, görünən odur ki, ölkədə yol təsərrüfatı infrastrukturunun inkişaf etdirilməsi daim diqqət mərkəzindədir və atılan addımlar bu sahəyə investisiyaların qoyuluşunun, beynəlxalq yükdaşımalarının və ticarət potensialının artmasına, yeni iş yerlərinin açılmasına, eləcə də turizmin inkişafına da şərait yaradır.

Bu gün ölkəmizdə yol infrastrukturunun tamamilə yenilənməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Bütün bunlar öz növbəsində regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin avtonəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir.

Bir sözlə, «Azəravtoyol»  Açıq Səhmdar Cəmiyyəti ölkə boyu yol infrastrukturunun yenilənməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən sözügedən prosesin reallaşdırılması istiqamətində mühüm addımlar atmağa davam edir.