YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gələcəkdə yeni və daha möhtəşəm uğurlara imza atacaq

   Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə

- Əhməd müəllim, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən möhtəşəm islahatların uğurları beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunur. Cənab Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi kurs yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycanı dinamik inkişaf edən ölkələr sırasına çıxarmışdır. Prezident İlham Əliyevin iqtisadi komandasının üzvü kimi bu strategiyanı xarakterizə edən prinsiplərini necə şərh edərdiniz?

- Bu gün Azərbaycan dünyada nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi fərqlənir. Davamlı inkişaf sayəsində respublikamız Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksəlib və bunun da nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da sayəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal faktora çevrilməsinin isə obyektiv əsasları var.
Azərbaycan müstəqillik tarixində təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və son 12 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edir. Hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən amillər sırasında ümumi daxili məhsul istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 12 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artıb.
Son illərdə Azərbaycanın qazandığı uğurlar beynəlxalq reytinq agentliklərinin ölkəmizlə bağlı qiymətləndirmələrində də öz əksini tapıb. Dünya İqtisadi Forumunun (World Economic Forum) qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bununla da Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır. Beynəlxalq Valyuta Fondu (BVF, İMF) da Azərbaycan iqtisadiyyatına dair nikbin proqnozlar irəli sürüb. Təşkilat Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb.
Azərbaycanın qlobal risklər şəraitində belə öz potensialını əhəmiyyətli dərəcədə genişləndirməsi və yeni uğurlara nail olması ilk növbədə ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü şaxələndirmə siyasəti ilə bağlıdır. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Ölkəmizdə qeyri-neft sektorunun mühüm istiqamətini təşkil edən özəl bölmə də sürətlə inkişaf edir. Təkcə son 12 ildə respublikamızda sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib. 
Əlamətdar haldır ki, ölkəmizdə qeyri-neft sektorunun genişlənməsi ildən-ilə daha dinamik hal alır. Ölkədə aparılan islahatların nəticəsində cari ilin əvvəlindən bəri qeyri-neft sektorunda 6 faizdən çox artıma nail olunub ki, bu da ölkə üzrə ümumi iqtisadi artımdan əhəmiyyətli dərəcədə yüksək göstəricidir.
Azərbaycanda son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə, geniş sosial məzmunu ilə diqqəti cəlb edir. Ölkənin dinamik iqtisadi inkişafı insanların mənafeyinə yönələn güclü sosial siyasət həyata keçirməyə etibarlı zəmin yaradır. Dövlət başçısı ölkəmizdə sosial sferanın, insanların mənafeyinin prioritet olduğunu, uğurla həyata keçirilən dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının dayandığını dəfələrlə vurğulayıb. Prezident İlham Əliyev fəal əhalinin məşğulluğunun təmin olunmasını, yeni iş yerləri yaradılmasının daimi prosesə çevrilməsini, eyni zamanda, ölkədə mükəmməl sosial infrastruktur yaradılmasını dövlət siyasətinin əsas prioritetləri kimi müəyyənləşdirib. Təkcə onu vurğulamaq kifayətdir ki, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkədə 1 milyon 400 mindən çox yeni iş yeri yaradılıb ki, bu da əhalinin sosial təminatında çox mühüm amil kimi çıxış edir. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu göstərici 565 dollardır.
Bütövlükdə,  son 12 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bütün sahələr dinamik inkişaf edib, ölkəmizin beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. İnanırıq ki, hörmətli Prezidentimizin rəhbərliyi ilə Azərbaycan gələcəkdə də yeni-yeni uğurlara imza atacaq.   

- Əhməd müəllim, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlardan və onun möhtəşəm uğurlu nəticələrindən bəhs etdik. Bilavasitə rəhbərlik etdiyiniz qurum - meliorasiya və su təsərrüfatı ölkəmizin iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının inkişafında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mühüm rol oynayır. Bu sahədə inkişafın əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ümumiyyətlə,  Ümummilli liderimiz Heydər Əliyevin meliorasiya və su təsərrüfatı sahəsinin inkişafı istiqamətində gördüyü işlər haqqında fikirlərinizi bilmək istərdik...

- Azərbaycan qədim əkinçilik diyarı olub, burada kənd təsərrüfatının hərtərəfli inkişafı üçün əlverişli şərait vardır. Ölkənin ümumi ərazisinin təxminən yarısı, yəni 4,53 milyon hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Lakin ölkənin əkinə yararlı torpaq sahələri əsasən düzənlik, arid zonada yerləşdiyindən və zonanın torpaqlarında yeraltı qrunt suları duzlu və təbii axını zəif olmaqla daima şorlaşma təhlükəsi yaratdığından, ölkədə əkinçiliyin yalnız süni suvarmalar fonunda, müvafiq aqromeliorativ tədbirlər görməklə aparılması tələb olunur. Məhz bu səbəbdən də ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı 85-90% suvarılan torpaqlarda cəmləşmişdir.

Meliorasiya və Su Təsərrüfatı bizim sərvətimizdir, biz bu sərvətdən səmərəli istifadə etməliyik” fikri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummulli lideri Heydər Əliyevə məxsusdur. Məhz Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi sayəsində meliorasiya və irriqasiya sahasində böyük nailiyyətlər əldə edilmişdir.

Meliorasiya və Su Təsərrüfatı respublikamızın, xüsusən kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur. Müasir meliorasiya və irriqasiya təməlinin hələ əsrimizin əvvələrində qoyulmasına baxmayaraq, onun əsas inkişafı Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildən respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir.

Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi. 1971- 1975-ci illərdə ölkədə meliorasiya işlərinə 1966-1970-ci illərdəkinə nisbətən iki dəfədən çox vəsait ayrıldı. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidənqurulması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olundu, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri yaradıldı. Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1,35 mlrd. kbm olan Araz su anbarı su- elektrik stansiyası ilə birlikdə, Azərbaycan Respublikası və İran İslam Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil- Muğan hidroqovşağı, uzunluğu 37 km, sərfi saniyədə 80 kbm olan Baş Mil kanalı, ümumi uzunluğu 71 km olan Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR- də 6 min hektar sahəni suvaran Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Qusar rayonunda Caqar- Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 mln. kbm olan Zoqolovoçay su anbarı və digərləri tikilib istismara verildi. Həmin dövrdə yerinə yetirilən tikinti işlərinin xarakterik cəhətlərindən biri onların yüksək texniki səviyyədə aparılması idi.

1976- 1982- ci illərdə Ulu öndərimiz Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya obyektlərinin tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma- drenaj sistemlərinin yenidənqurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin miqdarı 1971- 1975- ci illərdəkinə nisbətən 2,4 dəfə artdı, 605 min hektar sahədə suvarma sistemləri yenidənquruldu, 89,6 min hektar yeni suvarılan sahələr istifadəyə verildi, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı. Bu dövrdə Tərtərçay çayı üzərində 144 min hektar sahəni suvarma suyu ilə təmin edən həcmi 550 mln. kbm olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 mln. kbm olan Madagiz su anbarı, Naxçıvan MR- də Arpaçay çayı üzərində həcmi 150 mln. kbm olan Arpaçay su anbarı, Naxçıvan çayından qidalanan həci 12,7 mln. kbm olan Sirab su anbarı, Füzuli rayonunda həcmi 9,5 mln. kbm olan Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 mln. kbm olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda nasos stansiyası və bir sıra digər obyektlər tikilib istismara verilmişdir. Bütün bunların nəticəsində respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və ümumi məhsul istehsalı bir neçə dəfə artmışdır.

Ölkədə 1993-cü ildə gərgin siyasi durumun, iqtisadi böhranın hökm sürdüyü bir şəraitdə Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi.Onun göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar ilk növbədə bu sahənin inkişafına yönəldildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunudur.

Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycanda meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, bu sahə üzrə həyata keçirilmiş əzəmətli işlərin və əldə edilmiş nailiyyətlərin həm müəllifi, həm də təşkilatçısı Heydər Əliyevdir.

Hazırda ölkədə əkin altında həyətyanı sahələr də daxil olmaqla 1 milyon 984 min hektar sahə istifadə olunur. Bunun 1 milyon 435 min hektarı suvarma şəbəkələri və qurğuları ilə təchiz olunmuş suvarılan torpaqlardır. Suvarılan torpaqların 610 min hektarı kollektor-drenaj sistemləri ilə təchiz olunmuşdur.

Azərbaycanda uzun illərdən bəri böyük zəhmət və külli miqdarda vəsait hesabına su axımını bölüşdürən və tənzimləyən irriqasiya sistemlərindən, kollektor-drenac şəbəkələrindən, nasos stansiyalarından və su anbarlarından ibarət geniş və mürəkkəb meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu kompleksin əsas hissəsi Ulu Öndərimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə onun şəxsi təşəbbüsü və yaxından köməkliyi ilə yaradılmışdır.

-  Dövlətimizin başçısı İlham Əliyevin proqram xarakterli hər bir çıxışı digər sahələr kimi, meliorasiya və sü təsərrüfatı sahəsində də görülən işlərin fonunda perspektivlərin müəyyənləşdirilməsində əsas rol oynayır. Ölkəmizin bu sahədə əldə etdiyi uğurlara bir nəzər salmağınızı istərdik...

- Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir. 
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyev isə Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.

Qeyd edim ki, ölkəmizdə meliorasiya və su təsərrüfatının inkişafına Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş diqqət və qayğı hazırda Onun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Onun sahəyə diqqəti və yaxından köməkliyi sayəsində bir çox layihələr başa çatdırılmış, bəzi layihələr uğurla davam etdirilir, bir çoxlarının isə həyata keçirilməsinə başlanılmışdır. Möhtərəm Prezidentimiz meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatındakı, regionların sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq probleminin həllindəki rolunu nəzərə alaraq sahənin inkişafini daim diqqət mərkəzində saxlayır, meltorasiya və su təsərrüfatı obyektlərində tikinti işləri ilə tanış olur, obyektlərin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində iştirak edir.

Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 21,5 milyard kubmetr olan 135 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51800 km suvarma kanalı, 31700 km kollektor-drenaj şəbəkəsi, 921 nasos stansiyası, 131 min müxtəlif hidrotexniki qurğu, 7279 subartezian quyusu, 2073 km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur.

2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının, 2009-cu ilin may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu ilin aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 15 avqust 2011-ci il tarixində Vəlvələçay-Taxtakörpü kanalının 10,7 km-lik birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü su anbarında tikintinin gedişi ilə tanış olaraq tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verməsi bunun bariz sübutudur. 2011-ci il noyabr ayının 16-da Qax rayonunda Hamamçay çayı üzərində tikilmiş körpünün açılış mərasimlərində iştirak etməsi və İlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış olması, 2013-cü il iyulun 19-da Dövlət Neft Fondunun vəsaiti hesabına tikintisi başa çatdırılmış Vəlvələçay-Taxtakörpü kanalının ikinci mərhələsinin istifadəyə verilməsi və Taxtakörpü su anbarının su ilə doldurulmasına başlanılması, iyul ayının 18-də Siyəzən, 19-da Şabran şəhərlərində, 14 avqust tarixində İsmayıllı və 4 sentyabr tarixində Yardımlı şəhərlərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin bərpası və tikintisi işlərinin birinci mərhələsinin, sentyabr ayının 28-də Taxtakörpü Su Anbarının (su elektrik stansiyası ilə birlikdə) və ondan su götürən Taxtakörpü-Ceyranbatan kanalının istifadəyə verilməsi mərasimlərində iştirak etməsi də cənab Prezidentin ölkədə meliorasiya və su təsərrüfatı sisteminin inkişafına olan ardıcıl diqqət və qayğısından xəbər verir.

- Əhməd müəllim, rəhbərlik etdiyiniz qurumun adından da göründüyü kimi, əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdir. Qeyd olunan istiqamətlərdə əldə olunan nəticələri necə şərh edərdiniz?

- Dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısının nəticəsi olaraq son illərdə sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmışdır. Bunun nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sistem üzrə işçilərin əmək haqqı dəfələrlə artmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, maşın və mexanizmlər alınmış, onların məhsuldarlığı 2001-ci il ilə müqayisədə 2 dəfəyə yaxın artmışdır. 2565 km suvarma kanallarının, 1719 km kollektor-drenaj şəbəkələrinin bərpası, yenidənqurulması və tikintisi işləri həyata keçirilmiş, 171,4 min hektar suvarılan torpaqların su təminatı və 178,2 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 30 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1194 ədəd subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı dağ çaylarında 191,4 km sahilbərkitmə işləri, Kür-Araz çaylarında isə 876 km uzunluğunda bəndlərin möhkəmləndirilməsi və hündürləndirilməsi işləri yerinə yetirilmişdir.

Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

“Samur - Abşeron suvarma sisteminin yenidənqurulması” layihəsi tərkibində 67,2 km uzunluğunda Xanarx kanalının tikintisi İslam İnkişaf Bankının maliyyələşdirməsi ilə 2006-cı ildə başa çatdırılmışdır. Xanarx kanalının istifadəyə verilməsi ilə respublikanın şimal zonasında yerləşən Qusar, Xaçmaz və Şabran rayonlarında 62,6 min hektar ərazidə sahələrin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır. Eyni zamanda Dünya Bankının krediti ilə Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır.

İslam İnkişaf Bankının, Səudiyyə İnkişaf və OPEK Beynəlxalq İnkişaf Fondlarının kreditləri hesabına Samur-Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə ümumi uzunluğu 31,77 km, olan Vəlvələçay-Taxtakörpü kanalının tikintisinə 2008-ci ildə başlanılmışdır. Bu kredit hesabına kanalın 10,74 km uzunluğunda birinci hissəsinin tikintisi 2011-ci ildə, Dövlət Neft Fondunun vəsaiti hesabına isə kanalın 21,03 km-lik 2-ci hissəsinin tikintisi 2013-cü ildə başa çatdırılmışdır.

Ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən, ümumi sututumu 268,4 mln. kbm olan, Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Taxtakörpü su anbarının 25 MVt olan SES-lə birlikdə və ümumi uzunluğu 107,9 km olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi 2013-cü ildə başa çatdırılmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları 28 sentyabr 2013-cü il tarixində Taxtakörpü su anbarının SES-lə birlikdə və Taxtakörpü-Ceyranbatan kanalının açılış mərasimində respublikamızın iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təmin olunmasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin, bu istiqamətdə həyata keçirilən digər layihələrin əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir.

Dövlət başçısı Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 08 oktyabr 2014-cü ildə keçirilmiş iclasda qeyd etmişdir ki, Taxtakörpü və Şəmkirçay su anbarları layihələrinin icrası nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi dövriyyəyə veriləcək və havanın qeyri-sabit keçməsi və quraqlığın olması bizə az təsir göstərəcəkdir.

- Nəzərə alsaq ki, rəhbərlik etdiyiniz Açıq Səhmdar Cəmiyyət dövlətimizin başçısı İlham Əliyevin 23 fevral 2006-cı il tarixili «Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmiləşdirilməsi haqqında» Fərmanı əsasında yaradılıb, ötən qısa dövrlə bağlı hansı ümumiləşdirməni apara bilərsiniz?

- Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış vəsait hesabına son 2 ildə respublikanın 34 rayonunun 320 yaşayış məntəqəsində əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 550 ədəd subartezian quyusu istifadəyə verilmişdir. Qazılmış subartezian quyuları vasitəsi ilə 10000 hektara yaxın torpaq sahəsinin su təminatı yaxşılaşdırılmış, əhalinin içməli və kommunal-məişət suyuna olan tələbatı ödənilmişdir.

Ölkə əhalisinin daxili istehsal hesabına çörək və çörək məhsulları ilə təmin edilməsi məqsədi ilə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının verdiyi tapşırığın icrası olaraq 2012-ci ildə Yuxarı Mil kanalının 10,7 km-lik hissəsinin tikintisi ilə Beyləqan və Ağcabədi rayonları ərazilərində 4800 hektar, 2013-cü ildə 4,75 km-lik

hissəsinin nasos stansiyası ilə birlikdə tikintisi, 2,3 km-lik hissəsinin yenidənqurulması ilə Füzuli və Ağcabədi rayonlarının ərazilərində 4000 hektar sahədə, eyni zamanda Hacıqabul magistral kanalının 4,3 km-lik hissəsinin tikintisi ilə Hacıqabul rayonu ərazisində 1625 sahədə taxılçılıq təsərrüfatları yaradılmışdır. Cari ildə Sabirabad rayonunun (14397 hektar) və ona bitişik ərazidə Biləsuvar (1682 hektar) rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması üçün beynəlxalq layihə şirkəti tərəfindən layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.

- Dövlətimizin başçısı İlham Əliyev 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mərasimində bu fikri böyük inam və qətiyyətlə bildirmişdir ki, Azərbaycan dövləti öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqamında, eləcə də digər müvafiq dövlət proqramlarında  hər bir sahənin inkişafına xidmət edən konkret tədbirlər öz əksini tapıb. Ötən dövr ərzində bu sahədə icra olunan və icrası davam etdirilən layihələr barədə fikirlərinizi bilmək istərdik...

- «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 20 km-lik hissəsində yenidənqurma işləri aparılmış, Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarının qəsəbə və kəndlərinin 2917 hektar əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması və 2146 hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi üçün nasos stansiyalarının, suyığıcı hovuzların və suvarma boru kəmərlərinin tikintisi və təmir-bərpası üzrə işlər yerinə yetirilmişdir. Cari ildə “2014- 2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı“nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilmişdir.

İşğal zonası ilə təmas xəttində və sərhəd ərazilərdə yerləşən Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl və Şəmkir rayonlarının ərazilərində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 26,4 km uzunluğunda suvarma şəbəkəsi və təzyiqli boru kəmərləri tikilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Hazırda «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nda, «Azərbaycan Respublikası regionlarının 2014-2018 -ci illərdə sosial- iqtisadi inkişafı üzrə Dövlət Proqramı»nda və digərlərində icrası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə aid olan tədbirlərin bir hissəsi artıq yerinə yetirilmiş, digərləri də müvəffəqiyyətlə həyata keçirilməkdədir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda meliorasiya ilə bağlı gələcəkdə xüsusi proqramın qəbul edilməsinin vacibliyi barədə onun verdiyi tapşırığın icrası olaraq, Səhmdar Cəmiyyəti ölkə əhalisinin ərzaqla təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq üçün kənd təsərrüfatı məhsulları istehsalının artırılması, əsasən də taxılçılığın və heyvandarlığın inkişafı üzrə müasir tələblərə uyğun təsərrüfatların yaradılması üçün az məhsuldar qış otlaq sahələrində kompleks meliorativ tədbirlərin aparılması, suvarılan torpaqların genişləndirilməsi, su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, mövcud suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, ölkənin yaşayış məntəqələrinin, torpaqların və infrastruktur obyektlərin sel və daşqınlardan mühafizəsi üçün daha geniş miqyaslı əlavə tədbirlərin görülməsi və sahənin gələcək inkişafının təmin edilməsi məqsədi ilə hazırlanmış "Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının 2014-2020-ci illərdə inkişafına dair Proqram"ı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmişdir.

- Əhməd müəllim,  möhkəm təməl uğurların davamlılığı üçün əsasdır. Son 12 ilin uğurları bu qənaətə hansı əsasları yaradır?

- Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində 2015-ci ildə konkret tədbirlər həyata keçirilmişdir.

2015-ci ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək Cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir.

Hesabat ilində mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Lənkərançay sol sahil magistral kanalındakı akvedukda, Əyriçay nasos stansiyasının binasında, Viləşçay su anbarının irriqasiya su buraxıcı qurğusunda, Ağstafaçay sağ sahil, Yeni Xanqızı, Baş Muğan, Tərtərçay sol sahil magistral kanallarında, Yuxarı Qarabağ kanalının Aşağı Portal baş qurğusunda, Yuxarı Şirvan kanalının Dəvəbatan dükerində, Cənubi Muğan və Şəmkir maşın kanalının qurğularında, Saatlı rayonunda Sabir və Aşağı Muğan kanallarında, Xaçmaz rayonunda Yalama beton kanalında, Kürdəmir rayonunda R-15 kanalında, Ağcabədi rayonunda K-33 kollektorlarında, onların üzərində olan 15 ədəd sukeçirən

qurğularda, 45 ədəd tərpənməz və 19 ədəd üzən nasos stansiyalarında, 76 ədəd subartezian quyusunda, 25 km beton kanallarda, 3484 pm nov kanallarda, ayrı-ayrı rayonların qış otlaq sahələrində 23,6 km uzunluğunda müxtəlif ölçülü boru kəmərlərdə, dağ çaylarında 1840 pm daş-beton mühafizə bəndlərdə bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.

Kür çayı boyunca Sabirabad, Salyan, Neftçala rayonları və Şirvan şəhəri ərazisində təhlükəli döngələrdə 1988 pm uzunluğunda daştökmə yolu ilə sahilbərkitmə işləri aparılmış, Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 56 km məsafəsində möhkəmləndirmə işləri görülmüş, Kür çayının uçmaya meyilli sahillərində 190 km məsafədə qayakəsmə tədbirləri, 4138 kbm həcmində daş-betonitlərlə və 4015 kbm həcmində faşınla sahilbərkitmə işləri yerinə yetirilmişdir.

Bundan əlavə, suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 56,4 mln.kbm həcmində (14350 km) lildən təmizləmə işləri görülmüş, 5262 hidrotexniki qurğu, 900 hidropost, 4214 subartezian nasosu, 55 stasionar nasos, 602 elektrik və dizel mühərriki təmir edilmişdir.

Çay məcralarında 14,7 mln.kbm həcmində məcratəmizləmə işləri aparılmış, 11,7 min kbm şax-daş və faşın, 2,9 min kbm qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 18,4 min kbm həcmində təmir işləri görülmüşdür.

Bu işlərin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.

Vegetasiya suvarması başlananadək su anbarlarında 16,5 mlrd. kbm, həcmində su toplanmışdır ki, bu da ötən ilin vegetasiya suvarmasının mütəşəkkil keçirilməsinə şərait yaratmışdır.

Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1374,1 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılmış, o cümlədən taxıl 540347 hektarda 2,4 dəfə, pambıq 19908 hektarda 3,2 dəfə, tütün 1216 hektarda 4,2 dəfə, yem bitkiləri 484053 hektarda 3,7 dəfə, bostan-tərəvəz 74668 hektarda 4,8 dəfə, çoxillik əkmələr 95902 hektarda 3,3 dəfə və həyətyanı sahələr 158009 hektarda 4,4 dəfə suvarılmışdır. Bütün suvarma mənbələrindən 8,3 mlrd. kbm su götürülmüş və ayrıclardan su istifadəçilərinə 5,9 mlrd. kbm su verilmişdir.

Ölkədə kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək və ölkənin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «2015-ci ilin Azərbaycan Respublikasında «Kənd təsərrüfatı ili» elan edilməsi haqqında» 12 yanvar 2015-ci il tarxli Sərəncam imzalanmış, Prezidentin 3 aprel 2015-ci il tarixli Sərancamı ilə «2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı» təsdiq edilmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir. Bu böyük diqqət və qayğıya javab olaraq, Cəmiyyətin kollektivi mövjud meliorasiya və irriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqinjə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səylə çalışacaqlar.