MÜSAHİBƏLƏR
1993-cü ildə qurtuluşla bu günki qüdrətli Azərbaycanın təməli qoyuldu
- İqbal müəllim, iyunun 15-də xalqımız Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olan Milli Qurtuluş Gününü qeyd edəcək. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın düşdüyü ağır vəziyyətdən xilas edilməsi ilə bağlıdır. 15 iyunun Azərbaycan tarixində yeri və rolu nədən ibarətdir?
- Hər bir vətəndaş və ya bütöv xalqlar, millətlər üçün azadlıq, müstəqillik ən müqəddəs, ən şirin nemətdir. Müstəqil yaşamaq, öz dövlətini qurmaq və taleyinin sahibi olmaq, hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. Biz, azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmiş , tarix boyu azadlıq uğrunda mücadilələr vermiş və bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq ondan daha mürəkkəb və ağır məsələdir. 1993-cü ildə biz yeni qazandığımız müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Məhz 15 iyun Milli Qurtuluş Günü, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır zamanda Ulu öndər Heydər Əliyevin xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıdışı, həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib gələcəyə inamla baxan güclü və sabit bir dövlətə çevirməsinin başlanğıcı sayılan gün kimi tariximizə həkk olundu.
- Sizcə, qurtuluş məfkurəsi Azərbaycan xalqına və dövlətinə nə verdi?
- Biz artıq bir dəfə əsrin əvvəlində yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin işğalı nəticəsində müstəqilliyimizi itirmişdik. Müstəqilliyimizin təkrar itirilməsi isə xalqımız üçün sağalmaz yara olardı və bir daha bu xalqı ayağa qaldırmaq üçün bəlkə də əsrlər lazım olacaqdı. Bütün bunları nəzərə alsaq qurtuluş məfkurəsi Azərbaycan xalqına və dövlətinə ümid, öz liderinə inam və güvən verdi.
- İqbal müəllim, 1993-cü ildə qurtuluşdan başlanan yol bu gün hansı uğurlarla müşayiət olunur? Hazırda bu yolun davamı haqqında nə deyə bilərsiniz?
- 1993-cü ildə qurtuluşla bu günki qüdrətli Azərbaycanın təməli qoyuldu. Bu təməlin nə qədər sağlam qoyulmasına isə bu gün hamımız şahidlik edirik. Bu gün Azərbaycanın istifadə etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetik, mədəni, ictimai və sosial potensial məhz həmin illərdə Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılmışdır. O dövrdə ölkəmizdə xaos yaratmağa çalışan xarici dövlətlər bu gün Azərbaycanla hesablaşmaq məcburiyyətindədirlər. Azərbaycanın bugünki iqtisadi, siyasi və hərbi qüdrəti 1993-cü ildə qurtuluşla başlayan uğurlu siyasi yolun nə dərəcədə düzgün olduğu və müvəffəqiyyətlə izlənməsinin nəticəsidir. Məhz Milli Qurtuluş Gününün memarı olan Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursu, bu kursun bu gün layiqli davam etdirilməsi nəticəsində ölkəmiz bu səviyyəyə gəlib çatmış və hər keçən gün daha da inkişaf etməkdədir.
- Bu gün həmin tarixi missiyanı Ümümmilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdrir. Azərbaycanda həyata keçirilən ciddi iqtisadi, siyasi, sosial islahatlar bu gün sürətli inkişafla nəticələnib. Azərbaycan cox iddialı layihələri həyata keçirməyə qadir olduğunu sübut etdi....
- Tamamilə düz buyurursunuz. Bu günki inkişafımız, ölkəmizin qısa müddət ərzində qət etdiyi bu məsafə bilavasitə dövlətçilik təməllərinin nə dərəcə sağlam qoyulması və bu gün bu dövlətçiliyin sağlam əllərdə olmasının nəticəsidir. Bütün dünyanı öz ağuşuna almış iqtisadi böhran zamanı belə Azərbaycanın dövlət büdcəsində artan templə hazırlanması, sosial müavinətlərin əvvəlki dövrlərlə müqayisə edilməyən dərəcədə artması, ordu quruculuğu və hərbi qüdrətin hansı səviyyəyə gəlməsi, ölkəmizdə aparılan tikinti-quruculuq işlərinin bir an olsun dayanmaması məhz möhtərəm prezidentimiz İlham Əliyev cənablarının Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqli davam etdirməsi nəticəsində baş verməkdədir. Azərbaycan bu gün beynəlxalq tədbir iştirakçısından, bu tədbirlərə ev sahibliyi etmə səviyyəsinə gəlmişdir. Təkcə 2012-ci ildə Avroviziya mahnı yarışmasının Bakı şəhərində keçirilən müsabiqəsinə nəzər salmaq haqlı olmaq üçün kifayət edər. Belə ki, ölkəmizdə keçirilən bu mötəbər tədbir, öz möhtəşəmliyi ilə bütün dünyanı heyrətə salmışdır.
- İqbal müəllim, Azərbaycan mötəbər beynəlxalq tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. İyunun 12-də ölkəmizdə ilk Avropa Oyunları başlayır. Bu hadisənin ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?
- Bir az əvvəl də qeyd etdiyim kimi ölkəmiz artıq mötəbər yarışlara, dünya səviyyəli tədbirlərə ev sahibliyi etməyə başlamışdır. Birinci Avropa oyunlarının Azərbaycanda keçirilməsinə nail olmaq tarixi bir hadisədir. Çünki başqa qitə oyunlarından fərqli olaraq, bu oyunlar heç vaxt keçirilməmişdir. Bu tarixi nailiyyət cənab Prezidentimiz başda olmaqla Azərbaycan xalqınındır.
Ölkəmizdə keçiriləcək bu tədbir, Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. Burada 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir. Baş Assambleyada iştirakçıların arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Bütün bunları qeyd etməkdə məqsədim bu oyunların nə dərəcədə mötəbər bir tədbir olması və ölkəmizin aldığı yüksəs səs faizinin beynəlxalq aləmdə qazanmış olduğu nüfuzunu diqqətinizə çatdırmaqdır.
Belə mötəbər bir tədbirin Azərbaycanda, ümumiyyətlə hər hansı bir ölkədə keçirilməsinin əhəmiyyəti haqqında kitab yazmaq olar. Amma mən yenə də qısaca bir-iki cümlə ilə qeyd edim. Bu gün dünyada silahlı müharibədən daha çox mədəniyyətlərarası müharibə təsirə malikdir və inkişaf etmiş dövlətlər arasında çox sürətlə aparılmaqdadır. Birinci Avropa oyunları, ölkəmizin hazırki dünya siyasətindəki rolu və mövqeyinə verəcəyi dəstək; müasir, demokratik və təhlükəsiz olduğunu bir daha təsdiqləmək; beynəlxalq arenada ölkəmizin xarici dövlət və təşkilatlarla əlaqəsini daha etibarlı etmək; sülhsevər və qonaqpərvər xalqımızı dünya ictimaiyyətinə tanıtmaq və s. baxımından olduqca əhəmiyyətlidir.