YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında”” Fərman çox mühüm sənəddir

Müsahibimiz Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev

- Musa müəllim, hər il 31 mart tarixi azərbaycanlıların soyqırımı günü kimi anılır.  Ümumiyyətlə, xalqımıza qarşı törədilmiş soyqırımın tarixi kökləri haqqında nə deyə bilərsiniz? Bu prosesdə ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nə dərəcədə rol oynayıb?

- Əlbəttə ki, bu proseslərdə ermənilərin bizim tarixi torpaqlara köçürülməsi başlıca rol oynayır. 1828-ci il fevral ayının 10-da Türkmənçay müqaviləsi bağlandı, Rusiya və İran arasındakı yeni sərhədlər müəyyənləşdi, Azərbaycan torpaqlarının Arazdan şimalda yerləşən əraziləri Rusiya imperiyasına qatıldı.
Rusiya ilə Türkiyə arasında 1829-cu ildə Adriopol sülh müqaviləsi imzalandı. Rusiya Türkiyənin Şərqindəki ərazilərə sahib oldu. Bununla da, Rusiyanın Qafqazın işğalına yönəlmiş yüz ildən artıq davam edən işğalçılıq siyasəti imperiyanın yeni torpaqlar əldə etməsi ilə tamamlandı. Ancaq, çox təəssüflər olsun ki, Rusiyanın Qafqaz xalqlarına pisliyi onların torpaqlarını qəsb etməklə tamamlanmadı.
Ruslar İrandan və Türkiyədən erməniləri köçürüb Qafqaza gətirməklə bu torpaqlara qanqal toxumu, bu xalqların arasına isə nifaq toxumu səpdilər. Bu siyasət Rusiya imperiyasının "parçala və hökm sür" ideyasının təzahürü, xalqları parçalamaqla, onları qarşı-qarşıya qoymaqla əyalətlərdə idarəçiliyi asanlaşdırmaq, ekspansionist dövlətin nüfuzunu qoruyub-saxlamaq siyasəti idi. Məhz ermənilər bu siyasət üçün çar Rusiyasına çox lazım idilər. İndinin özündə də, Qafqaz xalqları ermənilərin səmimiyyətinə inanmırlar, ermənilərin də Qafqazda yaşayan heç bir xalqla, istər müsəlman, istərsə də xristianlarla mehriban münasibəti yoxdur. Çünki ermənilər Qafqaza gələndən, fitnə-fəsad salmaqla, qırğın törətməklə, terror etməklə, yerli əhalinin rahatlığını əlindən alıblar.
Onlar həmişə gah Azərbaycana, gah Gürcüstana torpaq iddiası irəli sürüblər. Gah Şimali Qafqazı, gah da Krımı erməni torpaqları elan etmək fikrində olublar. İndi də bu iddialar davam etməkdədir.
Rusiya imperiyasına isə sərhəddə belə xristian əhalisinin olması əlverişli idi.
Lakin Qafqazın rus ekspansiyası başa çatanda burada yaşayan ermənilərin sayı olduqca az idi. Buna görə də, Qafqazda parçalayıcı faktor kimi, ermənilərin çoxalması lazım idi.
İrandan və Türkiyədən ermənilərin axını XIX əsrin sonuna qədər davam etdi, bu axın 1853-1856, 1877-1878-ci illərdə və 1894, 1896-cı ildə daha da gücləndi. Əgər 1831-ci ildə Qafqazda cəmi 161 min erməni var idisə, 1897-ci ildə artıq Qafqazda 1148673 nəfər erməni yaşayırdı.  
Qeyd etmək lazımdır ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsindən sonra Azərbaycan torpaqlarında yerləşdirilən ermənilərin iştirakı ilə XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı soyqırımlar törədilib. Yəni bu dövrdən etibarən, hadisələr etnik təmizləmə, deportasiya mərhələsindən soyqırım mərhələsinə keçib. İlk növbədə, azərbaycanlıların sahib olduqları ərazilər əllərindən alınmağa başlandı. Konkret olaraq, ermənilərin köçürülməsi ilk olaraq İrəvan quberniyası ərazisində başlandı, oraya Naxçıvan qəzasının ərazisi, Zəngəzur qəzasının, Qarabağ xanlığının ərazisi daxil idi. Bu hadisələr isə ona gətirib çıxartdı ki, həmin ərazilərdə ermənilərin sayı 1 milyon 300 mindən nəfərdən çox oldu. Baxmayaraq ki, Gülüstan sülh müqaviləsinə qədər bu ərazidə 1 nəfər də olsun erməni yaşamayıb.

- 1918-ci ilin mart hadisələri haqqında nə deyə bilərsiniz? 

- Bilirsiniz ki, o zamanlar dünyada, eləcə də regionumuzda mürəkkəb hadisələr baş verirdi. 1918-ci ildə başlayan inqilablar Qafqaza da təsir etdi. Çar hökuməti yıxılandan sonra müvəqqəti hökumət quruldu. Bununla belə,  bir növ hakimiyyətsizlik yarandı. Həmin dövrdə Zaqafqaziya Seymi mayın 26-da toplandı. Hər bir xalqın öz müstəqilliyini elan etməsi barədə qərar verildi. Mayın 27-də gürcülər öz müstəqilliyini elan etdilər. Mayın 28-də Azərbaycanın müstəqilliyi elan olundu. Ermənilər isə bunu edə bilmədi. Çünki onların torpaqları, tarixi dövləti yox idi. Belə olan halda, Rusiyanın, Türkiyənin, İngiltərənin, Almaniyannı razılığı ilə qərara gəlindi ki, İrəvan ətrafında müəyyən ərazi ermənilərə verilsin ki, müstəqiliyini elan edə bilsinlər. Həmin müzakirələrdə İrəvandan olan  deputatlar işirak etmədilər. Toplantıda iştirak edən azərbaycanlı  deputatların da hamısı qərarı dəstəkləmədilər. Torpaqlar ermənilərə verilərkən belə bir şərt bağlandı ki, ermənilər bundan sonra Azərbaycana qarşı ərazi iddialarında olmayacaq, düşmənçiliyə son qoyacaqlar. Müqavilənin şərtlərində də bu var. 
Amma ermənilər dənizdən dənizə dövlət yaratmaq istəyirdilər. Onlar bununla da, etnik çoxluqlarını sübut etmək istəyirdilər. O zaman isə Zaqafqaziyada ermənilərin etnik çoxluq təşkil etdiyi bölgə yox idi. Belə bir şəraitdə Türkiyə tərəfindən ifşa olunmuş, ordudan qovulmuş və Bolqarıstana qaçan general Andranik Ozanyan 10 min nəfərlik erməni dəstəsi ilə Qafqaza gəldi. Məqsəd isə bu idi ki, ordusunun vasitəsilə indiki Qərbi Azərbaycan torpaqlarında azərbaycanlıları qovub çıxarsın. Bütün bunlar «Böyük Ermənistan» dövlətinin yaradılmasına xidmət edirdi. Həmin bu ideyaya bolşevik mundiri geyinmiş daşnak ideologiyalı Şaumyan da Bakıda dəstək verdi. Bakıda  guya bolşeviklərin qələbəsini təmin etmək adı altında erməni dəstələri yaradıldı. Həmin dəstələr Bakıda, Gəncədə, Qubada, Şamaxıda, Qarabağda qırğınlar törətdilər. Andranik isə  Şərur, Dərələyəz, Vedibasar, Zəngəzuru işğal etməklə gəlib Qarabağda Şaumyanın dəstələri ilə birləşməli idi. Bununla da,  «böyük erməni» dövləti yaratmaq istəyirdilər. Bu məqsədə çatmaq üçün on minlərlə dinc azərbaycanlılar qətlə yetirildi. 
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilmişdi. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. Ermənilər qoca, qadın, uşaq fərq qoymadan qətlə yetirmişdilər. Bütövlükdə götürəndə, Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilmişdi, Şamaxının 75 kəndi, Qubanın 122 kəndi, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Ermənilər tərəfindən həm ideoloji, həm də həm də hazırlıqlar var idi.   Kilsə də onların ideoloji-hərbi mərkəzi idi. Azərbaycanlılar isə belə vəziyyətə hazır deyildilər. Çünki ermənilərin məkrli niyyətlərindən xəbərsiz idilər. Bu hadisələr zamanı ermənilər tarixdə görünməyən vəhşilikləri xalqımıza qarşı törədiblər. 
Bu gün Quba məzarlığı xalqımıza qarşı törədilən soyqrımın əyani sübutudur. 1992-ci ildə Xocalıda soyqırımın törədilməsi isə ermənilərin  hansı insanlıqdan kənar hisslərə sahib olduğunu göstərdi. Yəni daşnak ideologiyası bu gün də onların içində yaşayır. 

- Bəs sovetlər hakimiyyəti dövründə azərbaycanlıların soyqırıma məruz qalması hansı faktlarla öz əksini tapır? 

- Sovet hakimiyyəti dövründə də azərbaycanlılara qarşı soyqırımı gizli şəkildə davam edib. 1930-cu illərdə kollektivləşmə adı altında indiki Ermənistanda yaşayan bir çox azərbaycanlılar daşnaklar tərəfindən sürgünlərə məruz qaldılar. 1937-38-ci il repressiyaları zamanı da bu ərazidə yaşayan azərbaycanlı ziyalılar hədəfə çevrilmişdilər. Həmçinin, Böyük Vətən Müharibəsi dövründə də  azərbaycanlılar ermənilərlə müqayisədə iki dəfə çox cəbhəyə göndərildi. Məqsəd isə onların azalması idi. Nəhayət, 1948-1953-ci illərdə Stalinin məlum fərmanı ilə Ermənistanda yaşayan 100 min azərbaycanlı öz dədə-baba torpaqlarından  deportasiya olundu. Guya həmin insanlar Mil-Muğan düzündə pambıqçılığın inkişafı üçün köçürülüblər. Bu, bəlkə dünya tarixində yeganə olaraq  ölkə rəhbərliyinin qərarı ilə öz əhalisini deportasiya etmək qərarı idi. Dağ yerində yaşayan, ömründə pambıq görməyən insan necə pambıqçılığı inkişaf etdirə bilər? Yəni bu qərar birbaşa həmin insanları ölümə məhkum etmək idi. 
Ümumiyyətlə, 1948-ci ildən 1980-ci illərə qədər Ermənistanda yaşayan azərbaycanlılara qarşı gizli etnik təmizləmə siyasəti aparıldı. Bu illər ərzində Ermənitsanda yaşayan, oxuyan, ali təhsil alan azərbaycanlılara çox zaman iş vermirdilər, təzyiqlər göstərirdilər. 
Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Ümummilli lider  Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalayıb. Bu sənəddə göstərilir ki, Sovet hökumətinin qərarları xalqımıza qarşı deportasiya siyasəti idi və deportasiya isə soyqırımına aparan ən böyük cinayət aktlarından biridir. 
1988-c ildə isə Qarabağ probleminin başlaması  ilə  Ermənistanda yaşayan bütün azərbaycanlıların hamısı deportasya olundu. 1988-ci ilin sonunda Ermənistanda 23 rayonda 261 kənddə yaşayan 250 min insandan bir nəfər də qalmadı. Təkcə Nüvədi kəndinin əhalisi 1991-ci ilə qədər müqavimət göstərə bildi. 

- Ümummilli liderimiz Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. İstərdik ki, bu sənədin əhəmiyyəti haqqında fikirlərinizi bildirəsiniz...

- Ümumiyyətlə, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı mühüm siyasi və elmi əhəmiyyət kəsb edən fikirləri var. Ulu öndərimiz vurğulayırdı ki, Azərbaycan xalqının XX əsrin sonunda əldə etdiyi ən böyük nailiyyətlərdən biri dövlət müstəqilliyinin bərpasıdır. Həqiqətən də, müstəqillik istənilən xalq, o cümlədən, Azərbaycan xalqı üçün böyük nemətdir. Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini araşdırmaq, üzləşdiyi faciələri xatırlamaq və onlara işıq salmaq imkanı əldə etdi. Bu mənada XX əsrin 18-20-ci illərində yaşanmış faciələrə də siyasi, elmi və tarixi nöqteyi-nəzərdən işıq salmaq imkanı yarandı. Xüsusilə, Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında”” Fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Dediyim kimi, Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə, tarixini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqq qazandı. Bu baxımdan, əlbəttə ki, imzalanan Fərmanın böyük əhəmiyyəti var. 
Bilirsiniz, dünyada elə qüvvələr var ki, dünyada güclü türk-müsəlman dövlətinin olmasını istəmirlər. Azərbaycan bu regionun istər coğrafi baxımdan ən böyük ərazisi olan, istər təbii sərvətlərinə görə, istərsə də, əhalisinin sayı baxımından ən böyük dövlətidir. Ona görə də, Azərbaycanın qüdrətli dövlət, söz sahibi olması bir sıra qüvvələrin marağında deyil. Amma Azərbaycan öz yolu ilə inamla gedir. Ümummilli liderimiz  Heydər Əliyevin müəyyənləşdirdiy siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət daim müstəqilliyimizi möhkəmləndirir, ölkəmizin nüfuzunu artırır. Biz nə qədər çox güclü olacağıqsa, hamı bizimlə hesablaşacaq. Ona görə də, strateji xəttimiz güclü dövlət olmaqdan ibarətdir. Və bu yolu da gedirik. Nəticələr isə ortadadır. Azərbaycan bir neçə il öncə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi, nüfuzlu Davos Forumunun üzvüdür. Eyni zamanda, dünyanın mötəbər  beynəlxalq tədbirləri ölkəmizdə keçirilir. Bu artıq Azərbaycanın nəinki regionda, dünyada güclü dövlətlər sırasına çıxmasını şərtləndirir. Əminəm ki, gec-tez Qarabağı, bütün işğal olunmuş torpaqlarımızı  azad edəcəyik, tarixi torpaqlarımıza sahib olacayıq. Bütün bunlardan ötrü güclü olmalıyıq. Millətimizin və dövlətimizin  potensialı bu hədəflərə çatmağa imkan verir.

- Ermənilər  uydurma «erməni soyqırımının» 100 illiyini qeyd etməyə hazırlaşır. Bu saxtakarlığın siyasi-ideoloji məqsədləri nədən ibarətdir? 

- Ümumiyyətlə, ermənilər uzun illərdir ki, dünyada öz yalanlarını təbliğ etməklə məşğuldur. Onlar dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, guya 1915-ci ildə Osmanlı dövləti öz vətəndaşları olan ermənilərə qarşı soyqırım törədiblər. Əslində, 100 ildir gedən bu təbliğatın nə siyasi, nə hüquqi, nə də tarixi əsası yoxdur. Əgər Birinci Dünya müharibəsi dövründə soyqırım baş veribsə, bu soyqırım türklərə qarşı olub. Ən dəhşətli soyqırım isə azərbaycanlılara qarşı törədilib. Sovet dövründə bu məsələ haqda  nə yazmağa, nə danışmağa, nə də ictimailəşdirməyə imkan verilməyib. Yalnız müstəqillik əldə edildikdən sonra bu hadisələr ictimaiyyətə açıqlandı. Həm 1905-1906-cı illərdə, həm də 1918-1920-ci illərdə daşnak-bolşevik ermənilər tərəfindən xalqımıza qarşı qətliamlar törədilib.
Ümumiyyətlə, bu, çox geniş mövzudur. Amma qısa olaraq demək istəyirəm ki, bu hadisələrin kökündə qərbi Avropa dövlətlərinin və çar Rusiyasının Osmanlı dövlətini dağıtmaq siyasəti dayanırdı. Rusiyanın Qafqazda möhkəmlənməsi, Osmanlı və İran  imperiyalarının tənəzzülü XIX əsrin sonlarında ermənilərin separatçılıq meyllərinin daha da güclənməsinə səbəb oldu. Mifik "Böyük Ermənistan" ideyasından bir an da olsun əl çəkməyən avantürist erməni siyasətçiləri Şərqi Anadolu və Qafqaz torpaqlarında erməni dövləti yaratmaq planlarını reallaşdırmaq məqsədilə siyasi təşkilatlar yaratmağa başladılar. Təxminən bu dövrlərdə bir sıra Avropa ölkələrinin və Rusiyanın ideoloji silah kimi işləyib hazırladığı "erməni məsələsi" deyilən bir siyasi avantüra ortaya çıxdı. Guya ki, Türkiyə ərazisində yaşayan ermənilərin hüquqi təminatlarının yaradılması məqsədi daşıyan "erməni məsələsi" əslində Osmanlı imperiyasını dağıtmaq üçün düşünülmüşdü. "Erməni məsələsi" "Şərq məsələsi"nin tərkib hissəsi olaraq XIX əsrin ikinci yarısında ortaya atılmış və 13 iyun 1878-ci il tarixli Berlin konfransında rəsmiləşmişdi. Bu konfransın qətnaməsi, əslində, osmanlı Türkiyəsini içəridən dağıtmaq məqsədi güdürdü. 
1885-ci ildə İstanbulda "Armenakan" adlı inqilabçı-separatist təmayüllü erməni partiyası yaradıldı. Onun ardınca eyni məqsədə xidmət etmək üçün 1887-ci ildə Cenevrədə "Qnçak", 1890-cı ildə isə Tiflisdə "Daşnaksütun" partiyaları fəaliyyətə başladı. Hər üç erməni partiyasının nizamnamə və proqram sənədlərində ali məqsəd olaraq "Böyük Ermənistan" dövlətini qurmaq məsələsi qarşıya qoyulmuş, bu məqsədə çatmaq üçün isə bütün vasitələrdən, o cümlədən, inqilab, silahlı üsyan və terror üsullarından istifadə etməyin mümkünlüyü qeyd olunmuşdu. Həmin partiyaların proqram və nizamnamələri indiyədək arxivlərdə qalır, "Daşnaksütun" partiyası isə hələ də fəaliyyət göstərməkdədir. Çox təəssüf olsun ki, mələk donu geymiş qərb dünyası indinin özündə belə həmin partiyaları terrorçu elan etmir, həmin qeyri-humanist ideyaların daşıyıcıları olan bugünkü terrorçu erməni qüvvələri "görmür"lər.
Qeyd edim ki, Birinci Dünya müharibəsində erməniləri dəstəkləyənlərin istəyi baş tutmadı. Türklər çeviklik göstərərək 1915-ci ildə erməni üsyanlarını yatırdı. Ermənilərin satqınlığı aydınlaşdı. Belə olan halda müharibə qaydalarına uyğun olaraq həm erməni əhalisinin təhlükəsizliyinin təmin olunması, həm də təxribatlardan qorunmaq məqsədilə onlar ölkənin bir ərazisindən başqa bir əraziyə köçürüldülər. Amma belə zamanlarda yaşayış məntəqələrinə qarşılıqlı hücumlar olurdu. Bütün bunları isə ermənilər özlərinə qarşı «soyqırımı» kimi qiymətləndirirlər. İkinci Dünya müharibəsi zamanı yəhudilərə qarış Holokost hadisələri dünyada genosid anlayışını gündəmə gətirdi. O zamandan ermənilər bu kampaniyaya başlayıblar. ASALA terror təşkilatı yaratdılar ki, guya ermənilərin qisasını alsınlar. Məqsəd dünyanı bu işə cəlb etmək, Türkiyədən təzminat almaq, ikinci erməni dövləti yaratmaq idi. Amma bunlar baş tutmadı.
Amma ermənilər bu gün də məkrli məqsədlərinin həyata keçməsinə çalışırlar. Dunya dövlətləri isə buna qarşı susur. Beynəlxalq birlik  Qarabağ problemi başlayandan Azərbaycanda 20 mindən çox insanı qətlə yetirən, 1 milyon adamı soyqırıma və deportasiyaya məruz qoyan, faktla sübuta yetirilmiş 40-a yaxın terror əməliyyatı həyata keçirmiş və Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistanı terrorçu dövlət kimi tanımaq istəmir. Ancaq ötən 100-150 ilin acı təcrübəsi göstərir ki, dünyada ermənilər qədər separatçı, dağıdıcı və məkrli niyyətlərə xidmət edən ikinci bir qüvvə yoxdur.