YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Heydər Əliyev ideyaları Azərbaycana möhtəşəm nailiyyətlər qazandırır

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov

- Eldar müəllim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü həm respublikamızın bütün guşələrində, həm də müxtəlif ölkələrdə  böyük təntənə ilə qeyd olunur. Ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri haqqında nə deyə bilərsiniz?

- XX əsrdə  Azərbaycan xalqının yetirdiyi  nadir şəxsiyyət, Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 29 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur: “Heydər Əliyev öz xalqını  zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq  onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı  yeni əsrə və yeni minilliyə  məhz Heydər Əliyev zəkasının  işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliliyən müasir Azərbaycan  Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Həqiqətən də,  bütün dövrlərdə  hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi yadda qalan  böyük fəxrlə yad etdiyiyimiz  dahi şəxsiyyət Heydər Əliyevdir. Heydər Əliyev irsi  bu vaxta qədər də layiqincə öyrənilən predmet olsa da, Prezidentin imzaladığı bu Sərəncam Ulu Öndərin irsinin daha dərindən və əhatəli öyrənilməsi üçün geniş imkanlar açır. Bu isə Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsinin  olduqca geniş və çox şaxəli olması ilə  əlaqədardır və hələ uzun müddət diqqəti özünə cəlb edəcəkdir. 

Ulu öndərin həyat fəlsəfəsinin ana xəttini isə  öz xalqına  həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Ulu öndərin fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi  gördüyü işlərin - bu məqsədi daşıdığının şahidi oluruq. Ona görə də  Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt  itirməyən məsələdir.

Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər yüksək əzmkarlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur. Komitədə işlədiyi dövrdə kəşfiyyat və əks-kəşfiyyat məsələlərinə dair ən çətin tapşırıqları Heydər Əliyev lazımi səviyyədə  yüksək peşəkarlıqla icra edirdi. Heydər Əliyevin sonrakı fəaliyyətini isə 4 mərhələdə, yəni  Azərbaycan Respublikasına birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illəri, SSRİ rəhbərliyində təmsil olunduğu 1982-1987-ci illər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri olduğu 1990-1993-cü illər və müstəqil Azərbaycan Respublikasına ikinci dəfə rəhbərlik etdiyi 1993-2003-cü illəri əhatə edən  dövrdəki gördüyü işlərə əsasən xarakterizə etmək olar.

- Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci mərhələsini necə xarakterizə edərdiniz?

-Azərbaycan Respublikasına birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində Heydər Əliyevin apardığı hərtərəfli və əhatəli işlər, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, neft-maşınqayırma və  kimya sənayesi inkişaf etdi, istehsal etdiyi rəqabət qabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı. Məhz həmin illərdə  Azərbaycan Respublikasının gələcəkdə müstəqil bir ölkə kimi fəaliyyət göstərməsi üçün möhkəm  təməl yaradıldı.

Belə ki, bu illər ərzində Azərbaycan Respublikasında  iqtisadiyyatın bütün sahələrində olduğu kimi aqrar-sənaye kompleksinin və onun aparıcı bölməsi olan kənd təsərrüfatının inkişafında möhtəşəm nailiyyətlər əldə olundu. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və səyləri, habelə SSRİ rəhbərliyində yüksək nüfuzu nəticəsində keçmiş Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin  Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı 3 qərarı qəbul edilmişdir. Məhz bu qərarların qəbul edilməsi və çox uğurla və vaxtında yerinə yetirilməsi sayəsində  Azərbaycan Respublikası bütün növ kənd təsərrüfatı məhsulları istehsalına görə rekord nəticələr əldə etdi, üzüm istehsalında 2 milyon ton həddi keçərək SSRİ məkanında birinci yeri tutdu. Həmin dövrdə təsərrüfatların maddi-texniki bazası yeni texnika və texnologiya ilə möhkəmləndi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin edildi, heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı heyvandarlıq kompleksləri və quşçuluq fabrikləri fəaliyyətə başladı. Bütün bunlar kənd təsərrüfatı məhsulları istehsalının dinamik və davamlı inkişafını təmin etdi, respublikamız bu göstəricilərə görə İttifaqda ön sıraya çıxdı.

Heydər Əliyevin gərgin əməyi,  uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində həmin illərdə sosial obyektlərin tikintisi də böyük vüsət aldı, bölgələrdə yeni müasir məktəblər, xəstəxana, mədəniyyət evləri,  kinoteatr və  yaşayış  binaları,   digər sosial  obyektlərin inşa edilməsi xüsusi nəzarətə götürüldü və uğurlu nəticələr əldə olundu.

Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda ağır sənayenin inkişafında da əhəmiyyətli dönüş yarandı. İttifaqda ən iri maşınqayırma zavodları inşa edildi. SSRİ-də yeganə olan Bakı kondinsionerlər zavodu, Bakı yeni neftayırma zavodu, Azərelektroterm zavodu, habelə Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müxtəlif təyinatlı yeni maşınqayırma zavodları tikilib istifadəyə verildi və bir çox mövcud zavodlar müasir avadanlıqlarla təmin edilərək modernləşdirildi. Bununla da  respublikamız İttifaq miqyasında subsidiya alan  respublikadan donor respublikaya çevrildi. 

Heydər Əliyevin Azərbaycan Respublikasına həmin dövrdə rəhbərliyi  sayəsində əldə edilən  nailiyyətlər hörmətli Prezidentimiz İlham Əliyev cənablarının “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” Sərəncamında özünün əhatəli əksini tapmışdır. Sərəncamda deyilir: “1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır”. Hesab edirik ki, bu Heydər Əliyevin Azərbaycan Respublikasına 1969-1982-ci illərdə rəhbərlik etdiyi dövrə verilən ən real və obyektiv qiymətdir.

Heydər Əliyev 1982-1987-ci illərdə   SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işlədiyi müddətdə İttifaqda mövcud olan ən problemli sahələrin, o cümlədən dünyada ən çox böyük maliyyə tutumlu Baykal-Amur Magistralının  ( BAM )  tikintisi, SSRİ-də səhiyyənin və nəqliyyatın inkişafı  və digər sosial problemlərin həlli ilə dərindən məşğul olaraq həmin sahələrdə əsaslı dönüş yaratmağa nail oldu. Heydər Əliyev artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar bir rəhbər kimi  tanınaraq yüksək nüfuz sahibi idi. O, tez-tez inkişaf etmiş  və dünyada böyük  təsirə malik xarici  ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Heydər Əliyev Azərbaycandan kənarda olsa da həmin illərdə respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllində köməklik göstərir və respublikamızın dinamik inkişafı üçün əlindən gələni edirdi. Onun liderlik məharəti, ittifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxıllıq hissi yaradırdı. Bu paxıllığın  nəticəsi idi ki, 1987-ci ildə Heydər Əliyev özünə qarşı  SSRİ rəhbərliyi tərəfindən aparılan  təqiblərə cavab olaraq vəzifəsindən istefa verməyə məcbur oldu.

Bununla belə bütün qadağalara baxmayaraq Heydər Əliyev SSRİ-də və Azərbaycanda gedən prosesləri diqqətlə  izləməkdə davam edirdi. 1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakıda qırğın törədəndən sonra buna ən sərt şəkildə etiraz edən də məhz ümummilli lider idi.  Həmin vaxt o, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında təşkil edilən mətbuat konfransında SSRİ-nin rəhbərliyini açıq formada kəskin tənqid edib xalqı ilə birlikdə olduğunu bəyan etmişdir.

- Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi də müasir dövlətçilik tariximizdə önəmli yer tutur…

-Heydər Əliyev 1990-cı il iyulun 22-də öz ana vətəni olan Naxçıvana gəldi. Naxçıvan əhalisi həmin  vaxt yaranmış  çox acınacaqlı vəziyyətdən  çıxış yolunun tanınmış siyasi xadim, həmişə vətəni və xalqı üçün həvəslə çalışmış Heydər Əliyevin  aktiv həyata qaytarılmasında  gördüyündən onu  Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçdi. 1990-cı ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Bundan başqa onun təklifi ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı. Habelə, dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik günü elan edildi. 1991-ci il sentyabrın 3-də xalqın istəyi və arzusu reallaşdı və Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Bununla da  nəinki Naxçıvanın Muxtar Respublika kimi, həm də   Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol  həmin  gündən başladı.

Ali Məclisin sədri kimi o, həm Ermənistanla müharibədə və həm də bölgənin iqtisadiyyatında əsaslı dönüş yaratdı. Bunun sayəsində    Naxçıvan əhalisinin Heydər Əliyevə olan  inamı  və  ümidi  getdikcə artır və adamlar onun ətrafında daha sıx birləşərək Muxtar Respublikanın gələcəyi naminə əzmkarlıqla çalışırdı. 

- Ümummilli Liderin 1993-cü ilin iyun ayında ölkə rəhbərliyinə tarixi qayıdışı Azərbaycanın xilası kimi səciyyələndirilir…

- 1991-ci il 18 oktyabr tarixində Bakıda Azərbaycan Ali Sovetinin iclasında Azərbaycan Respublikasının ikinci dəfə öz müstəqilliyi və suverenliyi haqqında  Konstitusiya aktı qəbul  olundu. Lakin müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səbatsızlığı,  siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olmaları cəbhədə və ölkə daxilində mövcud  gərginliyi daha da artırırdı. Artıq müstəqil Azərbaycan Respublikası öz tarixinin ən ağır çağlarını yaşayır  və   suverenliyini itirmək təhlükəsi  qarşısında idi. Bunun məntiqi nəticəsi kimi 1993- cü il iyunun 4-də Gəncədə iqtidara tam etimadsızlıq göstərilərək qiyam baş verdi, qardaş qanı axıdılmaqla demək olar ki, vətəndaş müharibəsi başlandı. Bunu görən Azərbaycan xalqı  böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim Heydər Əliyevi təkidlə ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi.

Xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin Ali qanunverici orqanının sədri, həmin ilin oktyabr ayının 3-də isə  Azərbaycan Respublikasının Prezidenti seçildi. Separatçı ermənilər tərəfindən  başlanmış   Ermənistan- Azərbaycan müharibəsində  1994-cü il mayın 12-də Heydər Əliyevin təşəbbüsü ilə atəşkəsə nail olundu. Bundan sonra ölkədə siyasi və iqtisadi  sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ildə Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə müstəqil Azərbaycan Respublikasının ilk  yeni Konstitusiyası qəbul olundu.

Heydər Əliyev müstəqil və suveren  Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı xarici siyasətini də  formalaşdırmağa başladı. Azərbaycan həm Rusiya  və həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq,  dostluq və  strateji tərəfdaşlıq   münasibətləri  yaratmağa nail oldu. Türkiyə ilə “bir millət-iki dövlət” prinsipi əsasında əlaqələr daha da möhkəmləndi.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq Ulu öndərin səyi nəticəsində Xəzərin  Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının birgə  işlənməsinə   dair öz əhəmiyyətinə görə 20 sentyabr “Əsrin müqaviləsi” adını almış beynəlxalq müqavilə dünyanın 8 ölkəsini təmsil edən 13 iri  transmilli şirkət tərəfindən imzalandı. Bundan sonra Azərbaycanın enerji resurslarını  dünya bazarlarına çıxarmaq üçün Bakı- Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar ümummilli liderin özünün dediyi kimi Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi. 

Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyətdir. Özünün dediyi kimi: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsədə onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.

-Eldar müəllim, Heydər Əliyev siyasətinin bugünkü uğurları haqqında nə deyə bilərsiniz?

-Dahilərin böyüklüyü  ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi.

Heydər Əliyevin son qərarı əslində Azərbaycana son borcu, son xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun 2003-cü il 1 oktyabr tarixində  doğma xalqına ünvanladığı son müraciəti vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Ulu öndərin  tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndərin bu tarixi müraciətindən keçən  iyirmi il  onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Cənab İlham Əliyev Ümummilli liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi. Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində  işğalçı Ermənistan üzərində qazanılan parlaq qələbə isə  ölkə Prezidentinin Azərbaycan xalqına vədini və ata vəsiyyətini həyata keçirməklə tarixi nailiyyətə imza atdı. 

Hazırda Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və Azərbaycanla əlaqəsi olan insanlar böyük fərəh hissi və coşğu ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini  qeyd edirlər. “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam” ,- deyən Heydər Əliyevin  ideyaları  və əməlləri bu gün yaşayır və onun adı Azərbaycanla  daim qoşa çəkiləcəkdir.