YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Zəngin və şərəfli inkişaf yolu

   Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor Eldar İbrahimov

- Eldar müəllim, bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam olur. Partiyanın yarandığı dövrün ictimai-siyasi mənzərəsini necə xarakterizə etmək olar?

- Azərbaycan xalqı 21 noyabr 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyasının ildönümünü hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir, Bu tarix əlamətdar bir gün kimi xalqımızın yaddaşına həkk olunmuşdur. Həmin vaxtdan  keçən illər ərzində Azərbaycan Respublikasının ikinci dəfə əldə etdiyi müstəqilliyinin qorunub saxlanması, onun inkişaf edərək  qabaqcıl ölkələr sırasına çıxması, getdikcə qloballaşandünyanın bütün çağırışlarına adekvat cavab verməsi, davamlı və dinamik inkişafa nail olmaqla bölgədə yüksək nüfuz sahibinə çevrilməsi heç şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Bu da belə bir möhtəşəm siyasi qüvvənin yaradılması təşəbbüsünü və məsuliyyətini öz üzərinə götürən Ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərindən biridir. Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü həm də ona görə daha əlamətdardır ki, Ulu Öndər Heydər Əliyevin  adı ilə bağlı olan bu partiyanın yaranma tarixi Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan Vətən Müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfər bayramının ikinci ildönümü  günlərinə təsadüf edir.

Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi şərəfli yola nəzər saldıqda onun hansı zərurətdən yarandığının şahidi olarıq. Belə ki,  keçən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyimizin bərpasını  yenicə elan etdiyimiz bir vaxtda ərazilərimizin ardıcıl olaraq Ermənistan silahlı qüvvələri tərəfindən zorla işğalı, dərin iqtisadi- siyasi böhran və xaos, əhalinin sosial durumunun getdikcə ağırlaşması ölkədə həyatı iflic vəziyyətinə salmışdı. Həmin dövrdə respublikamızda 30-a yaxın siyasi partiya, ictimai təşkilat və hərəkat mövcud olsa da onlar xalqı səfərbər edəcək qədər sosial bazaya malik deyildilər və aralarında xalqın ümumi mənafeyi naminə birlik yox idi. Xalqın bu siyasi təşkilatlara və onların liderinə heç bir inamı qalmamışdı və ölkədə xaos baş alıb gedirdi. Belə bir vaxtda müstəqilliyimizin qorunub saxlanmasını, respublikamızda taleyüklü  məsələləri tənzimləməyi bacaran tanınmış bir şəxsin liderliyi ilə fəaliyyət göstərən yeni partiyanın yaranmasına ehtiyacı vardı. Bu yeganə lider isə həmin dövrdə heç şübhəsiz ki, Azərbaycan xalqının Böyük oğlu, dünya şöhrətli tanınmış siyasi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyev idi.

- Belə bir dövrdə 91 ziyalının ulu öndər Heydər Əliyevə müraciətinin əhəmiyyəti nədən ibarət idi?

-Ölkəmizdə  günü-gündən  pisləşən acınacaqlı vəziyyəti     nəzərə alaraq 1992-ci il oktyabrın 16-da respublikamızın 91 nəfər tanınmış ziyalısı “Əlincə” cəmiyyətinin nəşr etdirdiyi “Səs” qəzeti vasitəsilə ulu öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir” – deyə müraciət etdi. Müraciətdə Heydər Əliyevə xitabən deyilirdi: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş  təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşərək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir”.

Bu müraciətdən sonra bütün Azərbaycan böyük ümidlə gözünü Naxçıvana dikərək öz Böyük oğlu Heydər Əliyevdən cavab gözləyirdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının  müraciətinə oktyabrın 24-də “Yeni müstəqil Azərbaycan uğrunda” çağırışı ilə başlayan cavab verdi.

Ulu öndər cavab məktubunda Azərbaycanın bütövlüyünün təhlükə qarşısında olması, ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması, insanların yaşayış səviyyəsinin dözülməzliyi ilə bağlı      ziyalıların narahatlığını bölüşməklə  yaranmış vəziyyəti təhlil edərək AXC-Müsavat hakimiyyətinin əsl mahiyyətini, vəziyyətdən çıxış yollarını göstərdi. Məktubda vurğulanırdı ki, ölkə qarşısında duran vəzifələr – müstəqil dövlətin qurulması, milli-demokratik dövlət atributlarının formalaşdırılması, Azərbaycanın suverenliyinin,  təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaşların dinc, firavan həyat səviyyəsinin təmin edilməsi, iqtisadi böhranın aradan qaldırılması və sair taleyüklü məsələlərdir. Görkəmli siyasi xadim Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu vurğulayaraq onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bəyan etdi. Heydər Əliyevin bu cavabındanvə ölkənin sağlam qüvvələrinin Ulu  öndərin ətrafında sıx birləşmək niyyətindən təşvişə düşən o dövrkü iqtidar oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişinə cəhd göstərdi. Xalq Cəbhəsinə məxsus silahlı dəstələr Muxtar Respublika Daxili İşlər Nazirliyinin, Televiziya və Radio Verilişləri Komitəsinin, Rabitə idarəsinin, şəhər elektrik şəbəkəsinin binalarını zəbt edib Muxtar Respublika  hakimiyyəti əleyhinə bəyanat verdilər.  Buna baxmayaraq 50 mindən çox insan qısa bir vaxtda Heydər Əliyevi dəstəkləmək üçün Ali Məclis binasının qarşısına  gəldi. Xalq Cəbhəsinin silahlıları parlament binasına hücum etməkdən çəkindilər. Bakıda hazırlanmış xüsusi cəza dəstəsi Naxçıvana gəlməyə cəsarət etmədi. Əhali silahlı dəstələri dövlət idarələrindən qovub çıxardı. Bu hadisələr barədə Heydər Əliyev belə demişdir: “Biz Naxçıvanda ağır şəraitdə yaşadığımız zaman - bəziləri bunu da bizə çox görürdülər, - Naxçıvanda dövlət çevrilişi etmək istədilər. Xalq Cəbhəsinin böyük bir silahlı dəstəsi .Daxili İşlər Nazirliyinin binasını zəbt etdi. Onların bəzi nümayəndələri televiziya ilə xalqa müraciət edib bizi devirmək çağırışları ilə çıxış etdilər. Ancaq heç bir şey edə bilmədilər. Çünki xalq bizimlə idi”.

Heydər Əliyevin yeni partiyanın yaradılması ilə bağlı ziyalıların müraciətinə verdiyi müsbət cavab onun böyük məsuliyyəti öz üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Bütün təzyiqlərə baxmayaraq, tez bir zamanda Azərbaycanın hər yerində yeni partiyanın təsis konfransına hazırlıq işlərinə başlanıldı. AXC-Müsavat hakimiyyəti Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinə imkan verməyərək çoxlu maneələr törədirdi. Buna baxmayaraq partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Konfrans Azərbaycanın müxtəlif regionlarını təmsil edən təşəbbüs qruplarının 550 nəfərdən çox nümayəndəsinin iştirakı ilə Naxçıvan Dövlət Dram Teatrının binasında keçirildi. Konfrans YAP-ın təsis olunması haqqında qərar qəbul etdi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu öndər yekdilliklə partiyanın sədri seçildi və Təşkilatın rəhbər orqanları formalaşdırıldı. Heydər Əliyev sonralar həmin günü belə xatırlayırdı: Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Dram Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”. Ulu öndərin o zaman ölkədə mövcud olan mürəkkəb durum və yaranmış təhlükəli vəziyyətdən çıxış yolunu göstərən, onun müdrik tövsiyələrini əks etdirən cavab məktubu sonralar YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətlərini təşkil etdi.

- Yeni Azərbaycan Partiyası yarandıqdan bir neçə ay sonra hakimiyyətə gəldi. Bu reallığı hansı amillərlə izah edərdiniz?

- Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi altında tezliklə təşkilatlandı. Ulu öndərin adını daşıyan bu partiya yarandığı gündən azərbaycançılıq və dövlət­çilik mövqeyindən çıxış edərək öz siyasi platforması, qətiyyətli mövqeyi sayəsində çox qısa zamanda vətənpərvər insanların siyasi istinadgahı kimi əsl ümumxalq partiyasına çevrildi.

Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə tezliklə  ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu öndərin milli məfkurəsindən güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.

Heydər Əliyevə olan dərin hörmət və etibar sayəsində hazırda  öz sıralarında yüz minlərlə insanı birləşdirən Yeni Azərbaycan Partiyası   bu gün həqiqətən də yalnız Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqaz regionunun güclü və beynəlxalq aləmdə qəbul edilən nüfuzlu siyasi təşkilatıdır. Məhz bu partiyanı yaratmağı və inkişaf etdirməyi öhdəsinə götürməklə Ulu Öndər  ölkəni xaos və vətəndaş müharibəsindən qurtarmaqla, onun müstəqilliyini əbədi və dönməz etmək kimi çox şərəfli bir missiyanı uğurla həyata keçirmişdir. Bununla da Heydər Əliyev özünün həqiqətən də dahi bir şəxsiyyət olduğunu sübut etdi.

- Yeni Azərbaycan Partiyasının yeni mərhələdə fəaliyyəti və inkişafı haqqında da fikirlərinizi bilmək istərdik...

-Dahilərin böyüklüyü həm də ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi. Heydər Əliyevin son qərarı əslində Azərbaycana son borcu, son xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun 2003-cü il 1 oktyabr tarixində doğma xalqına ünvanladığı son müraciəti vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Ulu öndərin tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjilivə təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndərin bu tarixi müraciətindən keçən on doqquz il onun dediklərinin reallıqla uzlaşdığını bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi. İlham Əliyev Ulu öndərin 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda qeyd etdiyi bütün taleyüklü məsələləri uğurla yerinə yetirmişdir. Əlbəttə, Yeni Azərbaycan Partiyasının sədri İlham inamla həyata keçirdiyi xarici və daxili siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurların zirvəsində 2020-ci ildə 44 günlük Vətən Müharibəsində Ermənistan üzərində əldə edilən parlaq qələbə dayanır. Bu möhtəşəm qələbə ilə İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Azərbaycan dövlətinin qarşısında duran ən önəmli vəzifəni – respublikamızın ərazi bütövlüyünü təmin etdi, Azərbaycan xalqının yenilməz qürurunu özünə qaytardı.

Azərbaycan xalqı əmindir ki, Yeni Azərbaycan Partiyasının lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndərin dediyi və özünün ölkəyə rəhbərlik etdiyi müddətdə sübut etdiyi kimibundan sonra da yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilməsi, enerjisi və təşəbbüskarlığı sayəsində xalqımızın dinc və firavan həyat səviyyəsini təmin etmək, respublikamızın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək istiqamətində yeni  və çox möhtəşəm uğurlara imza atacaqdır. Məhz buna görə də Yeni Azərbaycan Partiyası hazırda nəinki Azərbaycanda, həm də beynəlxalq miqyasda ən böyük partiya olmaqla öz sıralarında yüz minlərlə insanı birləşdirərək aparıcı siyasi qüvvəyə çevrilmiş, iqtidar partiyaları arasında böyük nüfuz qazanmışdır. Əlbəttə, partiyamızın qazandığı bu yüksək nailiyyətlərə görə ilk növbədə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevə minnətdarıq və uzun illər partiyamıza liderlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına təşəkkür edirik.

Mən, doğma partiyamızın 30 illik yubileyi münasibəti ilə Yeni Azərbaycan Partiyasının  bütün üzvlərini və Azərbaycan xalqını təbrik edir, partiyamıza bundan sonra da Azərbaycan xalqının rifahının yüksəlməsi və Azərbaycan Respublikasının tərəqqisi naminə yeni uğurlar arzu edirəm.