YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Zəfərimiz Qurtuluşdan başlanan yolun zirvəsidir

Müsahibimiz Yeni Azərbayan Partiyasının Veretanlar Şurasının üzvü, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev

- Sudeyf müəllim,  Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edən, tariximizə qızıl hərflərlə yazılan 15 İyun-Milli Qurtuluş Gününü qeyd edirik. Hər bir tarixi gün özündə müəyyən məqamları ehtiva edir. Qurtuluşa geden yolu necə xarakterizə edərdiniz?

- Əbəs yerə zaman hadisələrə ən böyük dəyəri vermək üçün zəngin mənbə kimi dəyərləndirilmir. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur,  lazımı səviyyədə dəyərləndirilərək bugünümüz və gələcəyimiz üçün əhəmiyyəti geniş şəkildə təbliğ edilir, nəsildən nəslə ötürülür.  1993-cü ilin 15 iyun tarixi xalqımızın yaddaşına əsl Qurtuluş tarixi kimi yazılıb. Bu tarixi yaradan isə  ulu öndər Heydər Əliyevdir. “Müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir” tezisi də məhz həmin dövrün reallıqları əsasında förmalaşaraq bugünkü günümüzdə atılan addımların əsasında dayanır.

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Əgər hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış ölkəsindən ən qabaqcıl respublikasına çevirmişdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hamiyyətə qayıdışı ilə  xilaskarlıq missiyasını yerinə yetirərək  ölkəmizi müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Məlumdur ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanın, Azərbaycan xalqının sevinci uzun sürmədi. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, hakimiyyət hərisliyi, ən əsası şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları  ölkədə hakimiyyət böhranını kulminasiya həddinə çatdıdı, xaos,  anarxiya, özbaşınalıqlar, iqtisadi böhran  respublikanı bürüdü. Vətəndaş müharibəsi yaşanaraq  qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi,  milli varlığımızı belə hədəfə aldı. 1991-ci ildən 1993-cü ilin iyununadək olan dövr  Azərbaycanın  müasir tarixində hərc-mərclik, xaos,  özbaşınalıq dövrü kimi xarakterizə olunur. Azərbaycanın xilaskarı kimi tanınan və nüfuz qazanan ulu öndər  Heydər Əliyev müstəqilliyimizin həmin illərini  belə xarakterizə etmişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Müstəqilliyimizin ilk illərində digər sahələr kimi ordu quruculuğunda da uğursuzluqlar, pərakəndəlik böyük faciələrə yol açdı.  Həmin dövrdə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının  müdafiəçisinə çevrilmişdi. Bu səbəbdən  torpaqlarımızın  Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, həmçinin  getdikcə gərginləşən   siyasi vəziyyət,  iqtisadi böhranın dərinləşməsi fonunda əhalinin sosial durumunun  günbəgün ağırlaşması,  ümumiyyətlə, xalqın sabaha ümidlərinin tamamilə itməsi   ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir Liderə ehtiyac olduğunu şərtləndirirdi. Bu gün ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan, milyonların partiyası imicini qazanan Yeni Azərbaycan Partiyasının “qızıl fondu” kimi dəyərləndirilən “91-lər”in üzvü kimi onu da qeyd etməliyəm ki, həmin dövrün reallıqları dahi şəxsiyyətə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ünvanlanan “Azərbaycan  Sizin sözünüzü gözləyir” müraciətində də öz əksini tapmış və qeyd edilmişdir ki, xalqımızı bu çətin vəziyyətdən Sizin kimi zəngin idarəçilik təcrübəsinə malik şəxs xilas edə bilər. Ümummilli Liderin həmin müraciətə cavabında  Azərbaycanın müstəqilliyi tarixi nailiyyətimiz kimi dəyərləndirilərək onun qorunması hər kəsin vətəndaşlıq borcu kimi diqqətə çatdırılmışdı.

1993-cü ilin iyununda ölkəmizin başı üzərini qara buludlar alanda cəmiyyətin bütün təbəqələri  tam əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.  Xalqımız Ümummilli Liderin  ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı, ölkəmizi bəlalardan, çətinliklərdən  xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı uğurlu gələcəyə  aparan yol bilavasitə həmin gündən başlandı. İyunun 15-də ulu öndər  Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi, Azərbaycanın xilaskarlıq missiyasını böyük cəsarətlə  öz üzərinə götürərək bugünkü uğurların, güclü, qüdrətli Azərbaycanın möhkəm təməlini yaratdı.

- 30 ilə yaxın müstəqillik tariximizi hansı mərhələlərə bölmək olar? Qurtuluş Azərbaycana hansı uğurları qazandırdı və nələri vəd etdi?

- Müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan əsas vəzifələrdən biri ictimai-siyasi sabitliyin qorunması, iqtisadiyyatın inkişafı və bu fonda beynəlxalq təqdimatın yüksək səviyyədə həyata keçirilməsi təsdiqidir.  Ümummilli lider Heydər Əliyevin də irəli sürdüyü əsas tezislərdən biri bu oldu ki, əgər respublikada ictimai-siyasi sabitlik, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.

Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Dahi şəxsiyyətin iqtisadiyyatın inkişafında  neft amilinə önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olundu. Bu mühüm addım ölkədə sabitliyin yaradılmasında mühüm amilə çevrildi. Elə həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi yazılan neft sazişi imzalandı. Bununla da Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu gün Azərbaycan ulu öndər  Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır.

Dövlətçiliyimizin əsasları yaradıldı. 1995-ci il noyabr ayının 12-də Milli Konstitusiyamız qəbul olundu. Azərbaycanda demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar-insan hüquqlarının qorunması, azad mətbuatın yaranması, çoxpartiyalı sistemin förmalaşması, seçkilərin demokratik, azad və beynəlxalq standartlara uyğun keçirilməsi və sair kimi amillər bərqərar oldu.

Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı. Müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq ucbatından ayaq tutub yerimək imkanı qazanan erməni yalanları faktlar əsasında ifşa edildi, ölkəmizlə bağlı həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırıldı. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin əsas məsələsi kimi öndə dayandı. Məsələnin sülh danışıqları əsasında həllinə səy göstərən ulu öndər Heydər Əliyev bu tezisi də irəli sürdü ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordunun olması əsasdır. Bu məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil görmək istəyini nümayiş etdirərək bunun üçün zəruri addımlar atmışdı. Həmin illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasının qoyulması, öıkəmizin gələcəkdə  kadr potensialının artırılması üçün gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi də bu addımlar sırasındadır. 

Bir sözlə,  bugünkü uğurlarımızın başlanğıcı kimi dəyərləndirilən Milli Qurtuluş Günü Azərbaycana böyük uğurlar qazandırdı və bu gün də qazandırmaqdadır. “Qurtuluş Azərbaycana nə verdi” sualının ümumiləşdirilmiş cavabı budur ki, Azərbaycanın dövlət müstəqilliyinin daimiliyi, sarsılmazlığı təmin edildi. Bu reallıq inkaredilməzdir ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq, daimi və əbədi etmək ondan da çətindir. Bu fikirlər ulu öndər Heydər Əliyevin aforizmə çevrilən tezislərində də öz əksini tapıb. Azərbaycanın müstəqillik tarixinə baxış, tarixi paralellər fonunda ayrı-ayrı dövrlərin təhlilini aparmaq hər birimizin gündəlik fəaliyyətimizin əsasında dayanmalıdır. Hazırkı və gələcək nəsil müstəqillik yolumuzun çətinlikləri barədə dolğun məlumata malik olmalı, uğurlarımızın böyük səylərin, qətiyyətin nəticəsi olduğunu bilməlidirlər.

- Sudeyf müəllim, Qurtuluşun qazandırdığı uğurlar fonunda böyük fəxr hissi ilə bəhs etdiyimiz müstəqillik tariximizin 2003-cü ildən başlanan dövrünü səciyyələndirən əsas amillər hansılardır? 

- Ümummilli Lider 2003-cü ildə xalqa müraciətində bu məqamı böyük inam hissi ilə qeyd etmişdir ki, İlham Əliyev onun sona çatdıra bilmədiyi işləri xalqın dəstəyi ilə həyata keçirəcək. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanan cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 18 ilə yaxın dövrün reallıqlarının təhlili bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atır, xalq-iqtidar birliyi bütün uğurların təməlində dayanır. Məhz bu amillər cənab İlham Əliyevin 2008, 2013 və 2018-ci illər prezident seşkilərində qələbəsini təmin etməyə stimul oldu. Dövrün reallıqlarına uyğun atılan addımlar, təkmilləşmə, yeniləşmə, Azərbaycan brendi kimi dünyaya səs salan layihələrin icrası, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, sosial müdafiənin gücləndirilməsi, demokratik prinsiplərin qorunması, diplomatik mübarizədə qələbələr, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Silahlı Qüvvələrimizin formalaşdırılması, dünyanın inkişaf etmiş ölkələri arasında olmaq istəyimizə uyğun olaraq atılan addımlar və buna nail olunması, yeni dostların, tərəfdaşların qazanılması və sair kimi mühüm hadisələr son 18 ilə yaxın dövrün reallıqları və uğurlarıdır. Onların zirvəsində Azərbaycanın Zəfəri dayanır. Məhz son 18 ilə yaxın dövrü Qələbəyə hazırlıq dövrü kimi də xarakterizə etmək olar.

Təbii ki, Milli Qurtuluşdan tarixi Zəfərimizə qədər olan dövrün uğurlarını bir müsahibədə əhatə etmək qeyri-mümkündür. Bu reallığı bir daha böyük qürur hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyev adını Azərbaycan tarixinə dövlətimizin, xalqımızın xilaskarı,  möhtərəm Prezidentimiz  İlham Əliyev qalib olkənin qalib Sərkərdəsi kimi yazdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi bu fikirləri bir daha qeyd etmək istərdim: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"

- Sudeyf müəllim, bu il Milli Qurtuluş Gününü zəfər sevincimizlə qeyd edilrik. Postmüharibə dövrünün reallıqlarını necə səciyyələndirirsiniz? Azərbaycanın qarşısında hansı imkanlar yaranıb?

- Son 7 ayda   Azərbaycan həyatının yeni dövrünü-işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq mərhələsini yaşayır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etdi, soydaşlarımızın Böyük Qayıdışına yol aşdı. Bu gün işğaldan azad edilmiş ərazilərimizin əvvəlki həyatlarına qayıtmaları üçün bütün zəruri işlər görülür, Qarabağımızın cənnətməkana çevrilməsi əsas hədəflərimizdəndir. Azərbaycanın hər bir bölgəsi zəngin potensiala malikdir. Cənab İlham Əliyevin 2003-cü ildən irəli sürdüyü “Neft kapitalını insan kapitalına çevirək” tezisinə uyğun olaraq regionların malik olduğu  potensialdan səmərəli istifadə etmək məqsədilə  icra edilən Dövlət Proqramları çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə də lazımı işlər görülməklə yanaşı, onların da ehtiyatlarından istifadə olunacaq, Azərbaycanın dayanıqlı inkişafı sürətlənəcək, yeni-yeni hədəflər müəyyənləşdiriləcək. Hər dövrün öz tələbi var. Postmüharibə dövrünün hədəflərini özündə ehtiva edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” gələcək inkişafın yol xəritəsidir. Zəfərin mübarək, Azərbaycan!  Qurtuluşun Azərbaycana vədləri sırasında yer alan ərazi bütövlüyümüzün təmin edilməsi vaxtilə itirilmiş  qürurumuzun özümüzə qayıtması ilə  yanaşı, gələcəyə daha böyük inamla addımlamağımıza stimuldur.