YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Tarix ulu öndər Heydər Əliyev siyasətinin nə qədər doğru olduğunu sübut etdi

Müsahibimiz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov

- Səməd müəllim, Azərbaycan-Ermənistan sərhədində baş verən erməni təxribatlarını necə dəyərləndirirsiniz?

- Bu, o qədər də asan bir sual deyil. Təəssüflər olsun ki, Ermənistanın daxilində olan bəzi qüvvələr 44 günlük Vətən müharibəsində məğlub olmalarını nə dərk, nə də qəbul etmək istəyirlər. Biz torpaqlarımızı işğaldan azad edərək qalib gəlmiş dövlətik, qalib xalqıq, özümüzü də qalib xalq kimi aparırıq. Cənab Prezidentin çıxışlarında səsləndirdiyi fikirlər, dünya ictimaiyyətinə müraciəti qalib xalqın və dövlətin liderinin mövqeyidir.

Amma məğlub tərəf öz məğlubiyyətini dərk etmədiyinə, etmək istəmədiyinə görə, belə provokasiyalara əl atır və yəqin ki, bunun çox şahidi olacağıq. Bu, məsələnin görünən, yəni, üst tərəfidir. Ermənistanda parlament seçkiləri ərəfəsində mövcud olan vəziyyət, sərhəddə törədilən təxribatlar, Azərbaycanı hansısa oyunlara cəlb etmək məsələsinin altında dərin qatlar var. Ermənistan tarix boyu böyük dövlətlər üçün bir alət  rolunu oynayıb. Azərbaycanın apardığı siyasət, Vətən müharibəsində qazandığı Qələbə nəticəsində yeni reallıq yaranıb və bu reallıq həmin aləti yoxa çıxardıb. Bu alət özü mövcuddur, ancaq ondan  istifadə edərək hansısa bir nəticə əldə etmək artıq mümkün deyil. Bəzi güclər hər zaman Ermənistandan istifadə edərək bulanıq suda balıq tuturdular. Ermənistandan Azərbaycana, Türkiyəyə qarşı alət kimi istifadə ediblər. Ermənistanın ən böyük faciəsi ondan ibarətdir ki, heç vaxt dövlət olmayıb, həmişə alət kimi istifadə olunub. İndi məğlubiyyətə uğrayaraq demək olar ki, həm dövlət kimi yoxdurlar, həm də alət kimi istifadə oluna bilmirlər.

Ona görə də müxtəlif təxribatların, provokasiyaların, bizi qıcıqlandırmaq cəhdlərinin şahidi ola bilərik. Bir məsələni qeyd edim. Fransa Prezidenti Azərbaycana Respublika Günü ilə bağlı təbrik məktubu göndərdi. Fransa Minsk qrupunun həmsədrlərindən biridir. Diplomatiyada hər saatın, hər günün önəmi var. Böyük dövlətlər Respublika Günü münasibəti ilə Azərbaycanı təbrik etdilər. Digər həmsədrlər olan Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasından da təbrik gəldi. Amma Fransa bizi Respublika Günündə təbrik etmədi, həmin gündən bir müddət sonra təbrik məktubu göndərdi. Yəni, bu o deməkdir ki, məcburiyyət qarşısında öz statusunu saxlamaq niyyəti ilə edib. Fransa faktiki olaraq regiondan kənarda qalıb. Regiona qayıtmaq niyyətində olduğu üçün bir tərəfdən Paşinyana hansısa vədlər verir, digər tərəfdən Respublika Günü ilə bağlı gecikmiş təbrik məktubu göndərir. Deməli, reallığı inkar edə bilmir. Bu, gedən prosesi anlamaq üçün çox incə bir detaldır. Regiona təsiri olan qüvvələr artıq dəyişib. Burada təsiri olan əsas dövlətlər Türkiyə, Rusiya və Azərbaycandır. Ermənistanın taleyi Azərbaycanla bağlıdır. Ona görə də səbirli, ağıllı siyasət həyata keçirərək vaxtı, zamanı düzgün seçməliyik. Cənab Prezident tərəfindən bu siyasət uğurla həyata keçirildiyi üçün Azərbaycan qalib dövlətdir.

- Ermənistan tərəfi bu günlərdə elan etdi ki, baş nazirlərin müavinlərindən ibarət olan üçtərəfli komissiya işini dayandırıb. Bu nəyə hesablanmış addımdır? Seçkiqabağı vəziyyətlə bağlı ola bilərmi?

- Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərindən təşkil olunan komissiya nəqliyyat kommunikasiya əlaqələrinin bərpası ilə bağlı bir neçə iclas keçirib. İndi erməni tərəfdən təmsilçi olan Mqer Qriqoryan dedi ki, komissiya fəaliyyətini artıq dayandırıb. Onlar demək olar ki, hər gün bir bəyanat verirlər. Həmin bəyanatdan sonra Moskvada yenə də üçtərəfli görüş keçirildi. Paşinyan özü də bu məsələlərlə bağlı biri-birinə uyğun olmayan bəyanatlar verir. Təbii  ki, bəzi addımlar seçki ilə bağlıdır. Amma əsasən seçkiqabağı vəziyyətlə bağlı deyil. Onların dövlətçiliyi tamamilə iflasa uğrayıb, pərakəndəlik, xaos hökm sürür.

Mən ixtisasca psixoloqam. Ermənilərin düşdüyü bu vəziyyət psixologiyada çox ciddi tədqiq olunub. Ermənistan cəmiyyəti nevrotik vəziyyətə düşmüş cəmiyyətdir. Bunun müalicəsi varmı? Çox çətindir. Nəyə görə bu vəziyyətə düşməyin səbəbini dərk etmək, etiraf etmək lazımdır. Cənab Prezident də qeyd etdi ki, səbəb işğal siyasətidir. Ermənilər 30 ilə yaxın zamanda həyata keçirdikləri işğal siyasətinin səhv olduğunu dərk etməli, bunu etiraf etməlidirlər. Onlar etiraf etməlidirlər ki,  gələcəkləri Azərbaycanla bağlıdır. Hələ ki, etiraf etməkdə çətinlik çəkirlər.

İnkar prosesindən sonra dərin depressiv vəziyyətə düşəcəklər. Mənim proqnozum belədir ki, bu depressiv vəziyyətdə erməni cəmiyyətində parlament seçkilərindən sonra müxtəlif çaxnaşmalar olacaq. Vətəndaş müharibəsi təhlükəsi də var. Ən sonda iki seçim qarşısında qalacaqlar. Ya müstəqillikdən məhrum olmuş, ərazi anlayışına çevrilmiş və idarə edilən bir quruma çevriləcəklər, ya da etiraf edib yavaş-yavaş dövlət olmağa başlayacaqlar.

- Ermənistan təxribatlar törətdiyi, üçtərəfli Bəyanatın icrasında problemlər yaratdığı, Paşinyanın Avropada səfərdə olduğu vaxt Azərbaycan və Çin liderləri arasında telefon danışığı oldu. Bu telefon danışığını Çinin Azərbaycana, ölkəmizin həyata keçirdiyi siyasətə, “Zəngəzur dəhlizi”nə dəstəyi kimi dəyərləndirə bilərikmi?

- Bəli, bu, Çin kimi super dövlətin Azərbaycana dəstəyidir. Azərbaycan dünyanın aparıcı ölkələrinin diqqət mərkəzindədir. Əsas olan ölkənin miqyası yox, onu idarə edən liderin düşüncəsinin miqyasıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünyada nüfuzlu, qlobal layihələr həyata keçirən, qlobal həmrəyliyə töhfə verən dövlətdir. Çin dünyanı idarə edən ölkələrdən biridir. Azərbaycan əhalisinin sayı Çinin bir şəhərində yaşayan əhali sayından azdır. Ancaq Azərbaycan öz strateji mövqeyinə, həyata keçirdiyi siyasətə görə dünya dövlətləri ilə yüksək səviyyəli münasibətlər yarada bilib. Prezident İlham Əliyevin siyasətində çox vacib bir məsələ var – həyata keçirilən siyasət, layihələr heç kimə qarşı olmur, beynəlxalq əməkdaşlığa xidmət edir. Vaxtilə Bakı-Tibilisi-Ceyhan kəməri müzakirə olunarkən ilk günlərdə layihə Rusiya tərəfindən etirazla qarşılanırdı. Amma ulu öndər Heydər Əliyevin böyüklüyü, dahiliyi və uzaqgörənliyi nəticəsində bu layihəyə Rusiya da daxil oldu və nəticədə “Əsrin kontraktı”, 1995-ci ildə isə İstanbulda Bakı- Tbilisi-Ceyhan boru kəməri ilə bağlı protokollar imzalandı.

Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi dünya diplomatiyası üçün bir nümunədir. Rusiya “Şimal axını -2” layihəsini indiyədək həyata keçirə bilməyib. Ancaq Cənub Qaz Dəhlizi birmənalı şəkildə bütün iştirakçı dövlətlər tərəfindən qəbul olundu. Azərbaycanın Türkmənistanla “Dostluq” yatağı ilə bağlı imzaladığı tarixi bir saziş həm Qərb tərəfindən, həm Çin, həm də Rusiya tərəfindən dəstəklənir.

“Zəngəzur dəhlizi” də elə bir layihədir ki, bunu ABŞ da, Rusiya da, Çin də, Türkiyə də dəstəkləyir. Ermənistan da dəstəkləməlidir. Çünki yeni çıxış əldə edəcək.  Cənab Prezidentin həyata keçirdiyi siyasət böyük dövlətləri bir-birinə qarşı qoymur, əksinə, onları əməkdaşlıq formatında birləşdirir. Azərbaycan birləşdirici funksiya yerinə yetirir.

- Ağdamın işğaldan azad edilməsindən sonra bərpasının ilk təməl daşı qoyuldu. Artıq bölgədə böyük layihələrin icrasına, bərpa-quruculuq işlərinə start verilib. Bununla bağlı fikirlərinizi bilmək istərdik?

- Ağdamın yenidən dirçəldilməsi, Ağdamın yenidən qurulması Azərbaycanın həyata keçirdiyi siyasətlə birbaşa bağlıdır. Bu, dünyaya mesajdır ki, Azərbaycanın apardığı siyasət heç vaxt dünya üçün təhlükə yaratmayacaq. Bu, yalnız bir şəhərin dirçəlməsi deyil. Özü-özlüyündə bizim üçün müqəddəs bir hadisədir. Ona görə ki, “Qafqazın Xirosiması” adlandırılan Ağdam yaxın illərdə müasir şəhərə çevriləcək. Söhbət yalnız şəhərin gözəl olmasından getmir. Burada əsas məsələlərdən biri də həm də odur ki, xalqın psixologiyası dünyaya təqdim olunur. Bu xalq, dövlət dağıdılmış, sökülmüş, yerlə-yeksan edilmiş ərazini cənnətə çevirir. Bu, xalqın potensialını, dövlətin gücünü göstərir.

- Bir neçə gündən sonra Milli Qurtuluş Gününü qeyd edəcəyik. İlk dəfə bu günü ərazi bütövlüyünü bərpa etmiş, qalib dövlət kimi qeyd edəcəyik. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Həmin tarixi dövrlə bağlı cənab Prezidentin dəqiq dəyərləndirmələri var. 1991-92-ci illərdə AXC-Müsavat cütlüyü sanki hakimiyyət uğrunda yox, xalqı, dövləti məhv etmək uğrunda, xalqın özünəinamını öldürməklə məşğul idilər. Satqınlar, öz maraqlarını güdənlər, xalqın maraqlarını kənara qoyub, öz şəxsi maraqları naminə insanları bir-birinə qırdırırdılar. Ən dəhşətlisi isə o idi ki, hakimiyyəti əldə etmək üçün torpaqlarımızı satırdılar. Vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Onlar xalqın inamını qırdılar. Ölkəni bu təhlükədən qurtaran, xalqın inamını bərpa edən ulu öndər Heydər Əliyev oldu. Xalqın inam yeri təkcə Heydər Əliyev idi. Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək dövləti yox olmaqdan xilas etdi. Heydər Əliyevin 1993-cü ildə Ali Sovetə rəhbər seçilməsi bizim xalq, dövlət  olaraq yox olmaqdan,  təhlükələrdən qurtuluşumuz oldu. Qurtuluş Azərbaycan xalqının müasir dünyada özünə yer tutmasının bayramıdır. Heydər Əliyev olmasaydı, müstəqil Azərbaycan da olmayacaqdı. Heydər Əliyev müstəqil Azərbaycanın bünövrəsini, əsasını yaratdı. Tarix ulu öndər Heydər Əliyev siyasətinin nə qədər doğru olduğunu sübut etdi. Həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.