YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın “Bergamo post” saytı Ermənistan-Azərbaycan münaqişəsini təhlil edib

İtaliyanın “Bergamo post” xəbər saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təhlil olunduğu məqalə yerləşdirilib. Məqalədə əsasən qondarma “Dağlıq Qarabağ respublikası”nda ötən ay “özünüidarə orqanları”na keçirilmiş “seçkilər”, münaqişənin səbəbləri, beynəlxalq birliyin məsələyə münasibətindən bəhs olunur.

Müəllif yazır ki, “Dağlıq Qarabağ respublikası” öz müstəqilliyini elan etməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Bu yaxınlarda bu “respublika”da “özünüidarə orqanları”na “seçkilər” keçirilib. Azərbaycan tərəfinin mövqeyinə görə, Ermənistan Azərbaycanın tərkib hissəsi olan bir ərazidə bu “seçkiləri” təşkil etməklə təcavüzkar siyasətini davam etdirdiyini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinə həvəssiz yanaşdığını bir daha göstərmiş oldu.

Yazıda qeyd olunur ki, Avropa strukturları, böyük dövlətlər və mötəbər beynəlxalq təşkilatlar bu seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər: “Söhbət elə həssas bir bölgədən gedir ki, bu bölgədə hər hansı şəkildə balansın pozulması Qafqazın və hətta Avropanın təhlükəsizliyinə ciddi təhdid ola bilər”. Münaqişənin tarixi, danışıqlar prosesi, atəşkəs və digər məqamlarla bağlı məlumatların yer aldığı yazıda BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə Ermənistanın hörmətlə yanaşmaması vurğulanır.

Azərbaycan ilə Ermənistanı inkişaf səviyyəsinə görə müqayisə edən müəllif diqqətə çatdırır ki, Ermənistan dünyada ən kasıb ölkələrdən biri olduğu halda enerji ehtiyatları ilə zəngin Azərbaycan sürətlə inkişaf etməkdədir. Azərbaycan önəmli strateji nöqtədə yerləşməklə Avropa və dünyanın böyük dövlətləri ilə əlaqələrini genişləndirir.