YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb

Sentyabrın 20-də Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin imzalanmasının 21-ci ildönümü təntənəli mərasimlə qeyd olunub.

Mərasimdə çıxış edən Azərbaycanın energetika naziri əlamətdar gün münasibətilə 70 minlik neftçi ordusunu təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir “Əsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb. Azərbaycanın bu sahədə qazandığı uğurların neftçilərin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlandığını deyən nazir bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb.

Azərbaycan neftçilərini peşə bayramları münasibətilə təbrik edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasının ölkəmizə gətirdiyi uğurlardan danışıb. Dünyada “Əsrin müqaviləsi” adı ilə tanınan sənədi tariximizin şanlı səhifəsi adlandıran V.Ələsgərov qeyd edib ki, Azərbaycan bu gün təkcə neft ölkəsi kimi yox, o cümlədən öz qazı ilə regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək bir ölkə kimi də tanınır. Milli Məclisin sədr müavini bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə ərsəyə gələn “Cənub” qaz dəhlizi Xəzərin Azərbaycan sektorundakı qaz yataqlarından hasil olunacaq qazın Avropaya nəqlinə imkan verəcək.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev çıxış edərək şirkətin çoxminli kollektivini Neftçilər günü münasibətilə təbrik edib, fədakar neftçilərin əməyini yüksək qiymətləndirib. R.Abdullayev Azərbaycan iqtisadiyyatının inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi ulu öndər Heydər Əliyevin "Əsrin müqaviləsi"nin imzalanmasında və ölkəmizin dünyada neft ölkəsi kimi tanıdılmasındakı əvəzsiz xidmətlərindən danışıb.

SOCAR-ın prezidenti qeyd edib ki, ötən bir ildə dünya bazarında neftin qiymətinin iki dəfəyədək ucuzlaşmasına baxmayaraq Azərbaycan neftçiləri çox mühüm işlər görüblər. Keçən ilin bu günü, yəni sentyabrın 20-də "Cənub” qaz dəhlizinin təməli qoyuldu və qısa müddətdə layihənin uğurla həyata keçirilməsi üçün böyük addımlar atıldı.

“Azərbaycan hazırda dünyanın ən böyük layihəsini - "Cənub” qaz dəhlizini həyata keçirir. Xəzərdəki “Şahdəniz” yatağından başlayaraq 3 min 500 kilometr məsafədəki bu boru kəmərləri zəncirinin keçdiyi 6 ölkədə layihənin icrasında işlər proqrama uyğun həyata keçirilir. Təkcə Azərbaycanda bu layihə üzrə 20 minədək insan çalışır. Azərbaycanda və Gürcüstanda layihə çərçivəsində işlər sürətlə həyata keçirilir və boruların qaynaq işi aparılır. Türkiyədə həyata keçirilən TANAP layihəsində qrafikdə nəzərdə tutulandan artıq işlər görülür. 1300 kilometr məsafədə olan bu boru kəmərinin keçəcəyi sahələrdə artıq əsas işlərə başlanılıb və orada da on minlərlə insan çalışır. Avropada TAP layihəsində də işlər uğurla davam etdirilir”, - deyə R.Abdullayev qeyd edib.

SOCAR prezidenti bildirib ki, aparılan bu işlərin nəticəsində Azərbaycan qazı Türkiyəyə 2018-ci ilin birinci yarısında, Avropaya isə 2019-cu ilin sonunda nəql ediləcək.

Şirkətin Azərbaycanda həyata keçirdiyi layihələrdən də danışan R.Abdullayev qeyd edib ki, Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin inşası məqsədilə işlər görülür. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernizasiyasına isə bu ilin sonunda başlanılacaq. Zavodda neft emalı 7,5 milyon tona çatdırılacaq ki, bu da “Avro-5” standartlarına uyğun məhsul istehsalına imkan yaradacaq. Karbamid və Polimer zavodu layihələrində də işlər uğurla həyata keçirilir.

Mərasimdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Akademik X.Yusifzadə onun əməyinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.