YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soyqırım heç vaxt unudulmayacaq

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini yürüdən bədnam qonşularımızın saxta “erməni soyqırımı” iddiaları artıq beynəlxalq ictimaiyyətə bəllidir. Azərbaycan xalqı tam əmindir ki, işğal və soyqırımı siyasətini yürüdənlər beynəlxalq ictimaiyyət qarşısında ittiham olunacaqlar.

1918-ci il martın 31-də erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər, soyqırımı öz amansızlığına, qəddarlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycan xalqının qonaqpərvərliyinə, bütün yaxşılıqlarına terror və separatçılıqla, soyqırımlar törətməklə qarşılıq verən erməni millətçiləri mənfur planlarını, uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün böyük bir region üçün ciddi təhlükə mənbəyinə çevrildilər.

Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olublar. Tarixi saxtalaşdıran, süni xülyalardan ruhlanan erməni təcavüzkarları, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri “Daşnaksutyun” partiyasının iştirakı ilə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçiriblər. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilir, insanlar işgəncələrə məruz qalırlar. Yaşayış məntəqələri dağıdılır, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Gəncə və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovurlar. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirir, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırır, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar.

Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Ermənilərin yalan, hiyləgər və məkrli əməlləri ilə bağlı bütün dövrlərə dair bitib-tükənməyən faktlar var. Mənfur erməni millətçiləri bütün dünyanı uydurduqları yalanlarla aldadaraq saxta "erməni soyqırımı” anlayışını gündəmdə saxlamağa çalışıblar. Özünü zərərçəkən kimi göstərmək, yazıq cildinə salmaq, yalanı doğru kimi təqdim etmək, başqasının malına, mədəniyyətinə iddia edib uydurma "əsaslandırma” yaratmaq erməni toplumunun genetikasında möhkəm yer tutub.

Mənfur, bədnam xislətindən əl çəkməyən erməni millətçilərinin azğınlığı, şər mahiyyəti iki əsr boyu davam etdi. "Haqq üzülər, amma qırılmaz” deyiblər. Azərbaycan dövlət müstəqilliyini bərpa etməklə bir çox qaranlıq məqamlara işıq saldı. Və nəhayət, həqiqət anı yetişdi. Hər bir azərbaycanlının çoxdan gözlədiyi tarixi ədalət isə Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması ilə bərqərar oldu, tarixi ədalət bərpa olundu. Azərbaycan tarixi zəfərə imza atdı, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərin, soyqırımın, şəhidlərimizin, Xocalı qurbanlarının qisası 44 günlük Vətən müharibəsində alındı.

“1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.” Dahi şəxsiyyət, Vətənini, xalqını sonsuz məhəbbətlə sevən Heydər Əliyevin qeyd etdiyi kimi 31 Mart - Azərbaycanlıların soyqırımını, Xocalı faciəsini, günahsız soydaşlarımızın məruz qaldığı soyqırımının dəhşətlərini hər gün xatırlamağa, unutmamağa borcluyuq.

DİGƏR Xəbərlər Arxiv