YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan regionda davamlı sülhün və təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olduğunu atdığı addımları ilə təsdiqləyir. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarına diqqət yetirsək Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənərək ən yüksək tribunalardan bununla bağlı çağırışlar etdiyini görərik. Azərbaycanın 30 illik işğal dövründə yaşadığı faciələrə, təxribatlara, 44 günlük İkinci Qarabağ müharibəsini yaşamasına baxmayaraq Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsini təklif etməsi də bunun bariz nümunəsidir. Bunun qarşılığında Ermənistanın havadarlarının köməyinə arxalanaraq ölkəmizə qarşı hansı siyasəti həyata keçirdiyi göz qabağındadır.

Dövlət başçısı İlham Əliyevin martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alovlandırdıqdan sonra xalqımızı bayram münasibətilə təbrikində qeyd etdiyi kimi, dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir: “Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.”

Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmdı, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa, ən əsası Azərbaycan xalqının iradəsinə zidd idi.

Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməkdə maraqlı olmayan Ermənistan bunu törətdiyi təxribatları, terror aktları ilə də təsdiqləyir. Azərbaycanı ötən il lokal antiterror tədbirlərinə təhrik edən erməni təxribatlarına nəzər salaq.  Döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Ötən il sentyabrın 19-da baş verən terror aktı Azərbaycanın lokal antiterror tədbirlərinə başlamasını zərurətə çevirdi.

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasına qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır.  Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərdi ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir. Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı.  Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Bu, Azərbaycanın haqlı mövqeyinin nümayişi oldu. Dövlət başçısı İlham Əliyev Novruz təbrikində “Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq” söyləyərək bu mühüm məqamı da böyük qürur hissi ilə qeyd etdi ki, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.

Reallıq budur ki, işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir və soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Bu il qayıdış ünvanları Kəlbəcər, Cəbrayıl, Şuşa, Xankəndi və Xocalı şəhərləri olacaq.

DİGƏR Xəbərlər Arxiv