YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühüm beynəlxalq platforma

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Ölkəmiz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən əsas mərkəzlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş Qlobal Bakı Forumu mühüm beynəlxalq platformadır. Digər forumlarda olduğu kimi “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda da dünya ictimaiyyətini düşündürən aktual mövzular müzakirə edilib. Forumda qlobal dünya nizamına təhdidlər fonunda siyasi, iqtisadi, humanitar və digər məsələlər dünyanın nüfuzlu siyasətçiləri, diplomatları, iqtisadçıları və digər sahələrin mütəxəssisləri ilə birgə nəzərdən keçirilir.

Forumun açılış mərasimində Prezident İlham Əliyevin qeyd etdiyi kimi Qlobal Bakı Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi beynəlxalq platformalarla bir sırada dayanır. Ümumilikdə budəfəki Forumda 70-dən çox  ölkədən 350 nəfərdən artıq  iştirakçı təmsil olundu. Forumda iştirak edən nüfuzlu diplomatlar və siyasətçilər beynəlxalq arenada ən vacib məsələlərlə bağlı müzakirəyə töhfə vermək imkanına malikdirlər.

Forum çərçivəsində münaqişələrin həlli də geniş şəkildə müzakirə edilir. Bu mənada Azərbaycanın təcrübəsi, 44 günlük müharibənin nəticələrini əsl nümunə hesab etmək olar. Ümumiyyətlə, Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə də əsas diqqət bölgədə dayanıqlı sülhün möhkəmlənməsinə yönəlib. Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi və ədalətin, beynəlxalq hüququn, Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Təbii ki, uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir nümunədir. Amma bununla belə, Azərbaycan sülhü seçir. Çünki dövlətimizin başçısının da qeyd etdiyi kimi, biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Prezident İlham Əliyev Forumun açılışı mərasimində çıxışı zamanı bildirib: “Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə zənnimcə, onların daha geniş fəsadları var. Çünki bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir ki, fikrimcə həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək. Uzun illər ərzində biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi”. Dövlətimizin başçısı hazırda regionumuzda sülh üçün şansın olduğunu bir daha bəyan edib. Forumun iştirakçıları da ölkəmizin sülh təşəbbüslərini təqdir ediblər.

Cənab Prezident çıxışında həmçinin ölkəmizin enerji siyasəti, COP29, yaşıl enerji faktorunu da xüsusi vurğulayıb.

Ümumiyyətlə, Qlobal Bakı Forumunun müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformaya çevrilməsində Azərbaycanın fəal siyasəti mühüm rol oynayır. Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan paytaxtında keçirilən və müzakirə olunan mövzularının zənginliyi ilə seçilən XI Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr tribunası kimi tarixə düşəcək. Forumda müxtəlif panellər üzrə aparılan geniş mövzuların müzakirəsi dünyada sülh və əməkdaşlığı təşviq edir.

DİGƏR Xəbərlər Arxiv