YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni enerji siyasətinin önəmi

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmizin  nəzərdə tutduğu layihələr dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması istiqamətində yeni imkanlar açır. Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib.

Hazırda enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparır. 2022-ci ilin iyul ayında Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumu bu baxımdan önəmlidir. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Martın 1-də  Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında müxtəlif ölkələrin rəhbər şəxlərinin, yüksəksəviyyəli nümayəndələrinin iştirakı ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin mühüm əməkdaşlıq platformaları yaratdığını təsdiqləyir. İclasda Prezident İlham Əliyevin dərinməzmunlu çıxışı enerji siyasətinin uğurla həyata keçirildiyini göstərir. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən  ölkələrindən biridir. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Ötən  ildə isə onun həcmi təxminən 11,6 milyard kubmetr olub. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcək. Dövlət başçısının dediyi kimi, Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir və bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı.

Qeyd etdiyimiz kimi, ölkəmiz ikinci dəfə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində, həm də Yaşıl Enerji Məşvərət Şurasına ev sahibiyi etdi. Bu format ötən ildən formalaşdırılıb. Aktual enerji məsələləri ətrafında mühüm müzakirələrin aparıldığı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaşıl enerji seqmenti üzrə genişləndirilməsi isə heç də təsadüfi deyil. Hazırda dünya enerji transformasiyası mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində ölkəmizin yaşıl enerji gündəliyi barədə ətraflı məlumat verib.

Cari ildə Azərbaycan çox mühüm və irimiqyaslı tədbirə - COP29-a ev sahibliyi edəcək. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, şübhəsiz ki, ölkəmiz üçün  2024-cü ilin ən mühüm hadisəsi olacaq. Bunu eyni zamanda respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək mümkündür. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişmələr yaratmaq məqsədi güdən ölkələr üçün nümunə olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində  öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. “Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”, - deyə dövlətimizin başçısı qeyd edib.

Hazırda Azərbaycan COP29-a uğurlu ev sahibliyi etmək üçün çox ciddi hazırlıqlar görür ki, bu da ölkəmizin yaşıl gündəliyə münasibətinin ifadəsidir. Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bundan başqa, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Beləliklə, ölkəmiz yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də təsdiqləyir.