YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yüksəliş mərhələsinin əsası

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyası xalqımızın çox ağır bir dönəmində onun mənafelərinə xidmət edən və ölkə qarşısında duran problemlərin həlli ilə məşğul olan, zərurətdən yaranmış güclü siyasi təşkilatdır. Yarandığı gündən ətrafına çoxlu sayda təəssübkeş toplayan siyasi təşkilat kimi YAP getdikcə cəmiyyətdə böyük nüfuz qazanaraq ölkənin aparıcı qüvvəyə çevrildi. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi vaxtda ulu öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi Yeni Azərbaycan Partiyası məhz xalqın inam və istinad nöqtəsi olaraq regionun ən böyük siyasi təşkilatına çevrildi. Azərbaycanın ikinci dəfə ölkə müstəqilliyini bərpa etdiyi dövrdə səriştəsiz rəhbərlər ölkəni böhrana sürükləyir, uçuruma aparırdı. Məhz belə bir tarixi dönəmdə Ulu öndər Heydər Əliyev və Onun yaratmış olduğu Partiya Azərbaycan xalqının yeganə ümid yeri oldu. Beləliklə, Yeni Azərbaycan Partiyası dövlətçiliyimizi yox olmaq, parçalanmaq təhlükəsindən xilas edən və sona kimi onun keşiyində dayanan güclü siyasi təşkilata çevrildi. Bu baxımdan da “Dünənin, bu günün, gələcəyin partiyası” olan YAP müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoymuş oldu.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycan dövləti bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Müzəfər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən daha böyük hədəflərə doğru əzmlə irəliləyir. Böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik bir təşkilatdır. YAP bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə səciyyələnir. 1993-cü ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının böyük üstünlüklə siyasi proseslərdən qalib çıxması xalqın bu monolit təşkilata olan inamının bariz nümunəsidir. 700 mindən çox üzvü olan YAP dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır və hərtərəfli əməkdaşlıq əlaqələrini daha da genişləndirir. Cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, ideya-siyasi xəttinə görə, hər zaman öndə olan YAP-ın siyasi qüvvə kimi ölkədə real, ciddi alternativi mövcud deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar çərçivəsində Yeni Azərbaycan Partiyası da müasir çağırışlara və tələblərə daha çevik cavab vermək üçün Nizamnaməsinə bir sıra yeni siyasi mexanizmlər daxil edib. Bu mexanizmlərin tətbiqi, ölkəmizin siyasi həyatının yeni formalaşmış konfiqurasiyasında güclü və hakim mövqeyə malik olan YAP üçün daha geniş imkanlar yaradacaq. 5 mart 2021-ci il tarixində ulu öndər Heydər Əliyevin xeyir-duası və müdrikliyi ilə yaranmış Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi ölkə həyatı üçün mühüm ictimai-siyasi hadisə idi. YAP-ın Qurultayı ölkəmizin ictimai-siyasi həyatında əlamətdar və tarixi hadisə oldu. Partiyamızın Qurultayı ölkəmizdə II Qarabağ müharibəsində əldə ədilmiş tarixi zəfərdən sonra əsaslı islahatların həyata keçirildiyi dövrdə baş tutdu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər həm bölgədə, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Artıq ölkəmizdə son illərdə bütün sahələrdə çox sürətlə uğurlu islahatlar həyata keçirilir.

Yeni Azərbaycan partiyasını səciyyələndirən əsas xüsusiyyətlərdən biri də onun ölkədə ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında təşəbbüslərin və islahatların genişlənməsində böyük rolu ilə izah olunur. Müstəqilliyimizin ilk illərində ərazilərimizin işğalçı Ermənistan tərəfindən zəbt edilməsi və bunun ağır faciələrlə, soyqırım və etnik təmizləmə kimi insanlıq əleyhinə olan hallara baş verməsi tariximizin acı səhifəsidir. Bu mənada Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti ərazi bütövlüyünün bərpa olunması ilə bağlı idi. YAP-ın həyata keçirdiyi siyasi kursda bu amil bütün işlərin mərkəzinə qoyuldu. Prezident İlham Əliyevin vurğuladığı kimi “Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalq-iqtidar bir yumruq kimi birləşməsinin nəticəsində cəmi 44 gün ərzində tarixi ədaləti bərpa olundu və düşmən torpaqlarımızdan qovuldu. Vətən Müharibəsində Azərbaycan xalqı bir yumruq kimi səfərbər oldu. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri iştirak edib. Ötən il sentyabrın 19-20-də həyata keçirilən bir günlük lokal anti-terror tədbirləri nəticəsində Azərbaycan dövləti ərazisi üzərində suverenliyini, konstitusiya quruluşunu tam təmin etdi. Ölkəmizdə separatizmin kökü tamamilə kəsildi.

YAP-ın VII Qurultayında qəbul olunmuş vacib qərarlar partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olan islahatların həyata keçirilməsi də məhz bu məqsədlərə xidmət edib. Hakim partiyanın daxili struktur islahatları və təşkilati məsələlərlə bağlı dəyişiklikləri xüsusi ilə qeyd edilməlidir. Partiyanın Nizamnaməsi, Təftiş Komissiyası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələri yenilənib. 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib və iclasda YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilib. Qurultaydan sonra birinci vitse-prezident Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, digər müavin və Partiyanın Mərkəzi Aparatı formalaşdırılıb. Partiyanın Qurultayı zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi təşkilatın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri isə siyasi sistemdə yeni bir yanaşma hesab olunur. 

“Bir millət, iki dövlət” siyasətinə dəstək amili dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir. Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Partiyalar arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolu xüsusi əhəmiyyətə malikdir. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Eyni zamanda YAP-ın geniş beynəlxalq əlaqələrə malik olması ölkəmizin dünyada nüfuzunun artırılması məsələsində mühüm rol oynayır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın, həmçinin Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur.