YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnsanlığa qarşı törədilmiş qanlı cinayət

“Bu gün 32-ci ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımı erməni vəhşiliyinin təqdimatıdır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xocalı soyqırımı zamanı  7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi. Otuz iki ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında yaşayır. Bu gün hər birimiz, eyni zamanda, qürurluyuq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində parlaq Qələbəsi  2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. 30 illik işğala son qoyuldu, torpaq  həsrəti bitdi, ərazilərimiz mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Şanlı Qələbəmizdən üç il sonra isə rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Ərazilərimiz separatçılardan təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalıda, Xankəndidə, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaltdı.  Bu gün xalqımız Bakıdakı “Ana harayı” abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, azərbaycanlı əhalinin amansız soyqırımına dair çoxsaylı faktlar  bu qətliamın Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin tələblərinin pozulmasını sübut edir:  “2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi düşmənin əsl mahiyyətini bir daha əyani şəkildə nümayiş etdirdi. Döyüş meydanında Azərbaycan Ordusunun  qarşısında aciz qalan Ermənistan silahlı qüvvələri məğlubiyyətləri ilə barışmayaraq  hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Nəticədə aralarında uşaqların, qadınların da olduğu dinc sakinlər həlak oldu. Gəncəyə, Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə atılan raketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir daha göstərdi.”

Nurlan Həsənov onu da bildirib ki, otuz il işğal altında olan torpaqlarımızda bu gün hər addımda erməni faşizminin, vandallığının şahidi olmaq mümkündür: “Ermənilər işğal etdikləri ərazilərdə bütün yaşayış məntəqələrimizi, tarixi, dini, mədəni abidələrimizi məhv etməklə azərbaycanlıların bu torpaqlara qayıdışını mümkünsüz etmək istəyirdilər. Həmçinin  ərazilərimizin  hər qarışına mina basdırıblar. Onların bu arzuları da puç oldu. Azərbaycan öz gücü ilə ədaləti bərpa etdi, işğala son qoyuldu, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə  başladı. Azərbaycan bu addımı ilə dünya hərb tarixində ilkə imza atdı. Müharibədən çıxan ölkənin dərhal bərpa işlərinə başlaması mümkünsüz olsa da Azərbaycan bunu etdi. Çünki 30 il torpaqlarının tarixi sahibinə qayıtması arzusu, amalı ilə yaşadı. Artıq bu yerlərdə yenidən həyat canlanır. Ermənilərin dağıdıb yerlə-yeksan etdikləri ərazilərimiz quruculuq meydançasına çevrilib. Artıq bu sırada Xocalını da görmək, 2024-cü ilin hədəfləri sırasında Xocalı sakinlərinin də qayıdışının nəzərdə tutulması hər birimizi sevindirir.”

Nurlan Həsənov bildirib ki, Xocalı faciəsinə hüquqi-siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev verib: “Belə ki, “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” söyləyən Ulu Öndər  Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.  Ulu Öndərin  25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan  ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.  Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin  Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması  istiqamətində addımları davamlılığı ilə diqqətdədir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir. Bu kimi tədbirlər bir daha dünyanın diqqətini Xocalı qətliamına yönəldir, faciəni törədənlərin beynəlxalq hüquq qarşısında cavab verməsinə çağırışlar edilir. Azərbaycan xalqı əmindir ki, dövlətimizin qətiyyəti, siyasi iradəsi nəticəsində bu məqsədimizə də nail olacağıq.”

DİGƏR Xəbərlər Arxiv