YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada “Millətlərin azadlığı uğrunda!” mövzusunda beynəlxalq forum keçirilir

Moskvada “Millətlərin azadlığı uğrunda!” mövzusunda beynəlxalq forum işə başlayıb.

“Yedinaya Rossiya” Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə 50-yə yaxın ölkədən 60 siyasi partiyanı, ictimai-siyasi təşkilatı təmsil edən 200-dən çox nümayəndə iştirak edir.

Neokolonializmin müasir təzahürlərinə qarşı mübarizə məsələlərinin müzakirə olunduğu forumun təşkilatçıları tədbirin bütün qitələrdə məsul siyasi qüvvələrlə qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıdığını, qlobal və regional gündəmdə olan məsələlərə tərəflərin yanaşmalarını müqayisə etməyə imkan verəcəyinə əmindirlər.

İki gün davam edəcək forumda ölkəmiz Milli Məclis sədrinin birinci müavini, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nizami Səfərovla təmsil olunur.

Forumda çıxış edən deputat Nizami Səfərov bildirib ki, neokolonializm müasir dövrün ən çirkin təzahürlərindən biridir. Ötən il Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə Prezident İlham Əliyev birmənalı olaraq qeyd edib ki, Azərbaycan XXI əsrdə neokolonializmin təzahürlərindən ciddi şəkildə narahatdır və onun formaları ilə mübarizədə bir çox dövlətlərlə həmrəylik nümayiş etdirir. “Ümumiyyətlə, bu, çox mənfi prosesdir. Neokolonializmin hazırkı dövrdə təzahürləri müstəqil dövlətlərin işlərinə müdaxilə, suveren hüquqların pozulması kimi formalarda özünü büruzə verir. Xüsusilə bunu Fransanın timsalında görmək mümkündür. Fransa Ermənistanı özünün neokolonializm siyasətinin alətinə çevirib. Əgər bu cür təsirlər olmasaydı, bəlkə də son dövrlərdə regionda baş verən proseslər başqa məcraya yönələrdi”, - deyə deputat vurğulayıb. N.Səfərov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı da bu mövzu ilə bağlı dəqiq mövqeyini bir daha ortaya qoyub.

Qvineya Respublikasının nümayəndəsi Suro Milimuno ölkəsinin uzun illər Fransa müstəmləkəçiliyindən əziyyət çəkdiyini vurğulayıb. Qeyd edib ki, 1958-ci ildə Fransa müstəmləkəçiliyindən azad olan Qvineya xalqı demokratik inkişaf yoluna qədəm qoysa da, hələ də iqtisadiyyat, maliyyə və bir çox digər mühüm sahələr Fransanın gizli nəzarəti altındadır. “Biz müstəmləkəçilikdən azad olsaq da, Fransanın caynaqlarından qurtula bilmirik. Fransa Qvineya iqtisadiyyatını öz məngənəsində saxlayır”, - deyə o vurğulayıb.

Moskva Dövlət Universitetinin professoru Mehmet Pərinçək Fransa, ABŞ kimi dövlətlərin müstəmləkəçilik siyasətinin bu gün müxtəlif yollarla davam etdirildiyini bildirib. Vurğulayıb ki, xüsusilə Fransa və ABŞ Afrikada neokolonializm siyasətini davam etdirməyə çalışır. Buna baxmayaraq, Mali, Niger, Burkina-Fasoda və Afrikanın digər ölkələrində Fransanın müstəmləkəçilik siyasəti iflasa uğrayır, hərbi bazaları bu ölkələrdən çıxarılır, iqtisadi bağlantıları dayandırılır. Onlar müstəmləkəçilik siyasətini, sadəcə, Afrikada yox, Cənubi Qafqazda, Yaxın Şərqdə də tətbiq edirlər. “Bu ölkələr Türkiyəni, Azərbaycanı, İraqı, Suriyanı, hətta Rusiyanı da ələ keçirmək və parçalamaq istəyirlər. Amma Azərbaycanın İkinci Qarabağ müharibəsində tam Qələbə qazanması Fransa və Amerikanın bu istiqamətdə məğlubiyyəti oldu. Bu qələbə bölgədə sülh və sabitlik üçün böyük imkanlar yaratdı”, - deyə türk ekspert söyləyib.

Onun fikrincə, buna baxmayaraq, Fransa və ABŞ Cənubi Qafqaz siyasətindən əl çəkməyib, Ermənistandan Azərbaycana, Türkiyə və Rusiyaya qarşı istifadə etmək istəyir. Son günlər təmas xəttində yaşanan gərginliyi buna misal göstərən Pərinçək əlavə edib ki, Cənubi Qafqazda sülhün bərqərar olması Fransa və ABŞ üçün bu regionda təsir gücünü itirmək deməkdir.

Konqo Respublikasının nümayəndəsi Nyanqa Qakosso Fransanın müstəmləkə dövründə ölkəsinin təbii sərvətlərini taladığını bildirərək qeyd edib. “Biz müstəmləkəçilik siyasətindən canımızı qurtara bilsək də, Fransa hələ də ölkəmizi talan edir. Bu səbəbdəndir ki, Konqoda iqtisadi çətinliklər mövcuddur. Ölkəmiz hazırda müstəmləkəçilik siyasəti ilə mübarizə aparır”, - deyə o bildirib.