YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyə çağırış: Birliyimiz daimi olmalıdır

“Dövlət başçısı İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqi özündə dünənimizlə və gələcəyimizlə bağlı bütün çağırışları, hədəfləri açıqladı. Cənab İlham Əliyev “İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir” söyləyərək 2003-cü ildən başlanan yolun qazandırdığı zəfərlərdən danışdı. Həmin ildə xalqın böyük dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev bu vədi vermişdir ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacaq. Son 20 il dövlət başçısının hər bir vədinin arxasında konkret əməli işin dayandığını nümayiş etdirir. Ölkə Prezidentinin də bildirdiyi kimi, bu illər uğurlarla, qələbələrlə dolu illər oldu.  Çətinliklər,  problemlər olsa da   Azərbaycan xalqı bir yumruq kimi birləşərək inkişaf, tərəqqi yolu ilə  irəlilədi.

Hər gün Azərbaycanı qələbəyə yaxınlaşdırdı. Möhkəm təməl üzərində gələcəyə böyük inamla addımlayan Azərbaycan iqtisadi qüdrətini daha da artırdı, maliyyə imkanları genişləndi, Silahlı Qüvvələrimizin  maddi-texniki bazası möhkəmləndi, beynəlxalq standartlara çavab verdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı, ən əsası azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda böyüməsi təmin edildi. Cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində bu məqamlara xüsusi diqqət yönəltdi. Bir daha bildirildi ki, qanları, canları ilə tarix yazan şəhidlərimizin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayır və  qurub-yaradırıq.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Nurlan Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin böyük qürur və inam hissi ilə bildirdiyi kimi, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun Liderinə  göstərdiyi inam və  vahid amal ətrafında birləşmə bacarığıdır: “Təbii ki, bu birliyi, inamı şərtləndirən əsas amil günümüzün reallıqlarıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev ilk gündən “Güclü dövlət, yüksək rifah” prinsipini öndə saxlayaraq Azərbaycanın daha da güclənməsinə, qüdrətlənməsinə çalışdı. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması qarşıda dayanan əsas hədəf oldu və bu hədəfə doğru inamla addımladıq. 2020-ci ildə tarixi Zəfərimiz növbəti zəfərlərə stimul verdi. Tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətimiz nəticəsində ötən il ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə son 20 ildə qarşıya qoyulan bütün vəzifələrin icrası başa çatdı. Artıq yeni dövr başladı. 7 fevral prezident seçkilərinin keçirilməsi ilə ölkəmiz daha bir uğura imza atdı. Azərbaycanın bütün ərazisini əhatə edən bu seçkilər özündə mühüm çağışları birləşdirdi. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində 7 fevral prezident seçkilərində Xankəndi şəhərində səs verməsini şərtləndirən amillərdən geniş bəhs edərək bu mesajı çatdırdı: “Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”

Millət vəkili vurğulayıb ki, cənab İlham Əliyevin digər çıxışlarında olduğu kimi, andiçmə mərasimindəki nitqində də milli birliyə çağırış xüsusi qeyd edildi: “Reallıq budur ki, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bu birliyi, həmrəyliyi möhkəmləndirən ümummilli məsələ- Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapıb. Dünya 44 günlük İkinci Qarabağ müharibəsində, eyni zamanda, postmünaqişə dövründə bu birliyin şahidinə çevrildi. Bu birlik, həmrəylik azərbaycançılıq ideologiyasının əsasıdır. Ümummilli Lider Heydər Əliyev daim bu çağırışı etmişdir ki, Vətən birdir və hər kəs bu Vətən üçün çalışmalıdır. Ulu Öndərin bu fikirlərinin davamı olaraq dövlət başçısı andiçmə mərasimində bir daha  bildirdi ki, birliyimiz  daimi olmalıdır. Çünki Azərbaycanın önəmi artır.  Əlbəttə, ölkəmizə  qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır. Bunu gündəlik həyatda görürük. Görülən işlərə  kölgə salmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq kimi cəhdləri xalqımız  görür və bundan hiddətlənir.”

“Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində gənclərin Vətən, torpaq sevgisinə bir daha diqqət yönəldərək bununla bağlı qarşıdakı dövrün hədəflərini açıqladı” söyləyən Nurlan Həsənov bildirib ki, dövlət başçısı gənc nəslin hərtərəfli yetişdirilməsini hər zaman qarşıya əsas vəzifə kimi qoyur. Onun andiçmə mərasimində böyük qürur hissi ilə qeyd etdiyi “Elə gənc nəsil yetişib ki, Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər bizim gənclərimiz” çağırışı gələcəyimiz olan gənclərin dövlətinə, xalqına bağlılığının təqdimatıdır.

Millət vəkili qeyd edib ki, dövlət başçısının hər bir çağırışı günbəgün güclənən Azərbaycanın uğurlu gələcəyinə yönələn mühüm addım, görüləcək işlərin yol xəritəsidir: “Prezident İlham Əliyev Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə, dünyanı heyrətləndirən uğurlara malik olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Hazırda ölkəmizin dayanıqlı iqtisadiyyata malik olması və gələcəkdə də onu təmin etmək üçün böyük potensialın mövcudluğu yeni hədəflərin müəyyənləşdirilməsində öz sözünü deyir. İqtisadi müstəqilliyimiz siyasi mövqeyimizi daha da möhkəmləndirir. Xarici siyasətimiz daxili siyasətin davamıdır. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq nüfuzunun möhkəmlənməsində əsas amildir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.”

Nurlan Həsənov belə bir ümumiləşdirməni aparıb ki, qalib xalqımız bundan sonra da qalib Liderinin uğurlu siyasəti nəticəsində möhtəşəm zəfərlərə imza atacaq.