YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının sırasına daha biri əlavə olunub

Fevralın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının  Nəcəfqulu Rəfiyev 66/1 ünvanı üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu mühüm addımın çox əlamətdar bir tarixə təsadüf etdiyini xüsusi qeyd edib. Bildirib ki, ölkəmizin həyatında əhəmiyyətli rola malik olan, müasir tariximizə Zəfər seçkiləri kimi yazılan 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyev xalqın  92,12 faiz səsini qazanaraq növbəti dəfə Prezident seçildi. Fevralın 14-də Milli Məclisdə dövlət başçısı İlham Əliyevin andiçmə mərasimi keçirildi. Bu qələbə Prezident İlham Əliyevə inamın, etimadın nümayişi, 20 ildə görülən işlərə verilən dəyər oldu. Ötən ilin 20 sentyabrında suverenliyimizin tam bərpa edilməsindən sonra Azərbaycanın həyatında yeni dövr başladı. Yeni dövr yeni hədəfləri ilə diqqətdədir. Xalqımız tam əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan daha möhtəşəm uğurlara imza atacaq, dünyanı heyrətləndirəcək. Zəfərlərlə, uğurlarla zəngin olan 20 ilin fonunda qarşıdakı dövrün aydın mənzərəsini yaratmaq mümkündür. 

Vüqar Rəhimzadə vurğulayıb ki, Heydər Əliyev yolu Azərbaycanı daim zirvələrə aparır. Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciəti bugünkü və gələcək inkişafımızın  əsası oldu. Həmin müraciətdə cənab İlham Əliyevə Özü qədər inandığını bildirən Ulu Öndər belə bir əminliyi də ifadə etmişdi ki, axıra çatdıra bilmədiyi işləri, planları O axıra çatdıracaq. Təbii ki, əsas hədəf ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası idi. Bu gün hər birimiz qalib Prezidentimizin xalqımıza yaşatdığı bu sevincin qürurunu yaşayırıq.

YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Ümummilli Liderin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq həm böyük şərəf, həm də məsuliyyətdir. Yeni hədəflərin reallığa çevrilməsində hər birimiz səylə çalışmalıyıq.

Sonra təşkilati məsələyə baxılıb. Xəzər Əmiraslanov YAP Xətai rayon təşkilatı Nəcəfqulu Rəfiyev 66/1 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Gülnarə İsmayılova  sədr müavini seçiliblər.