YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərimizin qəhrəmanlıqları xalqımızın tarixinə qızıl hərflərlə yazıldı

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycanda gənclərə diqqət və qayğının nəticəsidir ki, gənclərimiz bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi ilə ölkədə gənclər siyasətinin qanunvericilik bazası formalaşdırıldı. Ulu Öndərin gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini sübut edir.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.

Vətən, torpaq uğrunda ölmək qürurunu qəhrəmanlıqları ilə sübut edən, 2016-ilin Aprel döyüşlərində düşmənə qan udduran, İkinci Qarabağ müharibəsində də şəhidlik zirvəsinə ucalmaqla Ermənistan üzərindəki tarixi Qələbə ilə Azərbaycan xalqına Zəfər sevincini yaşadan gənclərimiz dünyanın müharibə tarixinə yeni səhifələr yazdılar. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyən gənclərimiz 27 sentyabr 2020-ci ildən başlayaraq 44 gün ərzində ermənilərə heç vaxt unutmayacaqları məğlubiyyət dərsini verdilər. Silahlı Qüvvələrimizin müxtəlif təyinatlı hissələrində xidmət edən əsgər və zabitlərimizlə birgə düşməni məğlub edən könüllü gənclərimiz Azərbaycan gəncinin nəyə qadir olduğunu bütün dünyaya göstərdilər.

Həmrəylik, milli birlik, vahid amal uğrunda mübarizədən güc alan Azərbaycan gəncləri döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz ordu” mifini birdəfəlik darmadağın etdi. İşğalçı düşmənə qalib gəlmək arzusu ilə yaşayan gənclər Vətənə sadiq olduqlarını təsdiq etdilər. Onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncləri həm hərb - döyüş meydanında, həm də informasiya məkanında mübarizə apardılar.

Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq və qabiliyyət müqabilində geniş imkanlar yaradır, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə uğurla həyata keçirilən mütərəqqi gənclər siyasəti Azərbaycan gəncliyinin cəmiyyət haytının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. 

DİGƏR Xəbərlər Arxiv