YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlk dəfə, yaxud 44 məqam...

Sabir Şahtaxtı

Yazıçı-publisist, siyasi elmlər üzrə fəlsəfə doktoru

Mövcud müharibə və münaqişələr, pandemiya və epidemiyalar, təbii fəlakətlər barədə proqnozlar 2024-cü ilin əvvəlki illərdən xeyli fərqli olacağını deməyə ciddi əsas verir. Carı ilin ömrünün necə olacağını, hansı hadisələrlə yadda qalacağını, yaxşı və yaxud pis məsələlərin hansının çox olacağını demək mümkün olmasa da, bir sıra ölkələrdə keçiriləcək seçkilərin nəticələrinin qlobal proseslərə təsirinin böyük olacağı ehtimalı özü də böyükdür. Seçki keçirən ölkələr sırasında Azərbaycan da var. Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan dövləti və xalqı qarşısında mühüm, tarixi və təxirəsalınmaz vəzifələr müəyyən edib.

Əvvəla qeyd etmək lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ilk dəfədir ki, ərazi bütövlüyü çərçivəsində, ölkənin hər yerində, bütün vətəndaşların iştirakı ilə seçkilərə gedir. Mübarək Qarabağ Zəfəri Azərbaycan xalqının mənəvi-psixoloji vəziyyətini təsvirolunmaz dərəcədə yüksəldib.

Böyük məmnuniyyətlə ifadə etmək istərdik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə və ondan sonrakı dövrdə baş verən hərbi-siyasi və diplomatik proseslər ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlət strategiyasının fəlsəfi quruluşunda yer alan “İlk dəfə!!!” anlayışının məzmununu daha da zənginləşdirmişdir. Azərbaycanın üç rəngli bayrağının dövlət bayrağı kimi ilk dəfə yüksəldilməsi, İyirmi Yanvar faciəsində ilk dəfə hüquqi-siyasi qiymət verilməsi, Xocalı faciəsinin ilk dəfə soyqırımı aktı kimi tanınması, ölkədə ilk dəfə demokratik seçkilərin keçirilməsi, müstəqilliyin bərpasından sonra ölkə ərazisində suveren hüquqların ilk dəfə tam bərpa olunması və s. kimi hadisələrin xronologiyasında “İlk dəfə!” anlayışı məhz dövlət quruculuğu meyarı kimi mövcuddur. İndi həmin xronikanı 44 başlıq altında təqdim edirik:

1.Ulu Öndər Heydər Əliyevinin Naxçıvana dönüşü muxtar respublikanın üstündəki qara buludları dağıtmağa başladı. İlk dəfə olaraq Naxçıvanın işğalçı Ermənistan tərəfindən tam blokadaya alınması dünya birliyinin diqqətinə davamlı şəkildə çatdırıldı; Heydər Əliyev dünya birliyinin nəzər-diqqətini Naxçıvana yönəltməklə Azərbaycanın dövlət müstəqilliyinin elan olunması və qorunması üçün uzaqgörən strategiyanın əsaslarını elan etdi;

2. Dahi şəxsiyyət Heydər Əliyev 1992-ci il yanvarın 19-da Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin tapşırığı ilə qardaş ölkədən Naxçıvana gəlmiş nümayəndə heyətini, aprelin 1-də ATƏT-in nümayəndə heyətini, mayın 27-də Birləşmiş Millətlər Təşkilatının Naxçıvana göndərdiyi xüsusi nümayəndə heyətini, iyunun 17-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Riçard Maylsı, iyulun 23-də Rusiya Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üzrə Rusiya vasitəçi nümayəndəliyinin rəhbəri Vladimir Kazimirovu, 1993-cü il martın 5-də Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli nümayəndəliyinin rəhbəri Horold Fomstoku, elə həmin gün Fransanın fövqəladə və səlahiyyətli səfiri Jan Perreni qəbul etmişdir. Bütün bunlar müstəqilliyin bərpası dövründə xarici siyasi dairələrin ilk dəfə Azərbaycana göstərdiyi diqqət idi. Təqdim etdiyimiz gərgin iş qrafikindən aydın görünür ki, Heydər Əliyevin Naxçıvana rəhbərliyi qısa zaman kəsiyində muxtar respublikanı təkcə Azərbaycanın deyil, bölgənin siyasi idarəetmə mərkəzinə çevirmişdir. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk, Kazım Qarabəkir Paşa və Behbud ağa Şahtaxtinskinin birgə səyləri nəticəsində Naxçıvanın qazandığı qurtuluşu yüzilliyin sonunda Ulu Öndər Heydər Əliyev təkbaşına xalqın gücünə arxalanaraq həyata keçirdi.

3. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, məhz ümummilli lider Heydər Əliyevin sədrlik etdiyi sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycanın milli bayrağı qaldırılıb. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən edilib. Hələ kommunist partiyasının mövcud olduğu bir vaxtda Sovet hakimiyyəti dövründə qərar təklif edilib ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılmalıdır və bu barədə qərar qəbul edilib. Beləlikləı, 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraq Naxçıvanın milli bayrağı qəbul olunub və üçrəngli bayraq ilk dəfə Azərbaycanda dövlət qurumuna, sessiyanın salonuna gətirilib;  

4. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd edilməsi barədə ilk dəfə siyasi addım atıldı və tarixi qərar qəbul olundu. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etdi. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən müraciət nəzərə alınaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qanun qəbul olundu...2001-ci il noyabrın 9-10-da Bakıda ilk dəfə olaraq Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Həmin qurultayda Heydər Əliyevin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”,- kəlamı dillər əzbərinə çevrildi;

5. Ulu öndər Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfəri 1992-ci ilin martında reallaşdı və səfər zamanı Türkiyə Prezidenti Turqut Özal, Baş nazir Süleyman Dəmirəl və digər rəsmi şəxslərlə görüşlər keçirildi. Bu səfər çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalandı. 13 maddəlik protokolda ilk dəfə olaraq qardaş ölkədən muxtar respublikaya maliyyə, iqtisadi, texniki yardım göstərilməsi, regionun zəruri ehtiyaclarını ödəmək üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi öz əksini tapdı. Protokolda həmçinin bank işi, turizm, informasiya sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması, muxtar respublikadan 100 tələbənin Türkiyədə təhsil alması haqqında razılığa gəlindi;

6. 1992-ci il mayın 28-də ümummilli lider Heydər Əliyev və Türkiyənin baş naziri Süleyman Dəmrəlin iştirakı ilə Türkiyə ilə Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq iki qardaş ölkəni birbaşa birləşdirən “Ümid” körpüsünün açılışı olub. Bununla ilk dəfə olaraq Azərbaycan və Türkiyə cümhuriyyətləri arasında birbaşa gediş-gəliş bərpa olundu;

7. Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Parlamentində çıxış edərək müstəqillik dövründə ilk dəfə olaraq xarici və daxili siyasətin bütün istiqamətlərininxalqa və dünya ictimaiyyətinə elan edib;

8. Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi- hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il martın 29-da respublika parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz ümummilli lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra ilk dəfə öz hüquqi-siyasi qiymətini aldı...Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sənədlər imzalamışdır. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı da bu məqsədə xidmət edirdi.

9. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi ilk dəfə “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır;

10.1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Bu hadisə Xəzər hövzəsində karbohidrogen ehtiyatların beynıəlxalq səviyyətə hasilatına dair ilk anlaşma olaraq tarixə düşdü. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da ilk dəfə olaraq Azərbaycanın "Yeni neft strategiyası" həyata vəsiqə qazandı;

11. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 29 sentyabr 1994-cü ildə Azərbaycanın dövlət başçısı olaraq ilk dəfə Nyu-Yorkda BMT Baş Məclisinin 49-cu sessiyasında çıxış edib. Bu çıxış əsasında ilk dəfə olaraq dünya ictimaiyyətinə geniş şəkildə və rəsmi qaydada Ermənistanın işğalçılıq siyasəti barədə fundamental məlumat verilib. Dahi şəxsiyyətin çıxışından kiçik bir parça belədir: “...Ermənistan Respublikası Azərbaycanın işğal edilmiş ərazilərinin bir hissəsini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun müstəqillik statusu ilə dəyişdirmək kimi əsassız şərtlər irəli sürür. O, Azərbaycanın bu regionunda öz hərbi qüvvələrinin qalmasını və Azərbaycanın Şuşa şəhəri və Laçın rayonu üzərində nəzarətinin saxlanmasını tələb edir ki, bu da əslində ərazilərimizin ilhaqının təsbit edilməsi deməkdir. 

Ermənistan münaqişənin başlanmasınadək Dağlıq Qarabağda mövcud olmuş demoqrafik vəziyyətin bərpasını və azərbaycanlı əhalinin oraya qaytarılmasını, o cümlədən Azərbaycan mədəniyyətinin ən qədim mərkəzlərindən biri olan Şuşaya qaytarılmasını tamamilə istisna edir. 

Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədən, bu şərtlərlə beynəlxalq aralayıcı qüvvələri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunun perimetri boyunca yerləşdirməyi təklif edərək onları vəziyyətin konservasiyası alətinə, öz ilhaqçı siyasətinin girovuna çevirməyə cəhd göstərir...”.

12. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib və 1998-ci ildə ilk dəfə həmin gün Respublika səviyyəsində qeyd olunub. Bu sənəd 1918-ci ilin mart qırğınları ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Tədqiqat Komissiyasının təsis edilməsindən sonra Azərbaycan xalqına qarşı həyata keçirilən qırğınların araşdırılması istiqamətində qəbul edilən ilk rəsmi sənəd olub;

13. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də ilk dəfə olaraq Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Konfransın yekununda Avropa İttifaqının TRASEKA Proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdır. Bundan əlavə, 2001-ci il 21 fevral tarixində Bakı şəhərində ümummilli lider Heydər Əliyevin iştirakı ilə TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinın açılışı olmuşdur. TRASEKA Proqramı gələcəkdə Azərbaycanın beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin, eləcə də Şimal-Cənub, Şərq-Qərb tranzit magistral xətlərinin qovuşacağına çevrilməsi üçün ciddi əsas olmuşdur;

14. 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair ilk saziş imzalanıb. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi və boru xəttinə ilk neft vuruldu. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. 2006-cı ildə açılış mərasimində iştirak edən Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimində geniş nitq söyləyib. Uzaqgörən neft strategiyası Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Trans-Anadolu Boru Kəməri (TANAP) ilə Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) neft və qaz kəmərləri, eləcə də Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əsas təminatçısına çevrildi;

15. 2001-ci il martın 12-də ümummilli lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində ilk dəfə "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalandı. Həmin il sentyabrın 29-da isə Gürcüstan Prezidentinin Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan respublikaları arasında saziş"in imzalanması baş verdi. 6 il sonra "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacağın Bakı-Tbilisi-Ərzurum xətti ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olması bunların uğurlu nəticəsi oldu;

16. 2001-ci il aprelin 24-27-də Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edib. Elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri avropalıların diqqətinə çatdırılıb. Sessiyada 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılıb. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altındakı Azərbaycan torpaqlarında uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər vurğulanıb.

2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında Azərbaycan Respublikasının Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilib;

17. Ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” 18 iyun  2001-ci il tarixli Fərmanı ilə 1 avqust 2001-ci il tarixdən Azərbaycanda yeni Latın qrafikalı əlifbaya keçid başa çatdırıldı, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında”  9 avqust 2001-ci il tarixli Fərmanı ilə 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edildi. Bununla Azərbaycan qardaş Türkiyədən sonra latın qrafikalı əlifbaya tam keçən ilk türk ölkəsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın  qrafikası ilə yenidən nəşri həyata keçirildi. Yuxarıda göstəriln hüquqi-siyasi addımlar keçmiş SSRİ məkanında ən radikal “milli mədəni inqilab” elementləri kimi dəyər qazandı;

18. 2010-cu il sentyabrın 15-də İstanbulda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) təməli qoyulub. İlk dəfə olaraq iki qardaş ölkə arasında münasibətlərin strateji əhəmiyyəti rəsmən təsdiqlənib və bütün sahələrdə əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz töhfəsini verib... Azərbaycan və Türkiyə arasında ilk dəfə birgə hərbi təlimlərə start verilib. Rəsmi Bakı ilk dəfə açıq şəkildə Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə standartına uyğunlaşdırıldığını bəyan edib.

19. Azərbaycan Respublikası 2011-ci ildə Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olub. Azərbaycan Qoşulmama Hərəkatına üzv olandan bəri Hərəkatın fəaliyyətinə önəmli töhfələr verir. Buna görə də, 2016-cı ildə Qoşulmama Hərəkatının Venesuelada keçirilmiş Zirvə Toplantısında Hərəkatın üzv dövlətləri yekdilliklə ilk dəfə olaraq Azərbaycanın təşkilatın növbəti sədr ölkəsi seçilməsinə razılıq vermişlər.

Azərbaycanın Qoşulmama Hərəkatında 2019-2022-ci illər üçün sədrliyi 2019-cu il oktyabrın 25-26-da keçirilən Bakı Zirvə Toplantısında başlamışdır. Daha sonra üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz daha bir il uzadılmışdır.

COVID-19 pandemiyasına qarşı qlobal mübarizə məqsədilə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra önəmli təşəbbüsləri olmuşdur. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti, 2020-ci ilin dekabrında isə BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilmişdir. Həmçinin bu dövrdə Azərbaycanın təşəbbüsü ilə bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələri qəbul edilmişdir.

Bundan əlavə, ölkəmiz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib.

20. Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki dəfə – 2012-ci ilin may ayında və 2013-cü ilin oktyabr ayında sədrlik vəzifəsini həyata keçirmiş və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil etmişdir. Prezident İlham Əliyevin ilk sədrlik iclasında BMT-nin keçmiş Baş katibi Pan Ki-Munun iştirakı ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmiş və yekun sənəd kimi Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunmuşdu. Bəyanatda terrorçuluğun bütün forma və təzahürləri pislənilmiş və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi bildirilmişdi;

21. Avropa Olimpiya Komitəsi (AOK) ilk dəfə olaraq 2012-ci ilin dekabrında Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı qərar qəbul edib. 2015-ci il iyunun 12-də Bakıda “Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub. Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib. Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbul təşkil olunub... 2017-ci il mayın 12-dən 22-dək Azərbaycan ilk dəfə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsi kimi yaddaşlara həkk olunub. On gün ərzində bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünüb.

Aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər;

22. Prezident İlham Əliyev Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş 25 aprel 2014-cü il tarixli sammitdəki çıxışında “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm.”,-fikri ilə qardaş Türkiyəni beynəlxalq platforma çərçivəsində qətiyyətlə, açıq şəkildə müdafiə edib.

23. 2014-cü il sentyabrın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Avropaya cənub səmtdən magistral botu xətti ilə qaza nəqlini təmin edəcək təməlqoyma mərasimdən əvvəl Prezident İlham Əliyev, dövlət və hökumət başçıları, digər qonaqlar birgə foto çəkdiriblər.

Prezident İlham Əliyevin çıxışında qeyd edib ki, 1999-cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdir. Bu da yeni bir ixrac marşrutu idi. 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. O kəmər ki, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. O, bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də bir ixrac boru kəməri kimi fəaliyyət göstərir. Ondan sonra 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır.

24. Azərbaycan ilk dəfə olaraq 2015-ci ildə Türkiyənin “Böyük iyirmilik” (G 20) təşkilatına sədrliyi dövründə rəsmi Ankaranın dəvəti əsasında G-20-də xüsusi statuslu qonaq kimi təmsil olunub. Noyabrın 15-də Türkiyənin Antalya şəhərində “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti öz işinə başlayıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və digər ölkələrin dövlət başçılarını, həmçinin beynəlxalq təşkilatların rəhbərlərini qarşılayıb. Qeyd edək ki, “Böyük İyirmiliyə” daxil olan ölkələr dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini təmsil edirlər. Dünya əhalisinin üçdə iki hissəsi "Böyük İyirmiliyin" üzvü olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və Avropa İttifaqı ərazisində yaşayır…Prezident İlham Əliyevin "Ümumi strategiyanın formalaşdırılması" məqaləsi G20-nin xüsusi nəşrində dərc olunub;

25. 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər. Bununla Azərbaycan və Türkiyə arasında tarixdə ilk dəfə olaraq birbaşa dəmir yolu əlaqəsi qurulub;

26. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il Sərəncamı ilk dəfə olaraq Qarabağa böyük qayıdış üçün atılan addım olub;

27. 2018-ci il 19 oktyabr tarixində Azərbaycanın sərmayəsi ilə xaricdə ilk dəfə qurulan ən nəhəng müəssisənin “Star” Neft Emalı Zavodunun açılış mərasiminin açılışı Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə həyata keçirilib;

28. 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

Sessiyada iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında səsləndirdiyi “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, “Qarabağ Azərbaycandır”,-ifadəsi Vətən müharibəsində birlik və mübarizə simvoluna çevrilib;

29. 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Bunula Xəzər hövzəsi qazının ilk dəfə Avropaya ixracı təmin olunub;

30. 2020-ci il 15 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Azərbaycan və Ermənistan liderləri arasında ilk dəfə təsadüf edən debatda Prezident İlham Əliyev Ermənistanın baş nazirini dünya ictimaiyyəti qarşısında rəzil vəziyyətə salıb, onun ölkəsinin işğalçı olduğu hər kəsə faktlar əsasında isbat edilib;

31. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”;

32. 2020-ci il sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Vətən müharibəsi günlərində müharibəyə həsr olunan ilk verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Prezident İlham Əliyevin çıxışından bir məqam: “...Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. Axı, ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb”.

33. 2020-ci il 10 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin üçtərəfli Bəyanat imzalayıblar. Bununla Ermənistan kapitulyasiya aktı imzalayaraq ilk dəfə olaraq Azərbaycana qarşı işğalçılıq siyasəti yürtdüyünü, müəyyən edilmiş zaman kəsiyində zəbt etdiyi əraziləri tərk etmək üçün öhdəlik götürdüyünü rəsmən təsdiq edib. Ermənistan doqquz bənddən ibarət Bəyanatın sonuncu müddəası ilə keçmiş SSRİ-nin süqutumdan sonra Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadada saxlanıldığını etiraf edib. Qırx dörd Günlük Vətən müharibəsi sayəsində Azərbaycan son iki yüz illik zaman kəsimində ilk dəfə olaraq işğal altındakı torpaqlarından azad edib... Kapitulyasiya aktı əsasında aparılan danışıqlarda Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra ilk dəfə olaraq Azərbaycan Ermənistana qarşı haqlı iradlarını irəli sürüb və bunu beynəlxalq hüquq müstəvisinə qaldırıb...

Azərbaycan ilk dəfə olaraq Zəngəzur dəhlizini beynəlxalq siyasi-hüquq mövzuya çevirərək bu bölgənin dövlətlərarası mübahisə pridmeti olduğunu qarşı tərəflərə qəbul etdirib.

34. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.

“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradının açılışı olub.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

İlk dəfə olaraq Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana bir yerdə hərbi raport verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Pardaında çıxış ediblər.

35. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Müstəqilliyinin bərpası dövründə Şuşaya səfər edən ilk Azərbaycan dövlət başçısı olan Prezident İlham Əliyev deyib: “Prezident İlham Əliyev: 1982-ci ildə atamla birlikdə burada idik, Natəvan bulağının önündə. 39 ildən sonra müzəffər ordunun Ali Baş Komandanı kimi qayıtmışam. Şuşa yenə bizimdir! Şuşa yenə Azərbaycandır!”;

36. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanan ilk müttəfiqlik sənədi iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edib;

37. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.

Ali Orden dövlətimizin başçısına 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.

Türk dünyasının ilk Ali Ordeninin ilk nüsxəsini Azərbaycan Prezidentinə təqdim edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.

Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.

Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir.”

38. Ermənistan tərəfindən 2023-cü il aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bunla da Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ilk dəfə olaraq öz sərhədlərini tam nəzarətə götürüb;

39. 2022-ci il mayın 27-də işğaldan azad olunan ərazilərə böyük qayıdışın ilk addımı atılıb. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb;

40.2023-cü il oktyabrın 14-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarı Azərbaycan Respublikasına səfər edib. Prezidenti İlham Əliyev həmin gün Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.

Görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib. Bu ŞKTC dövlət başçılarının Azərbaycana ilk səfəri olub;

41. Azərbaycan Silahlı Qüvvələrinin birlikləri 2023-cü il sentyabrın 19-da təxminən 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı nəticəsində separatçıların təslim olmasına nail olmaqla ilk dəfə olaraq ölkə ərazisində dövlətin suveren hüquqlarını tam təmin edib;

42. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev müstəqilliyinin bərpasından sonra ilk dəfə üç rəngli dövlət bayrağını Xankəndi şəhərində ucaldıb;

43. Xankəndi və Xocalı şəhərlərində tarixdə ilk dəfə olaraq İyirmi Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb;

43. Xankəndi şəhərində və Xocalıda tarixdə ilk dəfə olaraq Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi ehtiramla anılacaq;

44. Azərbaycan Respublikası ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Xatırladaq ki, öz namizədliyini geri götürərək, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyib.

Müqəddəs Qarabağ Zəfərinin şərəfinə şərti bölgü əsasında təqdim etdiyimiz mühüm tarixi məqamların hər biri “Qalib xalqın, qalib lideri!” prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin Azərbaycan xalqı qarşısında hesabatının müəyyən hissədir. “Qalib xalqın, qalib lideri!” seçki platforması yuxarıda təqdim etdiyimiz məqamların hər birinin yeni inkişaf mərhələsidir.

Təqdim etdiyimiz 44 məqamda Azərbaycanın beynəlxalq inteqrasiyası, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin ifşası, məlum işğal faktının aradan qaldırılması, qardaş Türkiyə ilə siyasi, iqtisadi və hərbi əməkdaşlıq və s. mühüm məqamları özündə ehtiva edir.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı 2024-cü ildə Azərbaycanın dövlətçilik tarixinin muxtar respublikaya aid olan hissəsində bir sıra məsələlərin beynəlxalq səviyyədə təbliği baxımından təxirəsalınmaz vəzifələr müəyyən edir. İşğalçı Ermənistanın imzaladığı kapitulyasiya aktı nəticəsində qlobal səviyyəli gündəmə gətirilən Zəngəzur dəhlizi məsələsi bu vəzifələrin ən vacib tərkib hissəsidir. “Naxçıvan-100” tədbirləri çərçivəsində işğalçı Ermənistanın Muxtar respublikanın hələ də blokadada saxladığı bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.

...Hörmətli oxucu, dəyərli seçicilər. Hazırda qlobal məkanda dəyərlərin öz mahiyyətini sürətlə itirdiyi bir dövrdə Azərbaycan xalqı və dövləti qarşısında təxirəsalınmaz vəzifələr dayanır. Azərbaycanın müstəqilliyi və müqəddəs Qarabağ zəfəri tam şəkildə bir-birini tamamlayan milli sərvətlərdir. Müstəqilliyi və müqəddəs zəfərinizi qazanmaq nə qədər çətindirsə onları qorunmaq daha da çətin və şərəflidir. Azərbaycanın kənar təsirlərdən, eləcə də yaxın və uzaq bölgəmizdə baş verən xoşagəlməz hadisələrdən, risklərdən, risklərin vəd etdiyi böyük fəlakətlərdən qoruması Allahın lütfü, dövlətimizin qüdrəti, liderimizin qətiyyəti, xalqımızın birliyindən asılıdır. Bu birliyin qorunması üçün hər bir Azərbaycan seçicisini 7 fevral 2024-cü ildə səsvermə məntəqələrinə gəlməyə, “Qalib xalqın, qalib lideri!” prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevə səs verməyə dəvət edirik.

DİGƏR Xəbərlər Arxiv