YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Azərbaycanda digər ölkələrə nümunə olacaq gənclər siyasəti həyata keçirilir

Sədaqət Vəliyeva,

Milli Məclisin deputatı

1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən müstəqil Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulmuşdur. Beləliklə, ölkəmizdə gənc nəslə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin prioritetinə çevrilmişdir. Gənclərə hər zaman böyük qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir” – deyə müdrik fikir söyləmişdir.

Dahi şəxsiyyət Heydər Əliyev tərəfindən gənclərin inkşaf etdirilməsi, dövlətin və cəmiyyətin tərəqqisində rolunun artırılması istiqamətində böyük və ardıcıl tədbirlər həyata keçirilib. Ulu Öndərin 1994-cü il 26 iyul tarixli  Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, tələbələrin xarici ölkələrə təhsil almağa göndərilməsi, ali məktəblərə yüksək balla qəbul olunmuş abituriyentlərə Prezident təqaüdünün verilməsi, Ümummilli Liderin təşəbbüsü əsasında Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi və digər faktlar Ulu Öndərin gənclərə olan qayğısından irəli gəlir. Eyni zamanda, Azərbaycanda 2 feval tarixinin Gənclər Günü kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci ildə dahi şəxsiyyət Heydər Əliyevin imzaladığı müvafiq Sərəncamla Azərbaycan Gənclərinin Birinci Forumunun keçirildiyi 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd olunur.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda digər ölkələrə nümunə olacaq gənclər siyasəti həyata keçirilir. Prezident İlham Əliyev gənclərin hərtərəfli inkişafını, onların düzgün, milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda yetişdirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayıb. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan gəncliyi ölkəmizi dünya miqyasında layiqincə təmsil etməklə yanaşı, 44 günlük Vətən müharibəsində yüksək milli vətənpərvərlik ruhu, mənəvi dəyərlərə sadiqlik nümayiş etdirərək qəhrəmanlıq dastanı yazıblar.

Azərbaycan gəncliyi hər zaman dövlət başçımızın onlara olan etimad və güvənini doğruldub. Gənclər Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, Onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti dəstəkləyiblər.

Əziz gənclər, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, ölkəmizin qüdrətlənməsi, çiçəklənməsi yolunda səmərəli fəaliyyətinizdə sizə müvəfəqqiyyətlər arzu edirəm. Azərbaycan xalqı öz gəncləri ilə fəxr edir!