YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövr yeni çağırışları ilə gənclərimizin gələcəyi üçün geniş imkanlar yaradır

“Müasir müstəqil, qalib Azərbaycanın gəncləri bu gün hesabat verir. 2 Fevral-Azərbaycan Gəncləri Günü bu hesabatın fonunda gənc nəslin malik olduğu imkanları bir daha təqdim edərək onlarla böyük qürur duymağa stimul verir. Keçilən yola qısa baxış gənclərimizin böyük şərəfli yol keçdiyini, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını təsdiqləyir. Müstəqilliyimizin yenidən bərpasının ilk illəri digər sahələr kimi, gənclərə diqqətdə də problemlərin mövcudluğu ilə xaarakterizə olunur. Lakin 1993-cü ildə Ümummilli Liderin  hakimiyyətə qayıdışından sonra onların həyatında yeni mərhələ başladı. Gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasına çevrildi. Azərbaycan gəncliyi hər addımda özünə diqqətin şahidi oldu. Bu qayğı gənclərdə özünə, öz gücünə, istedadına və bacarığına inamı artırdı. Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən Azərbaycan Gənclərinin I Forumunun keçirildiyi tarix- 2 fevral Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlayıb. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında dayanan problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Ulu Öndər gənclərə bu çağırışı etmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.

Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, Azərbaycan gəncliyi sağlam düşüncəli, müasir dünyagörüşünə malik gənclikdir, daim yeniliklər axtarışındadır, Azərbaycanın davamlı inkişafına töhfələr verməyə səy göstərir.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadə qeyd edib ki, son 20 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensial imkanlarından maksimum istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyub və gəncliyin hərtərəfli inkişafını təmin etmək üçün Fərman və sərəncamlar imzalayır,  müxtəlif sahələri əhatə edən Dövlət proqramlarını təsdiqləyir: “Prezident İlham Əliyevin Sərəncamı ilə  2007-ci il ölkəmizdə  “Gənclər İli” elan edildi. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalandı. Gənclər Fondunun yaradılması ölkənin gənclər siyasətinin mahiyyət etibarı ilə yeni səhifəsinin başlanğıcı oldu. Gənclərə dəstək yönümündə verilən mühüm qərarlardan biri də 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsidir. Ümumilikdə gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrildi və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Azərbaycanın gələcəyinə xidmət edən addımlar sırasında gənclərin xarici ölkələrdə təhsilini xüsusi qeyd edə bilərik. Bu ənənənin əsası Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə qoyulmuşdur. Hələ o zamanlarda Azərbaycanın gələcəyini müstəqil görən Ulu Öndər gənclərimizi keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərmişdir.”

Millət vəkili diqqəti Prezident İlham Əliyevin 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşımına yönəldib: “Cənab İlham Əliyev paylaşımında “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər” fikirləri ilə tarixi Zəfərimizin yaratdığı reallıqları, Azərbaycanın bu şanlı Qələbəsində gənclərimizin rolunu açıqladı. Dövlət başçısı hər zaman gənclərə böyük etimad göstərir. Ölkə Prezidentinin 1 fevral 2024-cü il tarixli “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı da bu diqqətin bariz nümunəsidir. Gənclərimiz dövlətin onlara göstərdiyi etimadı əməli fəaliyyətləri ilə doğrultmağa səy göstərirlər.”

Əliaabbas Salahzadə bu məqamı qürurla qeyd edib ki, bu gün hər kəs Azərbaycan gəncinin vətənpərvərliyindən, torpaq sevgisindən bəhs edir: “Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz öz adlarını xalqımızın müasir tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Genişmiqyaslı bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərin qayıdış ünvanlarının sayının artması ilə müşaiyət olunur. Azərbaycan gəncləri bu gün bayramlarını xoş ovqatda, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasının sevincini yaşayaraq qeyd edir. Bundan böyük xoşbəxtlik ola bilərmi? Suverenliyimizin tam təmin olunması ilə qalib Azərbaycan yeni dövrə qədəm qoyur. Bu dövrün çağırışları gənclərimizin də qarşısına mühüm vəzifələr qoyur. Daim yenilik axtarışında olan gənclərimiz onların hərtərəfli inkişafı üçün yaradılan imkanlardan səmərəli istifadə edərək bu vəzifələri yüksək səviyyədə yerinə yetirəcəklər. Gənclərimizə inam böyükdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Gənclərimiz torpaq, Vətən uğrunda vuruşurlar. Şəhidlərimizin böyük əksəriyyəti gənclərimizdir. Gənclər hərbi qələbələrimizi şərtləndirdilər.

Müasir dövrün yenilikçi gəncliyi cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımızın müasir tələblər səviyyəsində bərpası tapşırığının uğurlu icrasına öz töhfələrini vermək imkanlarına malikdir. Yeni dövr yeni çağırışları ilə  gənclərimizin gələcəyi üçün  geniş imkanlar yaradır.”

DİGƏR Xəbərlər Arxiv