YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gəncləri cəmiyyətimizin ən fəal hissəsidir

“Bu gün Azərbaycan Gəncləri Günüdür. Hər bir əlamətdar tarixin qeyd olunması dünənimizə baxış, bugünümüzün reallıqları fonunda gələcək hədəflərin müəyyənləşdirilməsinə bir çağırışdır. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan hazırda tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi ilə qürurludur, yaratdığı reallıqları ilə dünyanın diqqətindədir. Müstəqilliyinin bərpasının 32 ildən artıq dövrünü arxada qoyan Azərbaycanın uğurlarının zirvəsində dayanan şanlı Qələbəsini şərtləndirən mühüm amillər sırasında Azərbaycan gəncinin torpaq, Vətən sevgisi, özünə, öz gücünə inamı, güvəni xüsusi yer tutur. Bu inama əsas verən dövlətimizin gənclərə diqqqət və qayğısı, onları gələcəyimiz kimi dəyərləndirərək böyük etimad göstərməsidir.  Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət xüsusi yer tutub. Hələ hakimiyyətinin birinci mərhələsində Ümummilli Liderin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri  gənclərimizi keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə  göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi.  Bu yolla Azərbaycanın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği də həyata keçirilirdi. Ulu Öndər, eyni zamanda, gəncliyin ana dilində təhsilinə üstünlük verirdi. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Ümummilli Lider Heydər Əliyev üçün xüsusilə böyük əhəmiyyətli məsələ idi. Dahi şəxsiyyətin gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasına çevrildi.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, hər zaman özünə böyük diqqətin şahidinə çevrilən gənclərimiz onlara göstərilən etimadı doğrultmaq üçün  ayrı-ayrı sahələrdə daha fəallıq nümayiş etdirməyə, potensial imkanlarından səmərəli istifadə etməyə çalışdılar:“Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu yüksək  qiymətləndirən Ümummilli Lider Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzaladı. Onun gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər gənclər qarşısında belə bir tarixi vəzifəni qoydu ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”

Malik Həsənov vurğulayıb ki, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi: “Azərbaycanın dövlət müstəqilliyinin daimi, əbədi, dönməz, sarsılmaz olduğunu önə çəkən Ümummilli Lider daim bu çağırışı etmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. O, gənclərimizin gələcəyinə böyük inamla yanaşır, bu etimadı yüksək səviyyədə doğruldacaqlarına əmin idi. Son 20 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərimizin hərtərəfli inkişafı üçün bütün zəruri addımları atır və onlara böyük etimad göstərir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar cənab İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Dövlət başçısının Sərəncamları əsasında 2007-ci ilin ölkəmizdə “Gənclər İli”, 2020-ci ilin isə “Könüllülər İli” elan edilməsi, müxtəlif Dövlət Proqramlarının qəbulu və uğurlu icrası, gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi və sair kimi biri-birindən  mühüm addımlar gənc nəslin müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün görülən işlərdə töhfələrini artırmasını şərtləndirdi. Azərbaycan gəncləri hər zaman müasir dünyagörüşünə, sağlam düşüncəyə, savada, biliyə malik, vətənpərvər gənclik kimi diqqətdə olub.”

Millət vəkili gənclərimizin torpaq, Vətən sevgisinin təqdimatı olan tarixi Zəfərimizdən geniş bəhs edərək bildirib ki, şanlı Qələbəmizin qəhrəmanlarının hər birinin həyat yolu bir vətənpərvərlik məktəbidir: “İndiki və gələcək nəsillər bu məktəbi öyrənməli, qəhrəmanlarımızı heç zaman unutmamalıdırlar. Gənclərimiz canları, qanları ilə Zəfər tarixini yazmaqla sübut etdilər ki, torpaq, Vətən yolunda hər an canlarından keçməyə hazırdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında tarixi Zəfərimizdən bəhs edərkən bu məqamı xüsusi qeyd edir. Bu gün şəhidlərimizin ruhu şaddır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda, Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Soydaşlarımızın torpaq həsrətinə son qoyuldu. Böyük Qayıdış başladı. Hər zaman torpaqlarımızın işğaldan azad edilməsini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrini səbirsizliklə gözləyən Azərbaycan əsgəri yazdığı Zəfər tarixi ilə hər birimizi qürurlandırdı, gələcəyə daha böyük inamla baxmağa stimul verir. Azərbaycan gəncləri ilə fəxr edirik. Onlar sözün əsl mənasında gələcəyimizdir. Müasir dünyagörüşləri, bilikləri, yeni ideyaları ilə qalib Azərbaycanın daha da qüdrətlənməsinə, yeni-yeni hədəflərə nail olmasına səy göstərirlər. Gənclərimiz yeniliyə, təkmilləşməyə  böyük maraq göstərir. Onlar Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək  malik olduqları potensialdan qalib Azərbaycanın gələcəyi üçün maksimum istifadə etməyə çalışırlar. Gənclərimizin yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı onların Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi prosesində fəal iştiraklarına əsas yaradır. Bayramınız mübarək, Azərbaycan gəncləri!”

DİGƏR Xəbərlər Arxiv