YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərimiz Azərbaycanın yeni-yeni zəfərlərə doğru irəliləməsinə öz töhfələrini verməyə çalışırlar

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycan Gəncləri  Günü ərəfəsindəyik. Gənclərin keçdiyi inkişaf yolunu təhlil edərkən ilk olaraq göz önünə onların milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsi gəlir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Ümummilli Lider bildirmişdir: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”

Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Dövlət başçısı İlham Əliyevin 2020-ci ildə  Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında ona ünvanlanan  “Azərbaycanda gənclərin sayı çoxdur və onlar küçəyə çıxsa və eşidilmələrini tələb etsə, İlham Əliyev onlara nə deyər” sualına cavabını xatırlatmaq istərdik.  Prezident İlham Əliyev bu suala cavab olaraq bildirmişdir ki,  gənclərin nə istədiklərini dinləyərdi. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar.  Dövlət başçısı onu da əlavə etmişdir ki, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır. Cənab İlham Əliyevin bu fikirləri Azərbaycan gəncinin dünəni, bu günü və gələcəyi ilə bağlı atılan addımların ümumi mənzərəsini təqdim edir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”

Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin  gənclərin gələcəyi ilə bağlı atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Əsas məqsəd gənclərimizin dilimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi  öyrənmələri  və  gələcək nəsillərə çatdırmalarıdır. Təsdiqlənən Dövlət Proqramları gənclərimizin hərtərəfli inkişafı üçün  yol xəritəsidir.  

Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu biri-birimdən önəmli  istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir. Bu istiqamətlər sırasında  elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin  hazırlanmasını xüsusi qeyd etməliyik.  Fond gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Həmçinin  xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir. Qeyd etdiyimiz kimi, iqtisadi inkişaf yolunu tutan, yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin öncül sahələrindən biridir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2 mindən artıq məktəb tikilib, yaxud əsaslı təmir edilib. Fondun təşkilatçılığı ilə bu sahədə həyata keçirilən proqram və layihələr ölkəmizdə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin təlim-tərbiyəsi üçün şəraiti yaxşılaşdırmağa imkan vermişdir.

Heydər Əliyev Fondunun gənclərimizin tariximizin, mədəniyətimizin, milli-mənəvi dəyərlərimizin, dilimizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirdiyi layihələri, maarifləndirici tədbirləri də təqdirəlayiqdir. Heydər Əliyev Fondunun ümdə məqsədlərindən biri Ulu Öndərimizin zəngin irsinin, dövlət,  Vətən, xalq  qarşısında misilsiz xidmətlərinin, milli dövlətçilik ideyalarının dərindən öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılmasıdır. İndiki və gələcək nəsil Azərbaycanın bu günü üçün kimə borclu olduğumuzu bilməlidir. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın bu günü üçün elə bir  möhkəm təməl yaratdı ki, bu gün ölkəmiz həmin təməl üzərində ən möhtəşəm uğurlara imza atır. Qalib xalqın qalib Lideri İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi, Ümummilli Liderin görmək istədiyi  Azərbaycanı yaratdığı üçün özünü xoşbəxt hiss edir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, xüsusilə gənclərimiz öz potensial imkanlarından maksimum istifadə edərək qalib Azərbaycanın yeni-yeni zəfərlərə doğru irəliləməsinə öz töhfələrini verməyə çalışırlar.

DİGƏR Xəbərlər Arxiv