YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Öncədən planlaşdırılmış hərbi cinayət

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 34 il keçir. Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi.  Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında yerləşdirilmişdir. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.

Azərbaycan tarixində faciəli səhifələrimiz çoxdur. Ancaq elə faciələrimiz var ki, onlar həm də tariximizin qəhrəmanlıq və şərəf səhifəsi kimi xarakterizə edilir. Məhz 20 Yanvar faciəsi müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi 20 Yanvar faciəsinin yalnız Azərbaycan xalqına deyil, ümumbəşəri dəyərlərə qarşı törədilən cinayət olduğunu təsdiqləyir. Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı qırğının bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından nəinki onun açılması, cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə, bu cinayəti ört-basdır etmək üçün əllərindən gələni etdilər.

Vətənini, xalqını canından artıq sevən Ümummilli Lider Heydər Əliyev Bakıda olmamasına baxmayaraq xalqının səsinə hamıdan əvvəl səs verdi. Ulu Öndər  hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, kommunist partiyası rejiminin ölkəmizdə  həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirdi, təqsirkarların cəzalandırılmasını tələb etdi. Cəsarətli bəyanatı ilə əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Heydər Əliyevin bu bəyanatı hadisəyə verilən ilk siyasi qiymət idi.

Bu hadisədən çox keçmədi Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə rəhbərlik edən ünsürlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarında üstün tutmaları ucbatından Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı.  Xalq bu çətin məqamda da ümidini itirmədi, dövlətinə, xalqına bağlı olan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın yaşadığı ağır vəziyyətə laqeyd olmayacağını bilirdi. Məhz xalqımız yenə də üzünü öz xilaskarına tutdu. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində həmin çətin günlər arxada qaldı. Azərbaycan xalqı müstəqilliyinin əsl sevincini yaşamağa başladı. 1993-2003-cü illərdə Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl formalaşdı.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində biri-birindən mühüm  addımlar atıldı. Ulu Öndərin 5 yanvar 1994-cü il tarixli “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi.  Qərarda 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Bu gün hər kəsin and yerinə çevrilən Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verildi.

Son 20 ildən artıq dövrdə Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrini, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərə daim diqqət göstərir, həyata keçirilən sosial siyasətdə bu kateqoriyadan olan insanlara qayğı əsas yer tutur.

Bu gün qürurla qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi yolunda canlarından keçmiş Vətən övladlarının ruhu şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində isə tariximizin Zəfər səhifəsi yazıldı. Şanlı Zəfərimizdən üç il sonra suverenliyimiz tam təmin edildi. Azərbaycan Bayrağı bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanır. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız bu torpaqlara qayıdışın sevincini yaşayır.

DİGƏR Xəbərlər Arxiv