YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq "Zəfər seçkiləri"ndə ən layiqli namizədi dəstəkləyəcək

Emil Nəsirli

Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru

Liderin şəxsiyyəti hər bir cəmiyyət, xalq və dövlət üçün çox mühüm amildir. İnsanlığın yaxın tarixinə nəzər salsaq, müxtəlif ölkə liderlərinin öz xalqlarını ya tərəqqiyə yüksəltdiklərini, ya da faciəyə sürüklədiklərini görərik. Azərbaycan xalqının da tarixin müxtəlif anlarında belə sevincli və kədərli anlarla üzləşdiyini hamı bilir. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız bir tərəfdən ölkənin ərazi bütövlüyünü müdafiə edir, digər tərəfdən isə daxili sabitsizlikdən əziyyət çəkirdi. Yalnız ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan yeni tarixi mərhələyə qədəm qoydu və ölkədə sabitlik əldə edildi. 2003-cü ildə isə ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev Prezident seçildikdən sonra ölkəmiz sürətlə inkişaf etdi, regionda strateji enerji və kommunikasiya layihələrini həyata keçirməklə dünyanın güc mərkəzləri tərəfindən də qəbul edilən önəmli aktora çevrildi. 2003-cü ildə Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev söz vermişdi ki, hər bir azərbaycanlının Prezidenti olacaq. Son 20 ildə möhtərəm Prezidentimiz cəmiyyətin mütləq əksəriyyətinin rəğbətini və etimadını qazanmaqla sözünün sahibi olduğunu təsdiqlədi. Ötən 20 ilin reallıqları sübut etdi ki, Heydər Əliyev siyasi kursunun alternativi yoxdur və bu yol sülh, sabitlik və tərəqqi yoludur. Ölkədə ictimai-siyasi vəziyyət sabitdir, həll olunmayan daxili siyasi problem yoxdur. Dövlət başçısının siyasəti əhali tərəfindən tam dəstəklənir. Təsadüfi deyil ki, ötən dövr Azərbaycanın bütün istiqamətlərdə sürətli inkişafı, ölkəmizin regionda və dünyada mövqelərinin möhkəmlənməsi ilə əlamətdar oldu. Bundan əlavə, güclü xarici siyasət nəticəsində bu gün ölkəmiz beynəlxalq aləmdə önəmli aktor kimi tanınır. Regional və qlobal təşəbbüslər Azərbaycanın dünyada imicinin möhkəmlənməsinə şərait yaratdı, eləcə də regionda əməkdaşlığın inkişafına güclü təkan verdi. Dövlətin uğurlu inkişafının təməli güclü iqtisadiyyatdır. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti sayəsində bütün iqtisadi parametrlərə görə Azərbaycan böyük uğurlara imza atıb. Son beş ildə milyonlarla vətəndaşı əhatə edən sosial islahatlar nəticəsində minimum pensiya, minimum əmək haqqı, orta pensiya, sosial müavinətlər və pensiya ödənişləri, orta əməkhaqqı və əməkhaqqı fondu artırıldı. İqtisadiyyatda və sosial həyatda müsbət dəyişikliklər istehsalın bütün sahələrində makroiqtisadi göstəricilərin davamlı artımı ilə təsdiqlənmiş inkişaf və islahatlar strategiyası sayəsində mümkün oldu. Ötən müddətdə ixrac və xarici ticarət dövriyyəsi, ÜDM, büdcə gəlirləri artdı, nəticədə orta və minimum əməkhaqqı, pensiya, təqaüd, müavinət, imkansız ailələrə ünvanlı sosial yardımlar yüksəldi, vergi güzəştləri tətbiq edildi. Yoxsulluğun səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi və neftdən iqtisadi asılılıq dərəcəsinin azalması baş verdi. Azərbaycan sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni səviyyəsinə yüksəldi. Bu gün regional güc mərkəzi kimi Azərbaycan müharibədən sonrakı dövrdə Cənubi Qafqazda və Şərqi Avropada müharibə dövründə beynəlxalq birliyin layiqli və məsuliyyətli üzvü olduğunu nümayiş etdirərək, milli maraqlara söykənən müstəqil siyasət aparır. Bu, Azərbaycanın heç bir geosiyasi qüvvədən asılı olmadığını göstərir. Eyni zamanda, Azərbaycan hər zaman sülhə çağırır, sabitliyin və təhlükəsizliyin, dinc yanaşı yaşamanın vacibliyini önə çıxarır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına üstünlük verir. Heç kimə sirr deyil ki, hazırda Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı kimi tanınır. Müasir geosiyasi çağırışlara adekvat cavab verən xarici siyasət kursu nəticəsində, hətta, nüfuz üstündə gərgin mübarizə aparan güc mərkəzləri ilə də yaxşı münasibətlər quran Azərbaycan dünyada etibarlı, perspektivli və bərabərhüquqlu tərəfdaş dövlət kimi qiymətləndirilir. Bu səbəbdən Bakı Qərb-Şərq diplomatik münasibətlərində əhəmiyyətli yer tutur. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyatın bütün sahələrinin səmərəli inkişafı davam edir. Regionlarda infrastruktur müasirləşdirilir, kəndlərin enerji təchizatı həyata keçirilir, turizm sənayesi inkişaf edir və özəl sektora dövlət qayğısı artırılır. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi respublika rəhbərliyinin sosial-iqtisadi siyasətinin əsas istiqaməti olduğuna görə, dövlət vətəndaşların həssas sosial təbəqələrinə - keçmiş qaçqınlara və məcburi köçkünlərə, əlillərə, pensiyaçılara, kimsəsizlərə böyük qayğı göstərir. Azərbaycanda sabit ictimai-siyasi vəziyyət və səmərəli investisiya siyasətinin həyata keçirilməsi strateji məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır. Azərbaycanın hər bir vətəndaşını layiqli həyat səviyyəsi ilə təmin etməyə qadir olan yüksək inkişaf etmiş dövlətə çevirmək üçün dövlət-vətəndaş münasibətlərinin möhkəm təməlləri daha da gücləndirilir. Prezident İlham Əliyev 44 günlük müharibədə “oyun qaydalarını” dəyişən lider olduğunu sübut etdi. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsini layiqincə yerinə yetirdi. Bu, müasir hərb tarixində görünməmiş uğurlu hərbi əməliyyat idi. Cəmi 44 gündə ən çətin relyefdə ən müasir hərbi silahlardan istifadə edərək şanlı qələbə qazanan Azərbaycan ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. İlk gündən düşmənin müdafiə xəttini darmadağın edən ordumuz sonrakı 44 gündə yalnız irəlilədi. Vətən müharibəsində əldə etdiyimiz bu parlaq Qələbə XX əsrin tarixində ən qanlı və faciəli hadisələrdən biri olan Ermənistanla uzun sürən münaqişəyə son qoydu. Azərbaycanın ərazi bütövlüyü 30 ildən sonra bərpa olundu. İndi işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa- quruculuq işləri aparılır, erməni vandalizminin dəhşətli nəticələrinin izləri silinir. Bu böyük qələbələrin fonunda Azərbaycan fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlaşır. Hazırda müstəqil Azərbaycanın vətəndaşları ilin mühüm siyasi hadisəsi ərəfəsində son 20 ildə baş verən dövrü yaddaşımıza həkk edərək, məmnunluqla və fəxrlə deyirik ki, 2003-cü ildə doğru seçim etmişik və seçdiyimiz Şəxsiyyət Azərbaycanı güclü və çiçəklənən ölkəyə çevirmişdir. Qədirbilən xalqımızın bu dəfə də doğru seçim edəcəyinə heç bir şübhə yoxdur. Sıravi vətəndaşımız da müşahidə edir ki, bugünkü Azərbaycan ən iddialı layihələrin gerçəkləşdiyi coğrafi məkandır və ölkəmizin belə nüfuzlu status qazanmasının kökündə Prezident İlham Əliyevin müdrik, milli maraqlara söykənən uzaqgörən siyasəti dayanır. Buna görə də, əminliklə demək olar ki, xalqımız bütün bu titanik uğurları göz önündə tutaraq 30 ildən sonra Azərbaycanın bütün ərazisində keçiriləcək Zəfər seçkilərində ən layiqli namizədini dəstəkləyəcək.