YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədaləti özümüz bərpa etmişik

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

“Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.” Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində böyük qürur hissi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından bəhs etdi. Artıq yeni dövrün hədəfləri açıqlanır. Bu hədəflərin təqdimatında Prezident İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri əhəmiyyətli rol oynayacaq.

Cənab İlham Əliyev bu addımı şərtləndirən amilləri diqqətə çatdırdı. Artıq torpaqlarımız işğaldan azad edilib, suverenliyimiz tam təmin olunub. Bütün ərazi üzrə ilk seçkilər keçiriləcək. Bu il ölkəmizdə bələdiyyə seçkiləri ili olsa da, prezident seçkilərinin əhəmiyyəti, önəmi nəzərə alınaraq ilk seçkilərin məhz prezident seçkiləri olması təqdirəlayiqdir. Qalib Azərbaycan çoxəsrlik tarixinin Zəfər seçkilərini keçirəcək.

Prezident seçkilərini şərtləndirən mühüm amillərdən biri də artıq verilən vədlərin 20 ildə yerinə yetirilməsidir. Yeni dövrə qədəm qoymuşuqsa, yeni hədəflər olmalıdır. Dövlət başçısı İlham Əliyev müsahibədə bildirmişdir: “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır.”  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, prezident seçkiləri yeni dövrə xeyir-dua verəcək.

Dövlət başçısı sözügedən müsahibədə Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda ucaldarkən keçirdiyi hissləri də bölüşdü. Bildirdi ki, hisslərim Azərbaycan vətəndaşlarının hisslərindən heç də fərqlənmirdi. Qürur və sevinc hissi idi. Eyni zamanda, fikirləşirdim ki, ədalətə inanmaq lazımdır. Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır: “Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik.”

Prezident İlham Əliyev, eyni zamanda, tarixi faktlar əsasında bu reallıqları da diqqətə çatdırdı ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb.

O da bildirildi ki, 1970-ci illərin xəritəsini əsas götürmək istəyən təkcə Ermənistan deyil, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik. 1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Bu da tarixi faktdır. XX əsrin əvvəlinin xəritələri var. Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi var və orada bütün Zəngəzur Azərbaycan ərazisidir.  Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən 86,6 min kvadratkilometrə düşdü. Ulu Öndər Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq bu torpaq hədiyyələri dayandı.

Azərbaycanın təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanır. Ermənistan saxta tarix yazmaqla faktları inkar etmək, tarixi silmək iqtidarında olmadığının şahidinə çevrildi.  44 günlük İkinci Qarabağ müharibəsi sübut etdi ki, tarixi ədaləti arxa plana keçirmək, ört-basdır etmək mümkün deyil. Ermənilər işğal altında saxladığı torpaqlarımızı dağıdıb, tarixi və dini abidələriyerlə-yeksan etməklə Azərbaycan izlərini siləcəklərini düşünsələr də reallıqlar göz qabağındadır. Ədalət zəfər çaldı. Torpaqlarımız tarixi sahibinə qovuşdu.  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz haqlıyıq və istənilən auditoriyada, tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var.