YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada ədalət, sabitlik və inkişaf nümunəsidir

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etdiyi fikirlər təsdiq edir ki,  bu gün Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü və nüfuzlu dövlətlər sırasındadır. Ölkəmiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya arenasında öz sözünü deyən, xalqımızın və dövlətimizin tərəqqisi naminə bütün proseslərə sinə gərən ölkədir.  Dövlətimizin  siyasi strategiyasının əsas istiqamətlərinə uyğun olaraq bu gün ölkəmizdə sivilizasiyalı vətəndaş cəmiyyəti qurulub, sabit və sosial istiqamətli iqtisadiyyat mövcuddur. Ölkəmiz demokratik hüquqi dövlət olaraq irqindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər bir vətəndaşının  hüquq və azadlıqlarını əzmlə müdafiə edir. Bir sözlə Azərbaycan dünyada ədalət,  sabitlik və inkişaf nümunəsi kimi tanınır.

Lakin buna baxmayaraq bəzi ikili siyasət yürüdən Fransa kimi müstəmləkəçi dövlətlər də vardır ki, Azərbaycanın ədalətli mövqeyinə mənfi təsir etmək niyyətindədirlər. Əslində Fransa tarix boyu müstəmləkəçilik siyasəti yürüdərək, öz niyyətinə çatmaq üçün ağa qara deməyə alışmış, həqiqəti saxtalaşdırmağa, böhtana və iftiraya söykənən məkrli niyyətlərini həyata keçirmək məqsədilə maraq dairəsində olan ərazilərdə sabitliyi pozmaq niyyəti güdmüşdür. Fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında həddindən artıq faktlar vardır.

Azərbaycan-Fransa münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, əvvəllər çox qabarıq şəkildə görünməsə də, əslində hər iki dövlət arasındakı balans Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər artıq pozulmuşdur. Bu məsələlər Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən qaynaqlanmış, münasibətlərin gərginləşməsi isə  İkinci Qarabağ müharibəsi zamanı artmış və  Fransa açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başlamışdır.

Prezident İlham Əliyevin haqlı olaraq “Bizə qarşı olan ədalətsizliklərin təməlində Qarabağ məsələsinin həll olunmaması dayanmışdır.  Biz hər zaman haqlı olmağımızda tam əmin idik və bir dənə də nahaq iş görmədik. Qarabağ məsələsində biz tamamilə haqlı olmuşuq və heç kim bizi bu haqdan məhrum edə bilməz” deyərək  söylədiyi fikirlər bunu fakt olaraq təsdiq edir. Məhz bu gün Fransada Natəvanın heykəlinin təhqir edilməsi vandalizm aktı olmaqla Azərbaycana qarşı olan qərəzli münasibətin nümayişidir. Bütün bu münasibətlərin kökündə Fransanın işğalçı Ermənistanın haqsız mövqeyini müdafiə etməsi, separatçı erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasının qarşısının alınması dayanır. Fransa məkrinin qabarması məhz 2023-cü ildə daha çox büruzə vermişdir. İlin ən mühüm hadisələrindən biri olan “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasından dərhal sonra ölkəmizə qarşı hansı təzyiqlərin başalnıldığını, “Qarabağda humanitar böhran yaradılır” kimi absurd ittihamların səsləndirildiyini yaxşı xatırlayırıq. Həmin dövrdə Xankəndidə separatçıların hələ də mövcudluğu vəziyyəti bir qədər də kəskinləşdirirdi. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra hələ də tamamlanmamış və öz həllini gözləyən vacib məsələlərdən biri də məhz Laçın dəhlizi ilə bağlı idi və nəhayət aprel ayının 23-də Azərbaycan cəmi bir neçə saat ərzində Həkəri çayının üzərindəki körpüdə öz postunu yerləşdirdi və buna etiraz edən qüvvələrin bütün cəhdlərinə rəğmən ordan bir daha çəkilmədi.

Eyni zamanda 23 saatdan da az müddət çəkən antiterror əməliyyatı zamanı erməni hərbi birləşmələrində olan təqribən 15 minə yaxın hərbçi tez bir zamanda təslim oldular. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmuşdur. Azad Qarabağda, Xocalıda, Ağdərədə, Xankəndində üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Artıq  Qarabağda, Şərqi Zəngəzurda geniş infrastruktur layihələr davam etdirilir. Yaxın üç il ərzində 140 min keçmiş köçkünün öz dədə-baba torpaqlarına qayıdacağı nəzərdə tutulur və icra olunan infrastruktur layihələri imkan verir ki, bu il daha böyük sayda keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıtsın.

Bu gün Azərbaycana beynəlxalq dəstək yüksək səviyyədədir: “2023-cü ildə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar qəbul edilmişdir. Dövlət başçısı İlham Əliyev müsahibədə bunu əsaslı şəkildə qeyd etdi. Dəqiq və düşünülmüş diplomatik addımların nəticəsində Azərbaycanda keçiriləcək COP29 qonaqların sayına görə ən böyük tədbirdir. Bu fakt ölkəmizin imkanlarının növbəti nümayişidir. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Azərbaycan artıq bir neçə ölkədən əməkdaşlıq təklifi alıb.”

Hadisələrin gedişatı bir daha onu göstərdi ki, Azərbaycanın  ədalətli mövqeyini heç kim dəyişə bilməz, ölkədə sabitliyi kimsə poza bilməz və heç bir qüvvə Azərbaycanın sürətli inkişafına mane ola bilməz.