YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər salnaməmizin rəmzi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

“Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin.” Cənab İlham Əliyevin 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirdiyi bu fikirlər Azərbaycanın müstəqil, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin təqdimatıdır. Ölkəmizin tarixi Zəfərində müstəqil siyasəti əhəmiyyətli rol oynadı.  Ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyi bəyan edildi. Bildirildi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış  torpağımız belə  düşmənə verilməyəcək. Rəsmi Bakı daim bu çağırışı da edir ki, BMT qətnamələrinin icrası, ədalətin və beynəlxalq hüququn tətbiqi üçün vahid mexanizm olmalıdır.

Azərbaycan nəinki 30 illik işğal, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövründə də müstəqil siyasəti ilə dünyanın diqqətində oldu. Müharibənin dayandırılması ilə bağlı ölkəmizə nə qədər təzyiqlər göstərildi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev mövqeyindən bir addım da belə geri çəkilmədi, müharibəni hansı şərt daxilində dayandırılacağını bildirmişdir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması bütün məqamlara aydınlıq gətirir. Belə ki, bu sənədə uyğun olaraq Kəlbəcər, Ağdam, Laçın müharibəsiz geri qaytarıldı.

Dövlət başçısı İlham Əliyev bayram təbrikində diqqəti bu reallığa yönəldərək bildirdi ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda,  Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda  hamımız  işimizin  yarımçıq qaldığını yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Tarixi Zəfərimizdən ötən üç ildə Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Ermənistan yenə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üçün yayındı, hərbi təxribatlar törətməklə vəziyyətin gərginləşməsində maraqlı olduğunu açıq-aydın nümayiş etdirdi.  Belə bir vəziyyətlə barışa bilməzdik. Rəşadətli Ordumuz ötən ilin 19 sentyabr tarixində bir günlük lokal antiterror tədbirlərini həyata keçirməklə suverenliyimizi tam təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı, dövlətimizin başçısının iştirakı ilə Xankəndi şəhərində hərbi parad keçirildi. Bunlar Azərbaycan tarixinin möhtəşəm uğur səhifələridir.  Prezident İlham Əliyev sözügedən müraciətində bu müjdəni də verdi ki, bu il Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işləri həyata keçirilir. Ermənilərin 30 il dağıtdığı ərazilər son üç ildə cənnətə çevrilir. Müasir tələblər səviyyəsində qurulan, bərpa edilən torpaqlarımızda həyat canlanır. Bərpa-quruculuq işləri soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışları ilə müşaiyət olunur. Ötən il Füzuli və Laçın şəhərləri, Talış və Zabux kəndləri sakinlərinə qovuşdu. Cari ildə qayıdış prosesi daha da sürətlənəcək. “2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək” deyən Prezident İlham Əliyev prosesin davamlılığını “Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq” fikri ilə ifadə etdi.

Bərpa-quruculuq işlərinin ölçüyəgəlməzliyi Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir. 2023-cü ildə ölkəmiz iqtisadi sahədə də mühüm uğurlara imza atdı. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Günümüzün bu əsas çağırışı səsləndirildi ki, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması əsasdır. Qeyd edək ki, Azərbaycan bu ilin dekabrında COP29-a ev sahibliyi edəcək. Cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində diqqəti bu mötəbər tədbirə yönəldərək bildirmişdir ki, yaşıl enerji keçidi prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir. 230 meqavat gücündə günəş elektrik stansiyası artıq enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq. İqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə uğurlarımızı əyani şəkildə göstərir.

Ümumilikdə uğurla başa vurduğumuz 2023-cü il Azərbaycanın davamlı inkişafına xidmət edəcək addımların atılmasında stimulverici amildir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, tarixi Zəfərimiz, İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir.