YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Verilən mühüm mesajlar

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə                  müraciətində Prezident İlham Əliyev bildirdi ki, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmiş, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür.

Dövlət suverenliyimizin bərpasının xalqımızın yaddaşında əbədi qalacağını qeyd edən ölkə başçısı vurğuladı ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Odur ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, ölkəmizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi.

Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edildiyini xatırladan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan güc tətbiq edərək dövlət suverenliyini bərpa etdi. Azərbaycanda separatizmin kökü kəsildi və separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə                  müraciətində Prezident İlham Əliyev şəhidlərimizi dərin ehtiramla anaraq bildirdi ki, onların qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alındı.

Qarabağ və Şərqi Zəngəzurun bu gün böyük tikinti meydançasına çevrildiyini qeyd edən Prezident İlham Əliyev şəhərlərimizin, kəndlərimizin yenidən qururulmasından və artıq  5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmasından da bəhs etdi. 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər artıq öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Ötən  il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdılar - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində qeyd etdi ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.

Ölkə başçısı müraciətində rəsmi İrəvanın cinayətləri və Qərbdə höküm sürən ikili standartlara da diqqət çəkdi. Ermənilər 30 il ərzində torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər. Ölkəmizə məxsus çaylar zəhərləndirilmiş, meşələrimiz qırılmışdır. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər Qərbdə qınaq obyektinə çevrilmədi. Ölkə başçısı həmçinin onu da bəyan etdi ki, Azərbaycan xalqı bunu yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalı və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin.