YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həmrəyliyimiz əbədidir

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Prezident İlham Əliyev 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bir çox vacib mesajlar verdi. Sözsüz ki, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş verdi. Ötən il dövlət suverenliyimizin bərpası kimi Azərbaycan xalqının yaddaşında əbədi həkk olundu. Məhz 2023-cü ildə birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Bununla da işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin olundu. Təbii ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bu təmin edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin vurğuladığı kimi “2020-ci ildə II Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb”. Ona görə də, Vətən Müharibəsindən ötən üç il ərzində Ermənistandan 10 noyabr 2020-ci ildə imzalamış olduğu öhdəliklərin icrası tələb olunurdu. Amma hər zaman olduğu kimi Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə ölkəmizə qarşı yeni təxribatlara, mina terroruna və s çirkin əməllərə əl atırdı. Bununla bağlı Ermənistana və ona havadarlıq edən ölkələrə Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdi. Amma növbəti dəfə ölkəmizin bu çağırış və tələbləri qulaq ardına vurulur, Azərbaycan ərazisində qanunsuz erməni silahlılarının saxlanılmasına, separatizmin dəstəklənməsinə yönəlmiş addımlar atılırdı. Belə olan halda Azərbaycan beynəlxalq hüquqa və ölkə konstitusiyasına uyğun olaraq addımlar atmaqla bağlı qərar qəbul olundu. Beləliklə, 2023-cü ilin 19-20 sentyabr tarixlərində bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycan öz ərazisi üzərində suverenliyini və konstitusiya quruluşunu bərqərar etdi.

Lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində separatizmin kökü kəsildi: “Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq göstərərək bütün şəhidlərimizin, Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı. Sözsüz ki, Azərbaycan ərazisində uzun müddət kök salmış terror yuvasının məhv edilməsi birdəfəlik yox olması hər birimiz, dünyada yaşayan azərbaycanlılar üçün qürurverici hadisə oldu. 2023-cü ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmaqla Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdisə, bir günlük lokal antiterror tədbiləri ilə ölkəmizin suverenliyi tam təmin edildi”.

II Qarabağ müharibəsindən sonra 30 ilə yaxın ermənilər tərəfindən viran qoyulan, daşı-daş üstə saxlanılmayan, ekologiyası belə məhv edilən Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasını xatırladır. Artıq şəhərlərimiz, kəndlərimiz yenidən qurulur. Bunun nəticəsi olaraq 2023-cü ildə 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. Soydaşlarımız artıq öz doğma yurlarında bayram edir. Laçında, Füzuli şəhərinda, Zabuxda, Talış kəndidə Ağalıda və digər bərpa edilmiş yaşayış məntəqələrimizə keçmiş məcburi köçkünlərin geri dönüşü təmin edilib. Ermənilərin viran qoyduğu torpaqlarımıza həyat qayıdır. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq bütün keçmiş məcburi köçkünlərin öz əzəli yurdlarına dönüşü təmin ediləcək. Prezident İlham Əliyev 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlərin, qaçqınların qayıdacağı ilə bağlı müjdə verdi. Ölkəmizin başçısı bu il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcəyini, eyni zamanda, Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacağını bildirdi. Bu olduqca qürurverici və tarixi bir məlumat idi, Azərbaycan xalqı uzun on illiklər bayramlarda məcburi köçkünlərin öz torpaqlarına qayıdacağı arzusu ilə yaşayıb. Artıq xalqımızın bu arzuları çin oldu.

Ermənilər 30 il ərzində Azərbaycan ərazilərində bütün yaşayış məntəqələrini, tarixi binaları, məscidləri yerlə-yeksan edib, xalqımıza qarşı soyqırım və ekololji terror həyata keçirb. İşğal dövründə çaylarımız zəhərlənib, meşələrimiz məhz edilib. Amma Azərbaycana qarşı soyqırım, ekoloji terror həyata keçirən Ermənistana bu cinayətlərinə görə, Qərbdən heç bir reaksiya verilməyib. Sözsüz ki, bu ikili standartların təzahürüdür. Xalqımız son 30 ildə bu kimi yanaşmaları çox görüb. Amma bütün bunlara baxmayaraq xalq-dövlət olaraq milli birliyimizi qorumalı və belə təhdidlərə qarşı edekvat olmalıyıq. Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu ölkəmizin bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də uğurlarının əsas təminatçısıdır. Həmçinin ordu quruculuğu sahəsində qarşıda duran bütün hədəflərə nail olunub. Müharibədən sonra da Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində zəruri addımlar atılıb. Silahlı Qüvvələrimiz üçün yeni silahlar, hərbi texnika alınıb və yeni kontraktlar imzalanıb. Həmçinin 2024-cü ildə hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artması proqnozlaşdırılır. Qarşıdakı dövrdə dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Bütün bunlarla yanaşı Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. 2023-cü ilin dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul edib. COP29-un gələn il Azərbaycanda keçirilməsi ölkəmizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətin göstəricisidir. Bu eyni zamanda, ölkəmizin yaşıl enerjiyə keçidinə olan böyük qiymət hesab edilir. Bu bir reallıqdır ki, yaşıl enerjiyə keçid ölkəmiz üçün prioritet məsələdir. 2023-cü ildə Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilib. 

Təbii ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” kimi qeyd edilməsi, Dahi Liderin zəngin həyat və fəaliyyətinə bir daha nəzər salınması üçün bir çox vacib görüşlər tədbirlər keçirildi. Azərbaycan xalqı Ulu Öndərin 100 illiyini böyük təntənə ilə qeyd etdi. Məhz oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə şanlı üçrəngli bayrağımızın ucaldılması, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradının keçirilməsi Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlaməti idi. Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edir. Dünya Azərbaycanlıları üç ildir ruh yüksəkliyi ilə yaşayır. Tarixi Zəfərimiz fonunda II Qarabağ müharibəsindəki qələbə, antiterror tədbirləri zamanı bütün azərbaycanlılar haqlı olaraq bir bir yumruq halında birləşdi. Bu mənada “Dəmir yumruq” birliyimizin rəmzi hesab edilir. 

Azərbaycan xalqı hər zaman öz milli kimliyi, birliyi, həmrəyliyi ilə örnək, nümunə olub: “Tarixin ən çətin dövrlərində belə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı vətən, dövlət, torpaq naminə birlik nümayiş etdirib. Xalqımızın ötən əsrin 80-ci illərindən başlatdığı milli-azadlıq hərəkatı bunun əyani təzahürüdür. Müstəqilliyi bərpa etmək, torpaqlarımızı yadelli işğallardan qorumaq üçün atılan addımlar bu gün tariximizin şanlı səhifələrindən biri kimi yüksək səviyyədə hörmət və ehtiramla qeyd edilir. 1989-cu ilin dekabrından başlanan hərəkat daha sonra özünün xarakterinə görə, azadlıq, müstəqillik mahiyyəti kəsb etməyə başladı. Xalq öz milli kimliyini bir daha ortaya qoydu. 1990-cı ilin 20 yanvar faciəsi zamanı da xalqımız bütün təhlükələrə, maneələrə, çətinliklərə baxmayaraq şəhidlərimizə böyük sevgi və ehtiramını nümayiş etdirdi. Həmin hadisələrin səhərisi günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Bakıdakı qanlı qırğına öz etirazını bildirən ulu öndər Heydər Əliyev bu hadisələrin dünya ictimaiyyətinə çatdırılmasına misilsiz xidmətlər göstərib. Ulu öndər Heydər Əliyevin o dövr bütün təhlükələrə rəğmən cənab İlham Əliyevlə birlikdə xalqımıza qarşı törədilmiş bu qanlı terror hadisəsinin əsl mahiyyətinin beynəlxalq ictiamiyyətə çatdırılması, günahkarların cəzalanmasını tələb etməsi böyük cəsarət tələb edirdi. O zaman ulu öndər Heydər Əliyevin verdiyi bəyanatlar xalqda xüsusi hisslər yaratdı. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılara inam verdi. Vətənə qayıdan ümummilli lider 1991-ci ilin 16 dekabrında Naxçıvan Ali Məclisinin sədri kimi dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib. Bununla da bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir”.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının varlığının, kimliyinin açıq tərənnümü kimi də xarakterizə olunur: “Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olub. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb. Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bütün bunlar diaspor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, güclənməsinə təkan verdi.  Məhz bunun nəticəsi idi ki, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Cəbhədən gələn xoş qələbə xəbərləri, ərazilərimizin erməni işğalından azad olunması həmvətənlərimizi daha da ruhlandırdı. Prezident İlham Əliyevin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” kəlməsi həmrəyliyimizi daha da möhkəmləndirdi”.