YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heç kim iradəmizə təsir edə bilməz

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində yaddaşımızda əbədi qalacaq mühüm hadisələri diqqətə çatdırdı. “2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır” söyləyən cənab İlham Əliyev bildirdi ki, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, işğalçı qüvvələr Azərbaycan ərazisindən çıxarıldı. Bu fikirlərin davamı olaraq bu mühüm məqam da xüsusi vurğulandı ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız işimizin yarımçıq qaldığını yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Azərbaycan üç il ərzində bunu sülh yolu ilə həll etmək istəyirdi. Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, silahlı birləşmələrini ərazilərimizdən çıxarmaması, bununla bərabər mütəmadi hərbi təxribatlar törətməsi sentyabrın 19-da bir günlük lokal antiterror tədbirlərinin həyata keçirilməsinə gətirib çıxardı. Bu fikri hər zaman qeyd edirik ki, Ermənistan 30 illik işğal dövrünün ab-havası ilə yaşasa da unutmamalıdır ki, tarixi Zəfərə imza atan, yeni reallıqlar yaradan qalib Azərbaycandır. İşğalçı dövlət 30 illik işğal zamanı da havadarlarının dəstəyinə arxalanaraq BMT qətnamələrinə məhəl qoymadı, beynəlxalq hüququ kobud şəkildə pozdu. Onun atdığı hər bir addım beynəlxalq hüquqa zidd olsa da əksər dünya gücləri bunu görməzdən gələrək Ermənistanın yeni ərazilər uğrunda müharibə planı hazırlamasına səbəb oldular. O illərdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, bu gün isə tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təzyiqlər göstərsəydilər 44 günlük İkinci Qarabağ müharibəsi baş verməzdi, münaqişə sülh danışıqları əsasında ədalətli həllini tapardı. Eyni vəziyyət postmünaqişə dövründə də yaşanır. Dövlət başçısı İlham Əliyevin sözügedən müraciətdə qeyd etdiyi kimi, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilmişdir. Bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu ərazimizdən çıxarılmalıdır, ya da ki, güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik: “Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.”

Cənab İlham Əliyev müraciətdə dünyanın ikili standartlara əsaslanan siyasətinə də diqqəti yönəldərək bir daha bəyan etdi ki, heç kim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Heç kimə imkan vermərik ki, torpağımızda at oynatsın: “Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində.”

2024-cü ilin hədəflərindən bəhs edərkən ordu quruculuğu sahəsində atılan addımların davamlılığının təmin ediləcəyi xüsusi vurğulandı. Bu hədəf diqqətə çatdırıldı ki, gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq.

Təbii ki, 2023-cü ilin uğurlarını, cari ilin hədəflərini bir yazıda tam əhatə etmək mümkün deyil. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurları daim davamlılığı ilə diqqətdə olur. Qarşıdakı dövrdə tariximiz daha möhtəşəm uğurlarla zəngin olacaq. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Cənab İlham Əliyevin 2024-cü ildə də müjdələri çox olacaq. Artıq bayram təbrikində onların anonsu verildi. 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalıya və Xankəndiyə qayıdış başlanacaq.

Göründüyü kimi, qalib Azərbaycanı, Azərbaycan xalqını 2024-cü ildə daha möhtəşəm uğurlar gözləyir.