YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyin müjdəsi

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Bir siyasi ənənə olaraq hər ilin sonunda dövlət və hökumət başçıları xalqa müraciət edir, arxada qalan ilin yekunlarını şərh edir və yeni il üçün təbriklərini səsləndirir. Hər təqvim ilinin sonuncu günü Azərbaycan üçün daha önəmli olan bir bayram da vardır. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin qarşılanması bu günü xalqımız üçün daha önəmli edir. Ənənəvi olaraq bu il də Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciət etdi. Lakin bu müraciət illərlə olan müraciətlərdən unikallığı ilə fərqlənirdi. Çünki Azərbaycan 2023-cü ili qalib kimi başa vuran yeganə ölkə, Prezident İlham Əliyev isə işğala və separatizmə son qoymuş, bu cinayətlərin qlobal miqyasda dəstəkçilərini məğlubiyyətə uğratmış tək dövlət başçısıdır.

Dövlətimizin başçısı bildirdi ki, 2023-cü ilin ən önəmli hadisəsi Dövlət suverenliyimizin tam bərpası olmuşdur. Bu mühüm hadisə Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. Belə ki, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür.

Ölkə başçısı müraciətində vurğulamışdır ki, “2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi.”

Müzəffər Ali Baş Komandan qeyd etdi ki, biz əvvəldən də bəyan etdmişdik ki, bu məsələdə dözümün həddi var və gec-tez biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Təbii ki, Azərbaycan dövləti bunu qansız-qadasız, razılaşmaya uyğun olaraq həyata keçirməli idi. Lakin Ermənistan öz öhdəliyini yerinə yetirməkdən imtina elədi. “Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır”- deyə qeyd edən ölkə başçısı qəti mövqeyini belə ifadə etdi: “Separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.”

Cənab Prezidentin də qeyd etdiyi kimi bu hər bir Azərbaycan vətəndaşının qürurla xatırlayacağı bir hadisədir və qalib xalq olaraq mənfur düşmən üzərində, eləcə də onların havadarları üzərində qəti qələbəmiz deməkdir.

Cənab Prezident bu gün Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq, bərpa-quruculuq prosesinin sürətlə davam etdiyini bildirərək dedi: “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl, bildiyiniz kimi, Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib.

Onu da bildirməliyəm ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.” Bu mesaj keçmiş məcburi köçkünlər üçün əsl bayram müjdəsi kimi dəyərləndirilməlidir.

Ölkəmizin beynəlxalq nüfuzunun artmasını qeyd edən ölkə başçısı ilk növbədə aparılan düzgün siyasətin, düşünülmüş addımların bəhrə verdiyini qeyd etmişdir. Yeri gəlmişkən, qeyd edək ki, bu siyasətin də memarı cənab Prezidentin özüdür. Onun ağıllı və düşünülmüş siyasi gedişləri bir sıra antiazərbaycan qüvvələrin məkrli niyyətlərini boşa çıxarmışdır. Cənab Prezident bu siaysətin xalq tərəfindən dəstəkləndiyini və əsas güc mənbəyinin də xalq olduğunu qeyd etmişdir: “Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin.”

2024-cü ildə də mühüm hadisələrin, tədbirlərin baş tutacağını qeyd edən ölkə başçısı bildirmişdir ki, dünya miqyaslı COP29-a Azərbaycan ev sahibliyi edəcəkdir. “Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir.”

Həmrəyliyimizin, qələbəmizin simvolu olan “Dəmir yumruq”un daim qüvvəsində qalacağını, hər hansı separatizm, terror meyllərinə qarşı mübarizənin bir an belə dayanmayacağını qeyd edən dövlət başçısı, Prezident İlham Əliyevin bu müraciəti də unikallığı ilə fərqləndi. Xalqına qələbələr müjdəsi verən, gələcək inkişaf perspektivlərini açıqlayan Lider bu qələbələrə doğru inamlı addımlar atdıqca Azərbaycanın işıqlı gələcəyi, yüksək inkişafı real həqiqətə çevrilir.