YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlarımızın əsası

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Artıq 2023-cü il tarixə qovuşub. Ötən ilin uğurları 2024-cü ilin hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Belə ki, 2023-cü il tariximizin növbəti zəfər səhifəsini yazdı. Aprel ayında Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, 19 sentyabr tarixində həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı.  Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində tariximizə yazılan zəfər səhifələrini bir daha vərəqləyərək böyük qürur hissi ilə qeyd etdi ki, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər: “Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.”

Cənab İlham Əliyevin bayram təbriki özündə mühüm çağırışları ehtiva edir. 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini önə çəkən dövlət başçısı İlham Əliyev bildirdi ki, Ulu Öndərin 100 illiyi ölkə üzrə qeyd edildi: “Mən mənim üçün bu əziz günü - atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Mən hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.”

Təbii ki, çoxəsrlik tariximizin zəfər səhifələrinin yazılması Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı oldu. O zamandan böyük inkişaf yoluna qədəm qoyan ölkəmiz bütün sahələrdə qazandığı uğurları, təcrübəsi ilə dünyanı heyrətləndirir. 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqa tarixi müraciəti bugünkü uğurlarımızın əsası oldu. Ümummilli Lider cənab İlham Əliyevə özü qədər inandığın bildirdi, axıra çatdıra bilmədiyi işlərin Onun axıra catdıracağına əminliyini ifadə etdi. Son 20 ildə Azərbaycanın qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə hər birimiz böyük qürur hissi keçiririk. Üç il bundan öncə tarixi Zəfərə imza atdıq. Dövlət başçısı İlham Əliyevin bayram təbrikində qeyd etdiyi kimi, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda  hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Sevindirici haldır ki, bu işlər, eyni zamanda, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı ilə tamamlanır. 2022-ci ildə ilk “ağıllı kənd” - Zəngilanın Ağalı kəndi sakinlərinə qovuşdu. 2023-cü il bu baxımdan daha da yaddaqalan oldu. Belə ki, Füzuli və Laçın şəhərləri, Talış və Zabux kəndləri sakinlərinə qovuşaraq yeni həyata başladılar. Cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində növbəti müjdəni çatdırdı: “2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.” Müraciətdə ötən ilin statistikasına əsasən bu rəqəm də açıqlandı ki, artıq   5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır.

Görülən bu işlər həm Azərbaycan xalqının necə qurucu xalq olduğunu, həmçinin iqtisadi imkanlarımızı nümayiş etdirir. Ölkəmiz tarixi Zəfərindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atmışdır. Müharibədən yeni çıxan ölkənin bərpa işlərinə başlaması qeyri-mümkündür. Amma Azərbaycan bunun heç də mümkünsüz olmadığını təsdiqlədi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilib.

Xalqımız əmindir ki, 2024-cü il də mühüm uğurlarla, zəfərlərlə zəngin olacaq, Dövlətimizin uğurlu siyasəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi bu əminliyə əsas verir.