YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xoş müjdə: Xocalı və Xankəndi sakinləri bu il öz evlərinə qayıdacaqlar

“2023-cü il tarixə qovuşsa da qazanılan uğurlar yeni-yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amildir. Prezident İlham Əliyev 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində 2023-cü ilin uğurlarına bir daha nəzər salaraq 2024-cü ildə görüləcək işləri, hədəfləri açıqladı. Qürurverici haldır ki, hər ilin yekununda Azərbaycanın daha möhtəşəm uğurlarından bəhs edir, qarşıdakı ilə xoş ovqatla qədəm qoyuruq. Dövlət başçısı müraciətdə qeyd etdiyi kimi, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayırlar.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov qeyd edib.

Millət vəkili bildirib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi ötən ilin ən mühüm hadisəsi kimi tarixə yazıldı: “Dövlət başçısı İlham Əliyev müraciətində ötən ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirlərinə gedən yolu bir daha diqqətə çatdırdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə düşünməyən Ermənistan havadarlarının dəstəyinə arxalanaraq hərbi təxribatları davam etdirdi. Cənab İlham Əliyevin vurğuladığı kimi, qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi.”

Nurlan Həsənov qeyd edib ki, Ermənistan 30 illik işğal dövrünün ab-havası ilə yaşasa da unutmamalıdır ki, Azərbaycan həmin dövrün Azərbaycanı deyil: “Son üç ildə tarixi Zəfəri ilə dünyaya səs salan Azərbaycan yeni reallıqların müəllifidir. Ölkəmizin regionda və dünyada söz sahibliyi daha da möhkəmlənib. Sözünün imzası qədər dəyərli olması günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Azərbaycan müstəqil dövlətdir. Atdığı hər bir addımında ədaləti və beynəlxalq hüququ öndə saxlayır. Cənab İlham Əliyev müraciətində diqqəti ötən ilin aprel ayında Laçın buraxılış-sərhəd məntəqəsinin yaradılması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəldərək bildirdi ki, Azərbaycan xalqı dünyada, Ermənistanın arxasında dayanan ölkələrdə nə qədər hay-küy qaldırıldığını, ölkəmizə  qarşı əsassız ittihamlar irəli sürdüyünü yaxşı xatırlayır. Heç bir ittiham, təzyiq iradəmizə təsir edə bilmədi. Azərbaycan haqq yolundadır. Öz sərhədini özü nəzarətə götürüb və heç kimə imkan verməz ki, torpağımızda at oynatsın. Bu torpağın sahibi bizik: “Nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində. O da dərs olmadı işğalçılara, o da dərs olmadı onların arxasında dayanan anti-Azərbaycan qüvvələrə. Ona görə sentyabr ayında keçirilmiş antiterror əməliyyatı labüd idi və biz bunu keçirdik, bununla da fəxr edirik, qürur hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir.”

Millət vəkili Azərbaycan xalqının yaradıcı xalq olduğunu, ölkəmizin iqtisadi imkanlarını dünyaya təqdim edən işğaldan azad olunan torpaqlarımızda bərpa-quruculuq işlərindən geniş bəhs edib: “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilib. Şəhərlərimiz, kəndlərimiz sıfırdan yenidən qurulur. Artıq ötən ilin statistikasına görə, 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. 2023-cü ilin mart ayında Talış kəndi sakinlərinə qovuşdu. Avqust ayında Füzuli şəhərinə və Zabux kəndinə qayıdış başladı. 28 May- Müstəqillik Günündə Laçın şəhəri sakinlərinə qovuşdu. Dövlət başçısı mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdü və evlərin açarlarını onlara təqdim etdi. Bu görüşün məhz 28 May tarixində təşkil edilməsinin böyük rəmzi mənası olduğunu qeyd edən Prezident İlham Əliyev bu məqamı da qürurla qeyd etmişdir ki, bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, həm də istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurularaq soydaşlarımızın sərəncamına verildi.”

Nurlan Həsənov qayıdış ünvanlarının bununla bitmədiyini qeyd edib: “Prezident İlham Əliyev müraciətində bu müjdəni də çatdırdı ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.”

“Möhkəm təməl daim davamlı uğurlara yol açır” söyləyən millət vəkili bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf, tərəqqi yolu uğurla davam edir, Azərbaycanı ən yüksək zirvələrə aparır: “2023-cü il Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq tariximizə “Heydər Əliyev İli” kimi yazıldı. Bu ilin möhtəşəm uğurları bir daha sübut etdi ki, bugünkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Dövlət başçısı müraciətində bu məqamı böyük qürur hissi ilə vurğuladı ki, Ulu Öndərin doğum gününü Şuşada qeyd etdik. Cənab İlham Əliyev həmin mərasimdəki çıxışında bildirmişdir ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti əməllərimizdir. Bu fikirlərin davamı olaraq isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətdə bildirildi ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.”

“Hədəflər inkişafın əsasıdır. Dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində 2024-cü il də tariximizə biri-birindən möhtəşəm uğurlarla yazılacaq”,- deyə Nurlan Həsənov vurğulayıb.