YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənə bağlılıq hissinin təcəssümü

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti qədəm qoyduğumuz ildə görüləcək işlərin anonsu kimi dəyərləndirilir. 2023-cü il Azərbaycan tarixinə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğu il kimi yazıldı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər: “Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.”

Dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin yaradılması, onların təşkilatlanması dövlət siyasətinin əsasını təşkil edir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən beynəlxalq aləmdə təsdiqini, varlığı barədə təsəvvür yaratmasını qarşıya əsas vəzifə kimi qoymuşdur. Diasporun bir dövlətin xaricdəki varlığı olduğunu nəzərə alsaq bu istiqamətdə atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Diaspor quruculuğunu daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev Həmrəylik Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Onun “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı  hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu əlamətdar gün Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olan Ümummilli Lider onların vahid mərkəzdən idarə olunmasının vacibliyini önə çəkdi. Bunun üçün Onun  təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Qurultay dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da surətləndirdi. Artıq 2001-ci ildən başlayaraq hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilir. Bu qurultaylar arxada qalan dövrdə görülən işlərin hesabatı, qarşıdakı illərdə həyata keçiriləcək hədəflərin təqdimatıdır.

2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident lham Əliyev dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsini prioritet məsələ kimi öndə saxlayır. Bu həmrəylik öz sözünü 44 günlük İkinci Qarabağ müharibəsində öz sözünü dedi. Azərbaycan həqiqətlərinin təbliğində, erməni yalanlarının ifşasında fəal iştirak edən dünya azərbaycanlıları müharibənin gedişi dövrünün reallıqlarının dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması üçün bütün qüvvə və bacarıqlarını səfərbər etdilər.

Son üç ilin uğurlarından bəhs edərkən 2022-ci ildə Dünya Azərbaycanlılarının Zəfər Qurutayının keçirilməsini xüsusi qeyd etməliyik. Qarabağın tacı Şuşada keçirilən bu Qurultayda dünya azərbaycanlıları postmünaqişə dövründə qarşılarında dayanan vəzifələri müzakirə edərək onlara zamanında və yüksək səviyyədə nail olmaq üçün birliyimizin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd etdilər.

Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində qürurverici məqamlar sırasında onu da qeyd etdi ki, tarixi Zəfərimiz, İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” Zəfər salnaməmizin rəmzi idi: “Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.” Sözügedən müraciətdə cənab İlham Əliyev bu arzunu da ifadə etdi ki, 2024-cü il də ölkəmiz, xalqımız üçün uğurlu il olsun.