YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

 Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edildi. Bu mühüm addım dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir. Cənab İlham Əliyevin hər bir ili konkret sahənin adı ilə bağlaması, yaxud elan edilən ilin Azərbaycanın çoxəsrlik tarixinin daha geniş miqyasda vərəqlənməsinə, indiki və gələcək nəsillərə çatdırılmasına imkanlar yaratması diqqətdən kənarda qalmır. Artıq “Heydər Əliyev İli”nin son ayındayıq. Bu il çərçivəsində Azərbaycan tarixinə daha möhtəşəm zəfər səhifələrini yazdı. Azərbaycana hansı sahədən baxsaq uğurları sırasına yenilərini əlavə etdiyini görərik. Bu, Heydər Əliyev siyasətinin uğurlu davamının nəticəsidir.

Azərbaycan cari ildə də yeni əməkdaşlıq formatlarının müəllifi kimi diqqətdə oldu. Ümummilli Lider Heydər Əliyevin dünya təcrübəsinə əsasən söylədiyi “Heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində öz sözünü deyir. Dövlət başçısı İlham Əliyevin “Yaşıl dünya naminə hənrəylik İli” ilə bağlı Sərəncamı bütün bu məqamları  özündə ehtiva edir.

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edib. Bu layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Uğurla sona çatan hər bir layihə bu körpünü daha da möhkəmləndirir. Bu günümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Bu sahədə əməkdaşlığın qurulması istiqamətində mühüm addımlar atılır. Ölkəmiz bu sahədə də zəngin potensiala malikdir. Hazırda işğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar diqqət mərkəzindədir.

Sərəncamda da qeyd edildiyi kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas tərkib hissəsidir.  Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Onu da qeyd edək ki, tarixi Zəfərimiz hər sahədə təkmilləşməyə yol açdığı kimi, yeni Dövlət Proqramlarının qəbulunu, yenilənməsini bir zərurət kimi qarşıya qoydu. İqtisadi rayonların yeni bölgüsünün aparılması ilə yanaşı, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Həmin sənəddə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin  reallaşdırılması əsas hədəf kimi qarşıya qoyulub: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;  işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;  təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Milli Prioritetlərdə bu çağırışlar yer tutur ki,  qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır.

Azərbaycanın gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi  bu sahəyə verdiyi töhfələrin,  malik olduğu təcrübənin təqdimatında öz sözünü deyəcək. Azərbaycan həmişə iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Ölkəmizin təkcə son üç ildə, tarixi Zəfərimizdən sonrakı dövrdə iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir.  2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi təşəbbüsləri, atdığı addımları   beynəlxalq dəstək qazanan dövlətimizin başçısı İlham Əliyevin məsələyə necə diqqət göstərdiyini nümayiş etdirir. Əsas çağırış budur ki, birgə səylərin göstərilməsi vacibdir. Bu inam beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edəcək. Bir daha sübut olunacaq ki, Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır.