YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təkmil şəhərsalma təcrübəsinin təqdimatı

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

2023-cü ilin sonuna yaxınlaşırıq. Azərbaycan cari ili də çoxəsrlik tariximizə uğurlu il kimi yazdı. Hər dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirən ölkəmiz bütün sahələrdə davamlı uğurları ilə diqqətdədir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması 2023-cü ilin möhtəşəm uğuru oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. Dövlət başçısı İlham Əlyev oyundan əvvəl stadiondakı çıxışında bir daha bildirdi ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuş və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Azərbaycan, şanlı Ordumuz onlara və bütün dünyaya sübut etdi ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Buraya qayıtmalı idik və qayıtmışıq. Cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!

Təkcə cari ildə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinə, bunların fonunda soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışına diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyev ilin əvvəlində bu hədəfi açıqlamışdır ki, növbəti qayıdışın ünvanı Laçın olacaq.

Cari ildə Laçın şəhərinə, Zabux kəndinə mərhələli şəkildə qayıdış həyata keçirildi. Prezident İlham Əliyev cari ilin son ayında ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forumda bu tövsiyəni etmişdir ki, gələn dəfə forumunuzu keçirəndə Laçına gedin. Çünki o, hazırda bütün azad edilmiş ərazilərdə ən çox məskunlaşmış şəhərdir: “Bilirəm ki, forumlarınız ildə iki dəfə olur və gələn ilin yazında orada artıq minlərlə insan yaşayacaq. Planımız belədir və bu vaxtda qədər uğurlu olub. Rəqəmləri bilirsiniz. 2026-cı ilin sonuna qədər 140 min insan olacaq. Bu, tam real görünür.”

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri mühüm çağırışlara yol açır. Belə ki, dövlət baçısı İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi ilə bağlı Sərəncamında qeyd olunduğu kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən sonra təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənərək o da bildirilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Gələn il dünyanın diqqətini Azərbaycana yönəldəcək, ev sahibliyi edəcəyimiz   BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər  tədbir ölkəmizə  böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Ümumilkdə tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artması diqqətdən kənarda qalmır. Cari ildə ölkəmizin ev sahibliyi etdiyi və digər ölkələrdə qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Diqqət çəkən mühüm məqamlardan biri budur ki, təkcə paytaxt Bakı deyil, işğaldan azad edilmiş ərazilərimiz də bu tədbirlərə ev sahibliyi edir. Azərbaycan bu gün işğaldan azad edilmiş ərazilərimizdə apardığı bərpa-yenidənquma işləri ilə dünyaya təkmil şəhərsalma təcrübəsini nümayiş etdirir. Cari ildə Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Birinci Forum ötən il Ağdam şəhərində keçirilmişdir.

Cari ildə də dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri davamlılığı ilə diqqətdə oldu. Hər bir səfər soydaşlarımızın Böyük Qayıdışının tam şəkildə başa çatacağına doğru atılan addımdır. Bu səfərlər çərçivəsində yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilir. Görülən işlərlə tanışlıq, onların miqyasının genişliyi sabaha inamı daha da artırır. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Xocalıya, Xocavəndə, Şuşaya, Ağdama səfərləri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərə diqqət yetirmək kifayətdir. Bu ərazilərdə parkların salınması əsas diqqət göstərilən məsələlərdəndir. Əvvəldə qeyd etdiyimiz kimi, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. “Yaşıl dünya naminə həmrəylik İli”ndə Qarabağımız və Şərqi Zəngəzurumuz bu sahədə malik olduğu potensialı ilə bir daha dünyanın diqqətində olacaq.