YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın arzusu və tələbi

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Partiyamız 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürüb və bununla bağlı qərar yekdiliklə qəbul edilib. Bu qərar  xalqın gözlədiyi qərar olduğundan onun mövqeyini tam əks etdirir. Çünki xalq məhz cənab İlham Əliyevin rəhbərliyini və liderliyini qəbul edir. Azərbaycanı gələcək nailiyyətlərə və qələbələrə çatdıracaq şəxsin məhz cənab Prezident olduğunu birmənalı şəkildə qəbul edir.

Əlbəttə ki, bunun kökündə cənab İlham Əliyevin 20 il ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirməsi, 200 il ərzində heç kimin edə bilmədiyini etməsi durur. Məhz cənab Prezidentin yürütdüyü müdrik, uzaqgörən, qətiyyətli siyasət nəticəsində Azərbaycan işğala son verərək ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qarabağ kimi yüz il davam edən ən mürəkkəb münaqişəyə son verib. Nəinki müstəqilliyi dövründə, eləcə də son 200 ildə  ilk dəfə olaraq Azərbaycan alınmış, işğal edilmiş torpaqlarını özünə qaytara bilib.  

2003-cü ildən başlayaraq müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğurlara imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nailiyyətlər əldə etmişdir. Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimizin özünün də böyük fəxrlə qeyd etdiyi kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyevin Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlər cərgəsinə çıxaracağı günlər uzaqda deyil.  

Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin dövlətə rəhbərlik etdiyi 20 il Azərbaycanın inkişafı baxımından çox məsul və şərəfli dövr kimi tarixə həkk olunub. Bu müddətdə əldə edilən tarixi nailiyyətlər təsdiqləyir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin xalqa son müraciətində “Mən ona özüm qədər inanıram” sözlərinin ifadə etdiyi böyük etimadı yüksək səviyyədə doğruldub.

Dünyanın siyasi xəritəsində kiçik bir ərazini tutan Azərbaycan artıq geosiyasi məkana çevrilə bilmişdir. Bir çox iqtisadçılar dövlət quruculuğunda və sürətli iqtisadi inkişafda əldə edilmiş uğurları bəzən təbii sərvətlər amili ilə izah etməyə üstünlük verirlər. Ancaq bu da bir həqiqətdir ki, zəngin təbii sərvətlərə malik olan ölkələrin heç də hamısı dövlətimizin nail olduğu yüksəlişə, inkişafa müvəffəq ola bilməmişdir. Doğrudur, təbii resursların mövcudluğu ciddi amilə çevrilərək müəyyən rol oynayır.  Bununla bərabər sərvətlərin səmərəli istifadə edilməsi, fəaliyyətin forma və metodları da olduqca əhəmiyyətlidir. Eyni zamanda, ölkə ərazisinin beynəlxalq kommunikasiya dəhlizlərinin sıx şəbəkəsindəki mobil bir halqaya çevrilməsinin də həlledici rolu danılmazdır. Ticari, sənaye və maliyyə kapitalının informasiya məhsulunun dövriyyə qabiliyyəti bundan çox asılıdır. Bütün bunların fonunda həm də beynəlxalq səviyyədə ciddi aktor qismində çıxış edən subyektə çevrilmək tamam başqa məsələdir. Bunun üçün güclü, iradəli, uzaqgörən, yüksək idarəetmə məharəti kimi keyfiyyətlərə malik nüfuzlu lider olmalıdır.

Milli məsələlərdə güzəştə getməyən Prezident İlham Əliyev hakimiyyətə gələndən böyük zəfər gününə kimi Qarabağ məsələsində də heç bir güzəştə getmədi, Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. O, 44 gün ərzində siyasi, hərbi lider kimi durmadan, dincəlmədən sözün əsl mənasında vuruşdu, həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü.

Yeni tarix yazıldı. Bu tarixi gələcək səhifələrini də yazmaq, başladığı missiyanı sonadək yerinə yetirmək üçün xalq öz liderindən, özünün müdrik rəhbərindən bundan sonra da dövlətə rəhbərlik etməsini istəyir. Bəli, bu xalqın arzusu, həm də tələbidir.

Azərbaycan xalqı öz lideri ilə qürur duyur, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, onun apardığı daxili və xarici siyasəti dəstəkləyir.