YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın istəyini özündə ehtiva edən qərar

“Müasir müstəqil, qalib Azərbaycan həyatının seçki mərhələsini yaşayır. Belə ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixdə ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu gün xalqımız bu sevinci, qüruru da yaşayır ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 15 dekabrda keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürüldü. Xalqın istəyini özündə ehtiva edən bu qərar son 20 ilin uğurlarının ümumiləşdirilmiş təqdimatıdır. Növbədənkənar prezident seçkilərinin keçirilməsi bu reallığın təsdiqidir ki, qarşıya qoyulan hədəflər artıq reallığa çevrilib, yeni hədəfələrin müəyyənləşdirilməsinə ehtiyac var. 2018-ci ildə keçirilən prezident seçkilərində Azərbaycanın ötən dövrdə qazandığı uğurların əsasında qarşıdakı dövr üçün açıqlanan hədəflərə nəzər salaq. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı, Şuşada, Xankəndidə, bütün işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması ən böyük arzumuz idi. Hədəflərdə bu arzunun reallığa çevrilməsi üçün zəruri olan addımların atılması öz əksini tapmışdı. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində 2018-ci il prezident seçkilərindən çox keçmədi ki, Azərbaycan tarixi Zəfərinə qovuşdu. Bu qələbə keçilən yolun, qazanılan uğurların ümumiləşdirilmiş ifadəsidir. Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin etdi. Çevik xarici siyasət kursu formalaşdırdı. Dövlətin güclü sosial siyasətini yaratdı. Ölkədə dünya standartlarına uyğun ordu quruldu. Cəmiyyətin mədəni-mənəvi bütövlüyünə nail olundu.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın sözünün imzası qədər dəyərli olması, beynəlxalq münasibətlər sistemində rolunun artması, ən əsası Qarabağ münaqişəsinin həllində mühüm amil olan möhkəm hüquqi bazanın yaradılması cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrününün əsas təqdimatlarındandır: “Dünya ölkələri ilə bərbabərhüquqlu və qarşılıqlı münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin yaradılması, yeni tərəfdaşların, dostların qazanılması və yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsi, mehriban qonşuluq siyasətinin formalaşdırılması, tarixi ədalətin bərpa olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas  tərkib hissəsidir.  Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.  120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edir və onun beynəlxalq miqyasda siyasi nüfuzunun artırılmasına əvəzsiz xidmətlər göstərib. Azərbaycan Avropa İttifaqının 9 üzvü  ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Ölkəmiz  regionda mehriban qonşuluq siyasətini təşviq etməklə Cənubi Qafqazın sülh məkanına çevrilməsinə töhfələr  verir.”

Əliabbas Salahzadə vurğulayıb ki, Azərbaycana beynəlxalq baxışın yüksək olması daxili siyasətimizin uğurlarının nəticəsidir: “Prezident İlham Əliyevin son 20 ildə bugünümüz və gələcəyimizlə bağlı çağırışlarına diqqət yetirmək kifayətdir. “Güclü dövlət, yüksək rifah” həyata keçirilən siyasətin əsasını təşkil edir. Azərbaycan bu illər ərzində sabitlik məkanı kimi nüfuzunu artırdı, iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşıb. Prezident İlham Əliyev neftdən gələn gəlirləri vətəndaşın sosial-iqtisadi, mədəni-mənəvi və fərdi inkişafına sərf etməyə imkan verən idarəetmə sistemi yaradıb. Qazanılan kapital Azərbaycan vətəndaşının rifahına və ölkənin inkişafına xərclənir. Prezident İlham Əliyevin bildirdiyi kimi, görülən bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradılsın. Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin. Ölkımizdə iqtisadi və siyasi müstəqilliyin yaradılması Azərbaycanın davamlı inkişafını şərtləndirən əsas faktordur.”

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ildə qazandığı naliyyətlər böyük qələbəni şərtləndirdi və Azərbaycan 30 il davam edən ədalətsizliyə təkbaşına son qoydu. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən üç il sonra, bu ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin edildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə - 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində hərbi parad keçirildi.

Əliabbas Salahzadə bu uğurlarımızın fonunda 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinin özəlliyini vurğulayıb: “Bu seçkilər Zəfər  seçkiləridir. İşğaldan azad edilmiş ərazilərimizdə seçki məntəqələri yaradılır. Müstəqillik tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Xalqımıza bu sevinci, qüruru yaşadan, Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim edərək yeni reallıqların müəllifi kimi çıxış edən cənab İlham Əliyevə xalqın sevgisi böyükdür, sonsuzdur”.