YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa xidmət etmək Prezident İlham Əliyevin həyat fəlsəfəsidir

“Cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycan xalqının istəyini, ölkəmizin uğurlu gələcəyinə təminatı özündə ehtiva edən bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi ilrəli sürüldü. YAP yekdilliklə bu qərarı təsdiqlədi. Hər bir mühüm hadisə keçilən yolun təhlilini bir zərurətə çevirir. Növbədənkənar prezident seçkilərinin keçirilməsini, həmçinin cənab İlham Əliyevin Prezidentliyə namizədliyini şərtləndirən amillər göz qabağındadır. Son 20 ilin uğurlarının zirvəsində dayanan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi növbədənkənar prezident seçkilərinin keçirilməsini zərurətə çevirdi. Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımızın mərhələ-mərhələ bu torpaqlara qayıdışı ərazilərimizdə yeni canlanma yaradır. Aparılan bərpa-quruculuq işləri Azərbaycanın şəhərsalma təcrübəsini, yeni texnologiyaların inkişafında və tətbiqində nə qədər maraqlı olduğunu təsdiqləyir. Bütün bunlar cənab İlham Əliyevin müasirliyə, yeniliyə, təkmilləşməyə xüsusi önəm verdiyini, bunu əməli fəaliyyətində təsdiqlədiyini nümayiş etdirir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü və buna nail olmaq üçün icra mexanizmlərini müəyyənlənləşdirdi. Regionların malik olduqları potensialdan səmərəli istifadə prioritet məsələ kimi öndə dayandı. Prezident İlham Əliyevin qurduğu iqtisadi model sayəsində Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi başa çatıb.” Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.

Məşhur Məmmədov qeyd edib ki, siyasi arenada dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi, vaxtında və düzgün qərarlar qəbul edərək  onların icrasına dair qətiyyətli addımlar ataraq tarixi bir missiyanı yerinə yetirməyi bacaran şəxsiyyətlər xalqın əsl liderinə və siyasi fenomenə çevrilirlər: “Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən gələcəklə bağlı hədəfləri müəyyənlşdirdi, onlara nail olmaq üçün yol xəritələrini təqdim etdi. 20 illik Prezidentlik dövrünün 17 ili işğal altında olan torpaqlarımızın azad edilməsinə hazırlıq işlərinə həsr olundu. Son üç il tarixi Zəfərimizin reallıqları əsasında sahibinə qovuşan torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri, onlarla paralel olaraq soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı ilə xarakterizə edilir. Cənab İlham Əliyev torpaqlarımızın xilaskarı olaraq milyonların sevgisini qazandı. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzü, qüdrətimizi, həm də birliyimizi, həmrəyliyimizi nümayiş etdirdi.”

Millət vəkili onu da vurğulayıb ki, xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq cənab İlham Əliyevin həyat fəlsəfəsidir: “Cənab İlham Əliyev Prezident kimi jurnalistlərə ilk müsahibəsində “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualını cavablandırarkən bildirmişdir ki, həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Qarşımıza yeni vəzifələr qoyulur. Məsuliyyətə də, çətinliklərə də hazır olduğunu bildirən dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etmişdir ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda dayanan bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Azərbaycan xalqı görəcək ki, Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”

“Son 20 il hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ilə diqqətdədir” söyləyən Məşhur Məmmədov bildirib ki, dövlət başçısı İlham Əliyev xalqımızı bütün uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizə qovuşdurmaqla Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirdi: “Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada və azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması, növbədənkənar prezident seçkilərinə bu məkanlarda da hazırlıq işlərinin görülməsi qürurvericidir. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisi üzrə seçkilər keçiriləcək.”

Millət vəkili qeyd edib ki, cənab İlham Əliyevin qalib Lider kimi nüfuz qazanması növbədənkənar prezident seçkilərində qələbəsini təmin edəcək ən mühüm amillərdən biridir: “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi qarşıda dayanan ən ümdə vəzifə idi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz buna nail oldu. 20 illik yolun təhlili əsasında bu reallıq öz təsdiqini tapır ki, Prezident İlham Əliyev xalqımızın gələcəyi ilə bağlı nəyi, nə vaxt və necə etməyin lazım olduğunu çox aydın bilir. Ölkə Prezidentinin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamı da bunun bariz nümunəsidir”.