YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ali diqqətin təzahürü

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Ərazi və təbii sərvətlər baxmından Azərbaycanın ən mühüm rayonlarından biri olan Kəlbəcər ermənilərin 27 illik işğalından azad edilməsi tarixi hadisə idi. Bununla da uzun müddət torpaq, vətən həsrəti çəkən soydaşlarımızın, xüsusi ilə də kəlbəcərlilərin həsrətinə son qoyuldu. Bu qalibiyyətə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun rəşadəti sayəsində nail olunub. 

10 noyabrda Ermənistanın kapitulyasiyanı qəbul edərək imzaladığı bəyanata əsasən, Kəlbəcər bir güllə atılmadan, qan tökülmədən işğaldan azad edildi: “Sözsüz ki, müzəffər Azərbaycan ordusunun gücü nəticəsində bu uğur əldə olundu. Çünki əgər 44 günlük müharibə ərzində ordumuzun uğurlu əməliyyatları olmasaydı, Ermənistan heç zaman bu kapitulyasiyaya razı olmazdı. Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan işğal olunmuş ərazilərimizi tərk etsin. Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsidir. İstər ölkə daxilində aparılan siyasət, iqtisadi gücümüzün və müstəqilliyimizin təmin edilməsi, istər diplomatik müstəvidə ölkə Prezidentinin apardığı çoxşaxəli fəaliyyət və əldə edilən uğurlar bugünkü qələbələrimizi təmin etmiş olub”.

Kəlbəcər ölkəmizdə ən böyük ərazisi olan rayon olmaqla yanaşı, strateji və çətin relyefə malikdir: “Kəlbəcər eyni zamanda təbii sərvətlərlə zəngin bir bölgədir. Rayon ərazisi qızıl, mis, qurğuşun yataqları və digər təbii sərvətlərlə zəngindir. Eyni zamanda Kəlbəcərə çox gözəl və əsrarəngiz təbiətə malik rayonlarımızdan biridir. Eyni zamanda Kəlbəcər zəngin tarixə malik ərazilərimizdən biri kimi ən qədim insan məskənlərindən hesab olunur. Bu mənada "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” adlanır. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcər həmçinin Azərbaycanın ən yüksək dağ rayonlarından biridir. İnzibati rayon kimi 1930-cu ildə yaradılan Kəlbəcər 1993-cü il 2 aprel tarixində Ermənistan tərəfindən işğal edilib. Ermənistanın işğalı nəticəsində rayonun bütün tarixi, dini, mədəni abidələri, yaşayış məntəqələri, infrastrukturu dağıdılıb, məhv edilib. Erməni barbarlığı nəticəsində Kəlbəcərdə demək olar ki, azərbaycanlıların izi itirilməsi üçün bütün vandallıqlara əl atılıb. Eyni zamanda rəsmi İrəvan hərbi cinayətləri ilə yanaşı BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanılıb.

Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlaması burada apardığı talançılıq siyasəti ilə bağlı beynəlxalq birlik, aparıcı təşkilatlar heç bir təsirli addım atmayıb: “Bu sözsüz ki, ikili standartlar siyasətinin təzahürüdür. Fakt odur ki, BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Otuz  ilə yaxın beynəlxalq təşkilatların çıxarmış olduğu qərar və qətnamələr kağız üzərində qaldı. Bununla bağlı Ermənistana heç bir təzyiq edilmədi. Nəticədə, 2020-ci ilin 27-i sentyabrında başlayan 44 gün davam edən tarixi Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Ermənistan 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza ataraq rəsmən döyüş meydanında məğlub olduğunu qəbul etdi. Bununla da işğalçı dövlət Ağdam, Laçın və Kəlbəcər rayonlarını döyüşsüz təhfilı verilməsi ilə bağlı öz üzərinə öhdəlik götürdü. Bu sözsüz ki, effektiv hərbi strategiyanın nəticəsi idi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilməsi tarixi hadisə idi. Həmçinin Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini  dünya birliyinə nümayiş etdirdi. Çünki işğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilməsi  Müzəffər Ali Baş Komandan tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş qəhrəmanlarımıza göstərilən ali diqqətin təzahürüdür. Eyni zamanda tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub. Erməni işğalından azad edilən digər rayonlarımız kimi Kəlbəcər də bu gün yenidən qurulur. Yeni yaşayış məntəqələri salınır. Prezident İlham Əliyevin işğaldan azad edildikdən sonra Kəlbəcərə səfəri mühüm əhəmiyyət kəsb edib. Artıq Kəlbəcərin Yanşaq, Zallar, Zar kəndində yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Rayonun enerji potensialını nəzərə alınmaqla “Çıraq-1”, “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları qurulub. Kəlbəcərə dağlıq coğrafi mövqeyini nəzərə alınaraq hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir”.