YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcər öz tarixinin ən parlaq, qürurverici günlərinə şahidlik edir

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Kəlbəcərin azad edilməsi Azərbaycanın həm də siyasi-diplomatik müstəvidə tarixi qələbəsidir

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən üç il ötür. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, 1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğala məruz qalan Kəlbəcər 2020-ci il noyabrın 25-də 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə öz azadlığına qovuşdu.
Qeyd edək ki, noyabrın 25-də Kəlbəcəri tərk edən zaman azərbaycanlılara daha böyük ziyan vurmaq üçün ermənilər əraziləri, mülki obyektləri yenidən minaladılar, evləri, meşələri yandırdılar. Bütün dünya ermənilərin əsl vandal simasını gördü. Rayonun işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında ələ keçiriləndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Bu məsələdə isə əsas günahkar o dövr hakimiyətdə olan Azərbaycan rəhbərliyinin bacarıqsızlığı, naşılığı, qətiyyətsizliyi idi. Prezident İlham Əliyev bu barədə çıxışlarının birində deyib: “Şuşa və Laçının işğal altına düşməsi sırf AXC-Müsavat cütlüyünün xəyanətidir, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, hakimiyyətdə idi…”.
Qeyd edək ki, Kəlbəcərin işğaldan azad olunması ilə xalqımız iki böyük qürurlu səhifə açdı müasir tariximizdə: Kəlbəcər 27 illik işğaldan azad olundu. Azərbaycan xalqı bu yurdu 27 il əsarətdə saxlayan, sərvətlərini talayan, obyektləri, evləri uçurub-dağıdan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verdi. Tək bu fakt 44 günlük Vətən müharibəsində Azərbaycan haqqında bəzi xoşagəlməz fikirlər yürüdən dövlətlərə çox dəyərli və tutarlı cavabdır.
“...Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq”,-deyən, Prezident İlham Əliyev ötən 3 il ərzində bütün azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcərin inkişafı, yenidən qurulması ilə bağlı tapşırıqları, görülən işlər göz önündədir. 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olarkən dövlətimizin başçısı Kəlbəcərdə Azərbaycan bayrağını qaldırıb. Bununla da Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilib. Hazırda infrastruktur layihələri icra edilir, Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Belə ki, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, hərbi hissələrin açılışı, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi, Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun, “İstisu” sanatoriyasının təməli qoyulub. Təsadüfi deyil ki, Kəlbəcər strateji baxımdan olduqca əhəmiyyətli bölgə olduğundan burada da komando hərbi birləşmələri yaradıldı. Bu, həm də Ermənistana bir xəbərdarlıqdır. Kəlbəcərdə yeni hərbi hissənin yaradılması Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirir.
Eyni zamanda, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhər Gününün işğaldan azad olunmuş bütün ərazilərdə keçirilməsi Qarabağ Azərbaycandır reallığının təntənəsidir. Noyabrın 25-i "Kəlbəcər Şəhəri Günü" ilə əlaqədar ilk dəfə keçiriləcək tədbir də qürur doğurur və Kəlbəcər öz tarixinin ən parlaq, qürurverici günlərinə şahidlik edir. Və bu gün işğaldan azad olunan torpaqlarımız, o cümlədən Kəlbəcər Prezidentimizin rəhbərliyi ilə yenidən bərpa edilərək Azərbaycanın ən gözəl rayonlarından birinə çevriləcək və həm də ümumilikdə ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verəcəkdir.