YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev və müasir Azərbaycan gəncliyi

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının, Xətai Rayon İcra Hakimiyyətinin və “ASAN xidmət” mərkəzlərinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçən Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın Dövlət Himni və Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin bu çağırışı xüsusi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırılıb: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, bu gün ən yüksək zirvələri fəth edən müasir müstəqil, qalib Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.  Bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bugünü və gələcəyi naminə dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf strategiyası dayanır. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Ulu Öndər öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət idi. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Onun zəkasının işığında qədəm qoyub.  Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir.

Rafiq Quluyev bu mühüm məqamı da xüsusi qeyd edib ki Ulu Öndər daim gənclərə aparıcı qüvvə kimi dəyər vermişdir. Onlara diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bu gün bütün sahələrdə ölkəmizin davamlı inkişafına töhfələrini verməyə səy göstərirlər. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 2 fevral - Gənclər Gününün təsis edilməsi də onlara diqqətin bariz nümunəsidir. Gənclərin sosial, iqtisadi, elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən, istedadlarının aşkara çıxarılmasına imkan yaradan sərəncamlar əsasında Dövlət proqramları qəbul edildi. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərini keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. Azərbaycan dilinin inkişafına, dövlət dili statusu qazanmasına, hərbi kadrların yetişdirilməsinə göstərilən diqqət və qayğı da bugünümüzə hesablanmış addımlar sırasında idi. Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Liderin gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz yaradılan möhkəm təməlin təqdimatıdır. Son 20 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana daha möhtəşəm uğurlar qazandırdı.   Ulu Öndərin gəncliyə diqqət və qayğısını daha  şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini real fəaliyyəti ilə təsliqləyir. Azərbaycan gəncləri onlara göstərilən diqqət və qayğını yüksək vətənpərvərlik duyğuları, torpaq, Vətən sevgilərindən irəli gələn addımları ilə təsdiqləyirlər. 44 gündə 30 ilin işğalına son qoyan Azərbaycan əsgəri qəhrəmanlıq salnaməsini yazdı.

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir də dahi şəxsiyyətin fəaliyyətinin bu mühüm istiqamətinin təhlilinə həsr olunub.

Vüqar Rəhimzadə tədbirin ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümünə təsadüf etdiyini önə çəkərək  partiyanın yaranmasını zəruri edən səbəblərdən danışıb. Qeyd edib ki, YAP zamanın tələbi və xalqın istəyi ilə yaradılıb. Azərbaycanın bugününü və gələcəyini düşünən ziyalılarımız Ümummilli Lider Heydər Əliyevə müraciət etdilər. Partiyanın “qızıl fondu” kimi dəyərləndirilən “91-lər” Ulu Öndərə xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini edərək Azərbaycanı düşdüyü ağır vəziyyətdən yalnız dahi şəxsiyyət Heydər Əliyevin xilas edə biləcəyini xüsusi vurğuladılar. Ümummilli Liderin zəngin idarəçilik təcrübəsi ölkəmizi müstəqilliyimizin bərpasının ilk illərinin ağır durumundan xilas etmək gücündə idi. Ümummilli Lider ziyalılara “Yeni müstəqil Azərbaycan uğrunda” cavabı ilə bugünkü inkişafın təməlini qoydu. Ölkəmizin həyatında yeni bir mərhələ başlandı. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda keçirilən partiyanın VII qurultayında bir daha diqqəti “91-lər”in fəaliyyətinə yönəldərək bildirdi ki, onları Azərbaycan xalqı unutmamalıdır: “Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular”.

YAP Xətai rayon təşkilatının sədri “91-lər”in üzvü kimi Azərbaycanın partiyanın yarandığı dövrdə hansı durumla üz-üzə qalmasından bəhs edərək diqqəti Prezident İlham Əliyevin bu çağırışına yönəldib: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın”.

O da bildirilib ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı, rolu vardır. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir.  Tarixi Zəfərimiz 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır.  Dövlət başçısı İlham Əliyev bu yolu uğurla davam etdirir. Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunədir. Azərbaycan dünyada yenilikçi, innovasiyalar ölkəsi kimi tanınır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” layihələri də bunun bariz nümunəsidir. Daim qayğı ilə əhatə olunan gənclərə diqqətin bir nümunəsi də Prezident İlham Əliyevin Sərəncamına əsasən 2007-ci ilin ölkəmizdə “Gənclər İli”, 2020-ci ilin “Könüllülər ili” elan olunmasıdır. Azərbaycan gəncliyini gələcəyimiz üçün etibarlı təməl adlandıran Prezident İlham Əliyev əminliklə söyləyir ki, könüllülər artıq cəmiyyətdə öz layiqli yerlərini tutublar. “Könüllülər hərəkatı”nın ilk ünvanı “ASAN xidmət”dir.

2 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Labidə Batıyeva Azərbaycan gənclərinin vətənpərvərliyindən, yenilikçi, müasir dünyagörüşə malik olmalarından geniş bəhs edib. Bildirib ki, gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev bu çağırışı da etmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycan gəncliyi sağlam düşüncəli, vətənpərvər gənclikdir.

Labidə Batıyeva tarixi Zəfərimizin yaratdığı qürur hissindən bəhs edərək bu sevinci bizə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edib. Vurğulayıb ki, qanları, canları ilə tarix yazan gənclərimizin həyat yolu vətənpərvərlik məktəbidir. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

Vətən Müharibəsi Qəhrəmanları - ehtiyatda olan polkovnik-leytenant Anar Mirzəyev, polkovnik, Ali Hərbi Məktəbin rəis müavini Nizami Mövlanov və mayor Zaur Hüseynov çıxış edərək xalqımıza bəxş olunan bu sevinc hissində paylarının olmasından qürur duyduqlarını bildiriblər. Bu reallığı dönə-dönə qeyd ediblər ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Tarix ədalətin bərpa olunması, 30 ilin işağalına son qoyulması xalqımızın yenilməzliyinin, məğrurluğunun təqdimatı oldu.

Qazilər adından çıxış edən Xəyyam Fərzəliyev Azərbaycan gənclərinə dövlətin diqqət və qayğısından geniş bəhs edib. Azərbaycanı qalibiyyətə gətirib çıxaran Heydər Əliyev yolunun bundan sonra da ölkəmizə möhtəşəm uğurlar qazandıracağını bildirib. Ümummilli Liderin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın nüfuzundan bəhs edərək belə bir partiyada təmsil olunmaq istəyini ifadə edib.

Tədbirdə YAP sırlarına yeni daxil olanlara partiyanın üzvlük vəsiqəsi, YAP Xətai rayon təşkilatının həyatında fəal iştirak edənlərə fəxri fərman təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib və ASAN könüllülərinin “Mədəniyyət çarçısı” proqramının üzvlərinin çıxışı olub.