YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağsu rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Noyabr ayının 16-da Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının təsis olunmasının 30 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Qəhramanlıq kompleksi ziyarət edilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının şərəfli tarixini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev bildirib ki, Yeni Azərbaycan Partiyası xalqımızın çətin sınaqlar və mürəkkəb problemlərlə üz-üzə qaldığı bir dövrdə yaranıb və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvəyə çevrilib. Füzuli Abdullayev rayon təşkilatının 30 illik fəaliyyəti haqqında məlumat verib. Vurğulayıb ki, təşkilatın hər bir üzvü Ulu Öndər Heydər Əliyev siyasətinin və ideyalarının təbliğatçısıdır.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında partiyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğuruna töhfəsindən geniş bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkədə ən güclü, monolit siyasi təşkilatdır. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxış edərək qeyd edib ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı var. Dövlətə, xalqa xidmət etmək partiyanın fəaliyyətinin ana xəttini təşkil edir. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs və qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərli Azərbaycan xalqının taleyində müstəsna yerə malik olan Yeni Azərbaycan Partiyasının dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmasını, bu gün partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etməsini və müstəqil Azərbaycanın həyatında önəmli yerə və rola malik olmasını diqqətə çatdırıb.

Ağsu rayon Veteranlar Şurasının sədri Camaləddin Zeynalov, Əməkdar müəllim, Partiya üzvü Rəhilə Musayeva, Vətən Müharibəsi şəhidi İbişov Vüsalın atası, partiya üzvü Əli İbişov çıxış edərək bildiriblər ki, butün uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı böyük faciələrdən xilas etdi. Qurtuluş Azərbaycana bugünkü reallıqları qazandırdı. O reallıqları ki,  Azərbaycanın adı bu gün qalib ölkə kimi qeyd edilir, yaratdığı yeni reallıqlar fonunda regionda və dünya siyasətində yeniliklər baş verir. Azərbaycan tarixi Zəfəri ilə malik olduğu imkanları dünyaya nümayiş etdirdi.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.